Xüsusi bacarığa malik uşaqların əl işləri nümayiş etdirilib

post-img

Bakıda üçüncü autizm festivalı keçirilib

 

 

Paytaxtın “Fəvvarələr meydanı”nda xüsusi bacarığa malik olan uşaq və yeniyetmələr əsl bayram əhval-ruhiyyəsinə köklənmişdilər. Onların əl işlərindən təşkil olunmuş muncuclarla işlənmiş suvenirlər, gülqabılar, çiçəklər, çanta, təsbeh, qolbağlar, təbiət mənzərəli, eləcə də müxtəlif mövzulu rəsmlərdən ibarət sərgilər rəngarəngliyi və gözəlliyi ilə göz oxşayırdı. Qeyri-adi bacarıqları ilə fərqlənən yeniyetmə, gənclər, həmçinin böyükləri bir araya gətirən 3-cü autizm festivalında paytaxtın autizm və reabilitasiya mərkəzləri fəaliyyətlərini əks etdirən guşələrlə iştirak edirdilər.    

Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli artıq üçüncü dəfə keçirilən festivalın təşkilində əsas məqsədin autizm sindromlu insanları maarifləndirmək, bu sahəyə diqqəti daha da artırmaq olduğunu bildirdi: “Budəfəki festivalda 30-a yaxın qurumdan nümayəndələrin əl işləri sərgilənir. Festivala böyük maraq var və bu, ildən-ilə artır”.   

Azərbaycana Birgə Yardım Cəmiyyəti (UAFA) Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova festivalda çox maraqlı əl işlərinin nümayiş etdirildiyini bildirdi: “Tədbirdə UAFA-dan 7 uşaq iştirak edir. Daha inkişaf etmiş uşaqları valideynlər görəndə onlar üçün motivasiya olur”. 

Zəhra Xələfova oğlu Şamxalın festivala ən son işi olan “Mənim dünyam” adlı alma rəsmi, “Təbiət mənzərəsi”, “Balaca toplan” əl işləri ilə qatıldığını deyir. 
Özünü sərbəst idarə etməsi üçün bilik və bacarıqlarını zənginləşdiririk. Uşaqlara hazır balıq vermirik. Onu tutmağı öyrədirik. Əl işləri, peşə bacarığı, rəsmlər çəkməyi. Suvenirlər, qolbağlar, çantalar, Bakı Autizm Mərkəzi Mesxeti türkü Safura Umarova nəvəsi Aslımaralın hər il festivala qatıldığını deyir: “UAFA-da nəvəm 9 yaşdan məşğul olmağa başlayıb, hazırda 16 yaşı var. Ona qədər əlində qələm belə tuta bilməyən uşağın indi belə gözəl rəsmlər çəkməsi məni çox sevindirir. Aslımaral artıq kollecdə modelyer-dizayner ixtisasına yiyələnib”. 

Festival iştirakçısı Rahim Rzayev əvvəllər özü də Bacarıqlı Əllər İctimai Birliyində məşğul olduğunu, bilik və bacarığını artırdığını bildirir. Hazırda müəllim kimi bu sənətin sirlərini uşaqlara öyrədir. 

Festivalda nümayiş etdirilən hər bir əl işi çox böyük zəhmətlə ərsəyə gəlib. Bütün maneələri keçərək çox çətinliklə də olsa istədiklərinə çatan, bacarıqlarını təkmilləşdirməyə nail olan bu gözəl əl işlərinin, rəsmlərin müəlliflərinin hər biri qəhrəmandır. Bilik və bacarıqlara yiyələnmək yolunda usanmadan çalışmaq onları cəmiyyət üçün əsl nümunəyə çevirir. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”







Sosial həyat