ÜST-nin psixososial dəstək layihəsi

post-img

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ölkə ofisi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin nəticələri təqdim olunub. Bu barədə məlumat verən təşkilatın Azərbaycan ofisindən bildiriblər ki, təqdimatın əsas məqsədi layihə çərçivəsində görülən işləri və əldə olunan nailiyyətləri, ÜST-nin multidisiplinar psixososial dəstək təcrübəsini yerli tərəfdaşlarla bölüşməkdir.

Tədbirdə Psixi Sağlamlıq Mərkəzi­nin direktoru Fuad İsmayılov Azərbay­canda psixi sağlamlıq sisteminin möv­cud vəziyyəti, ÜST-nin psixi sağlamlıq və psixososial dəstək üzrə əlaqələndi­ricisi Elturan İsmayılov layihənin aralıq nəticələri, Azərbaycan Tibb Universi­tetinin professoru Ağahəsən Rəsulov multidisiplinar psixososial dəstək möv­zularında məruzələr ediblər. 

ÜST-nin Azərbaycandakı nü­mayəndəsi Hande Harmancı bildirib ki, “Psixi sağlamlıq xidmətlərinin mü­naqişədən sonrakı dövrdə koordinasi­yası və transformasiyası” layihəsinin təməl hədəfləri əhali arasında mental vəziyyəti yaxşılaşdırmaq və ilkin sə­hiyyə xidməti müəssisələrində psixoloji dəstəyə əlçatanlığı artırmaqdır. Onun sözlərinə görə, Qarabağ müharibəsin­dən sonra bu məsələnin önəmi daha da artıb. Layihə çərçivəsində ilk ola­raq Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Füzuli rayonları seçilib. Bu rayonlarda ilkin səhiyyə qurumlarında tibb işçilə­rinin psixoloji-sosial istiqamətdə təməl bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilib.

H.Harmancı qeyd edib ki, layihə çərçivəsində 20 psixiatr və ilkin sə­hiyyə həkimindən ibarət milli təlimçi komandası yaradılıb. Milli təlimçilər üçün beynəlxalq ekspert tərəfindən superviziyalar təşkil olunub. Rayon­larda 100-dən çox ilkin səhiyyə həki­minin psixi sağlamlıqla bağlı bilik və bacarıqları artırılıb. Təlimlərdə iştirak etmiş ilkin səhiyyə həkimlərinə milli təlimçilər tərəfindən 10 superviziya ke­çirilib. Həmçinin Ağdam rayonlararası ruhi-əsəb dispanserindǝ psixoloq və sosial işçi üçün ofis quraşdırılıb. TƏ­BİB-in həssas əhali qrupları ilə iş üzrə 50-yǝ yaxın koordinatoru üçün “Psixo­sosial dəstəyin təməl prinsipləri” möv­zusunda təlim təşkil olunub.

Təqdimat toplantısında, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin səd­ri, akademik Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Anar Bayramov çıxış edib layihə barədə fikirlərini bölüşüblər. 

Tədbir zamanı koordinasiya mexa­nizmlərini təkmilləşdirmək və həyata keçirmək üçün koordinasiya qrupu­nun ilk görüşü təşkil olunub. Həmçinin ÜST və dövlət qurumlarının nümayən­dələri səmərəliliyi artırmaq üçün Psixi sağlamlıq və psixososial dəstəyin (PSPSD) yönləndirmə sistemlərinin təhlilindən əlavə növbəti addımları da müəyyən edib.

ÜST-nin mütəxəssisləri rayon mərkəzi xəstəxanalarında əhaliyə bir­başa psixososial dəstək göstərirlər. Bununla yanaşı, əhalinin maarifləndi­rilməsi, psixoloji sağlamlıqla bağlı stiq­manın aradan götürülməsi və xidmətlər haqqında məlumatlandırma ilə bağlı Bərdə və Ağcabədidə kampaniyalar həyata keçirilib.

Pilot layihənin bu ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat