Mehmandarovların malikanəsində simfonik konsert

post-img

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

Mədəniyyət Nazirliyindən aldığımız məlumatda bildirilir ki, konsert proqramı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra iki gün əvvəl açılışı olan Mehman­darovların malikanə kompleksində təşkil olunub. Ən diqqət­çəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəs­linin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, beynəlxalq müsabiqələr laureatı Mustafa Mehman­darov dirijorluq edib.

Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirdi­yini deyən dirijor təəssüratını belə ifadə edib:

–Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoş­bəxtəm. Hazırkı konsert proqramı da “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olundu. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkest­rinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı. 

Bu malikanənin yüksək səviyyədə təmir-bərpasına görə Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Malikanədə bü­tün işlər zövqlə, bütün incəliklə işlənilib. Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar – mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni za­manda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq.

Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmiro­vun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqs”i, Tofiq Quliyevin “Laylay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından fraqmentlər və xalq mah­nısı “Sarı gəlin” səsləndirilib.

“Xalq qəzeti”

Sosial həyat