“Çınqıllı” suyunun istehsalı bərpa olunub

post-img

Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır. Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək.

Obyektin yenidən işə salınması mərasimində iştirak edən Naxçıvan Muxtar Res­publikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və heç bir filtrizasiya prosesindən keçmədən təbii şəkildə qablaşdırılır.

Qabaqcıl ölkələrin istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisənin istehsal gücü gündəlik 42 tondur. Burada 4 istehsal xəttində 8 çeşiddə, 2 növdə - şüşə və plas­tik qablarda təbii bulaq suyu istehsal olunur. Yüksək keyfiyyətlə qablaşdırılan məhsullar muxtar respublikanın satış və xidmət obyektlərinə, eləcə də ölkə bazarlarına çıxarılır. Müəssisədə Keçili kəndindən 10 sakin işlə təmin olunub. İlin sonuna işçi sayı 30 nəfərə çatdırılacaq.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev kənd yaşayış məntəqələrində bu cür istehsal müəssisələrinin fəaliyyətə başlamasını Naxçıvanda so­sial-iqtisadi inkişafa mühüm töhfə kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova vurğulayıb ki, yaxın günlərdə Bakı şəhərində kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgidə ilk dəfə “Orqanik Naxçıvan” brendi də nümayiş etdiriləcək. Naxçı­vanın “Çınqıllı” suyu da həmin sərgidə öz yerini alacaq.

“Himal Holdinq”in prezidenti Hacı Ələsgərov qarşıdakı aylarda holdinqin Şərurda böyük tekstil fabriki açacağını bildirib və tikinti sektoruna da investisiya qoyduğunu vurğulayıb. Bu layihələr çərçivəsində Naxçıvanda yüzlərlə yeni iş yerləri yaradılacaq.

I Kitab Sərgisi 

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyat­ları Assosiasiyası” İctimai Birliyi, ”Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə muxtar respublikada I Naxçıvan Kitab Sərgisi keçirilir.

Sərgidə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, ANAİB-nin idarə heyəti­nin sədri sədri Şəmil Sadiq, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Jurnalistlər Birliyi­nin sədri Elçin Şıxlı, yazıcı Varis Yolçuyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına diqqət və qayğısıdan danışıb, kitab və mütaliənin önəmindən bəhs ediblər. 

İki gün davam edən sərgidə ölkənin 25 nəşriyyatın braxdığı minlərlə kitabın endi­rimli qiymətlərlə oxuculara satışı təşkil olunub.

 

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”



Sosial həyat