Azərbaycanı dünyaya tanıdan milli ideologiyanın banisi

post-img

Dünya şöhrətli filosof və alim Yusif əl-Kərdavi yazırdı ki, “Müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehinləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir”. Milli ideologiyanın kamilliyi, hər bir fərd üçün cəlbediciliyi dünya iqtisadiyyatının transmilliləşdiyi və sivilizasiyaların dialoqunun yenidən vüsət aldığı hazırkı dövrdə bütöv bir toplumun, etnosun milli indentikliyinin mühafizəsi baxımından son dərəcə vacib amildir. Müasir dövrdə dayanıqlı ideoloji sütunlara söykənməsi hər bir millətə üzləşdiyi çətinliklərin və problemlərin öhdəsindən inamla gəlmək, milli məsələlərdə birlik nümayiş etdirmək, qloballaşmanın neqativ təsirlərini dəf etmək imkanı yaradır. 

Tarixi təcrübə sübut edir ki, milli ideo­logiyanın cəmiyyətdə özünə möhkəm da­yaqlar tapması, ictimai təfəkkürdə möh­kəmlənməsi görkəmli tarixi şəxsiyyətlərin siyasi və dövlətçilik fəaliyyəti ilə bilava­sitə bağlıdır. Əminliklə deyə bilərik ki, bu il anadan olmasının 100 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda ehtiram­la qeyd edilən ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində təkcə xilaskar və qurucu lider kimi deyil, eyni zamanda, əsrlər boyu ayrı-ayrı komponentləri for­malaşmış azərbaycançılıq ideologiyasını vahid sistem halına salan, cəmiyyətdə üstün mövqeyə malik olmasını, ictimai şüurda möhkəmlənməsini təmin edən dahi strateq kimi yaşayır. 

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edil­məsi haqqında” sərəncamında ümum­milli liderin milli ideologiyanın formalaş­masındakı tarixi xidmətləri xüsusi qeyd edilir: “Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyası­nın formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qə­dim diyar və sivilizasiyaların qovşağın­da yerləşən tolerantlıq məkanı kimi ge­niş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.

Ulu öndər Heydər Əliyevin hələ Azər­baycana birinci rəhbərliyi dövründə sovet rejiminin ideoloji buxovlarından qoruyub inkişaf etdirdiyi, ikinci rəhbərliyi illərində isə xalqın mənəvi istinadgahına çevirdiyi azərbaycançılıq ideologiyası əsrlər boyu mürəkkəb tarixi təkamül proseslərindən keçərək, öz qayəsində xalqın dünyagö­rüşünü, mentalitetini, adət-ənənələrini, psixologiyasını, milli kimliyini, dilini, dini­ni, folklorunu və s. təcəssüm etdirib, icti­mai təfəkkürdə özünə möhkəm dayaqlar tapıb.

Xalqımızın milli ideologiyasının for­malaşmasında mühüm dövr XX əsrin əv­vəllərinə – mədəni intibahın və maarifçilik hərəkatının geniş vüsət aldığı bir dövrə təsadüf edir. “Türkləşmək, müasirləşmək və islamlaşmaq” formulu bu dövrdə yaşa­yıb-yaratmış görkəmli maarifçilərin milli şüurun oyanışına, cəmiyyətin ideoloji sütunlarının möhkəmlənməsinə xidmət edən əsərlərinin əsas leytmotivini təşkil edib. 

Müsəlman Şərqinin ilk demokratik respublikasının – Azərbaycan Xalq Cüm­huriyyətinin (AXC) yaranması isə milli ideologiyanın formalaşması prosesini daha yüksək mərhələyə çatdırıb. Cüm­huriyyət dövründə dövlət rəmzləri, milli pul vahidi, milli ordu, ana dili, gənclərin xaricdə təhsili və s. vacib məqamlar­la bağlı qəbul olunmuş qərarlar xalqda özünüdərk hissini daha da gücləndirib. Milli dövlətin bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci ilin aprelində süquta uğramasından sonra Azərbaycanda milli düşüncəli ziyalılar, eləcə də xalqımızın tarixən formalaşmış adət-ənənələri onil­liklər ərzində keçmiş sovet imperiyasının sərt təzyiqlərinə məruz qalıb, repressiv tədbirlərlə milliləşmə prosesinin, azər­baycançılığı şərtləndirən dəyərlərin qar­şısına ideoloji sipər çəkilib. 

Yalnız milli düşüncəli, xalqına qəl­bən bağlı, vətənpərvər bir şəxsiyyətin – Heydər Əliyev dühasının 1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilməsi ilə bu neqativ proseslərin qarşısı alınıb, xalqın zəngin tarixinin təbliği, milli-mənə­vi irsinin, adət-ənənələrinin, mədəniyyə­tinin, dilinin, bir sözlə, milli özünəməx­susluğunu şərtləndirən dəyərlərin qorunması istiqamətində ardıcıl addımlar atılıb. Azərbaycanın görkəmli alimlərinin, yazıçılarının, filosoflarının keçmiş rejimin təqiblərindən qorunması, repressiya qur­banlarına bəraətin verilməsi, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Mehdi Hüseynzadənin Ba­kıda möhtəşəm abidələrinin ucaldılması, Nizami Gəncəvinin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Nəsirəddin Tusi­nin, Aşıq Ələsgərin, Molla Pənah Vaqifin, Səməd Vurğunun və başqalarının yubi­leylərinin İttifaq miqyasında keçirilməsi, Azərbaycan teatrının 100 illiyinin geniş qeyd olunması, habelə digər tədbirlər azərbaycançılıq ideologiyasının ictimai təfəkkürdə möhkəmlənməsində misilsiz rol oynayıb. 

Ötən əsrin 70-80-ci illərində xalqın tarixi, ana dili ilə bağlı yazılmış sanballı əsərlərin dövlət mükafatlarına təqdimat edilməsi, milli kinomuzun qızıl fonduna daxil olmuş “Nəsimi”, “Dədə Qorqud” “Babək” və digər tarixi filmlərin çəkili­şi, Hüseyn Cavidin nəşinin 1981-ci ildə uzaq Sibirdən ölkəyə gətirilməsi, Azər­baycan SSR-nin 1978-ci il tarixli Kons­titusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsi, Elmlər Akademiyasının Dilçilik İnstitutunun ya­radılması, azərbaycanlı tələbələrin res­publikadan kənarda ali təhsil almalarına geniş imkanların yaradılması, Novruz bayramının dövlət səviyyəsində qeyd olunması ulu öndərin insanlarımızda milli özünüdərk hissini gücləndirməyə xidmət edən möhtəşəm qərarlarının çox kiçik bir siyahısıdır.

Ümummilli liderin Azərbaycan dilinə qayğısı xüsusi maraq doğurur. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlən­məsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”. – Ulu öndər Heydər Əliyev çox sonralar Azərbaycan dilinin inkişafı üçün gördüyü işləri belə izah edirdi.

Ümumiyyətlə, həmin dövrlə bağlı aparılan araşdırmalar birmənalı şəkil­də deməyə əsas verir ki, böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyi­nin bütün fəlsəfəsi, reallaşdırdığı layihələr mahiyyətcə milli dirçəlişə və xalqın gələ­cək müstəqilliyinə siyasi, iqtisadi və ideo­loji əsasların formalaşdırılmasına xidmət edib. 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan, müdrik qərarları ilə respublikanı üzləşdiyi vətəndaş qar­şıdurması və parçalanma təhlükəsindən xilas edən, qanunsuz silahlı birləşmələri zərərsizləşdirən, ictimai-siyasi sabitliyi, hüquq qaydalarını təmin edən ümummilli lider Heydər Əliyev, eyni zamanda, dün­ya azərbaycanlılarının milli birlik və həm­rəyliyinə xidmət edən kompleks tədbirlər həyata keçirib. 

Ümummilli lider Heydər Əliyev peşə­kar strateq kimi onu da yaxşı bilirdi ki, gənc müstəqil dövlətin qarşısında duran vəzifələrin, milli hədəflərin uğurla reallaş­dırılması üçün Azərbaycan hüdudların­da tarixən dinc yanaşı şəraitdə yaşamış xalqların nümayəndələrini birləşdirə bilə­cək vahid dövlət ideologiyasına ehtiyac var. Bu ideologiya olmadan nə ümumxalq birliyinə nail olmaq, nə cəbhədəki uğur­suzluqların qarşısını almaq, nə də daxili sabitliyi təmin etmək mümkün idi. Ölkədə yaşayan milli azlıqların qəbul edəcəyi, ət­rafında sıx birləşəcəyi ən kamil ideologiya isə məhz azərbaycançılıq məfkurəsi ola bilərdi. Məsələ burasındadır ki, Sovetlər Birliyi dövründə mövcud olmuş beynəl­miləlçilik ideologiyası yeni ictimai-iqtisadi formasiyada özünü doğrultmurdu. Dini dəyərlərin üstünlüyünə əsaslanan islam­çılıq ideologiyası isə dünya sivilizasiyası tərəfindən qəbul edilməməklə yanaşı, Azərbaycan Respublikasının Konstitusi­yası ilə təsbit olunmuş dünyəvi, demok­ratik və hüquqi dövlət modeli ilə ziddiyyət təşkil edirdi. Bu reallıqları müdrik siyasət­çi kimi düzgün dəyərləndirən ulu öndər haqlı olaraq bu nəticəyə gəlmişdi ki, ölkə­nin ərazi hüdudlarında yaşayan etnosları birləşdirə biləcək yeganə məqbul ideo­logiya azərbaycançılıqdır. Tarix bir daha təsdiqlədi ki, məhz bu kamil ideologiya hər bir fərdin dil, din və adət-ənənə kimi üç əsas özül əsasında formalaşan milli kimliyinin qorunmasının real təminatçısı qismində çıxış etmək imkanındadır. 

Böyük strateq Heydər Əliyev respub­likaya ikinci rəhbərliyi dövründə azərbay­canlıların vahid xalq kimi monolitliyinin möhkəmləndirilməsi baxımından ana di­linin roluna da xüsusi önəm verib. Çıxış­larında xüsusi qeyd edib ki, milli dövlət quruculuğunun mühüm şərtlərindən biri də milli ədəbi dil zəminində rəsmi dil üslu­bunun formalaşmasıdır. Dövlət müstəqil­liyinin bərpasından sonra Azərbaycan dilinin dövlət dili kimi qəbuluna əlverişli şərait yaransa da, bu məsələdə ulu ön­dər Heydər Əliyevə qarşı çıxanlar, min bir əziyyətlə yaratdığı dövlətçiliyimizə zərbə vurmaq istəyənlər də az deyildi. Bu maneələri inamla dəf edən, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dilinin ana dili kimi təsbit olunmasına nail olan ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixdə imzaladığı fərmanla hər il 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu tarixi fərman xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər aç­maqla yanaşı, latın qrafikalı Azərbaycan əlifbasının tam şəkildə bərpasını, 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbulunu təmin edib. 

Ulu öndər müstəqil Azərbaycana rəh­bərliyi dövründə dövlətin din siyasətində də çoxmillətliliyi nəzərə alıb, tolerantlıq prinsiplərini hər zaman ön plana çəkib. Bu da təsadüfi deyil – din, vicdan azadlı­ğı ilə bağlı anlayışdır və milli kimliyin qo­runub saxlanmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiyasında hər bir ölkə vətənda­şının vicdan azadlığı birmənalı təsbit edilərək 48-ci maddəsində (Vicdan azad­lığı) qeyd edilir ki, “Hər kəsin dinə müna­sibətini müstəqil müəyyənləşdirmək; hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqat etmək; yaxud heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilmə­si, ictimai qaydanı pozmursa və ya icti­mai əxlaqa zidd deyilsə, sərbəstdir”. 

Konstitusiyamızın 18-ci maddəsinin 1-ci və 3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din döv­lətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağan­dır. Bundan əlavə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibə­tini müəyyənləşdirmək və ifadə etmək hüququna, bu hüququ həyata keçirməyə təminat yaradır. 

Azərbaycan bu gün dünyanın nadir ölkələrindən biridir ki, burada nəinki İslam dininin, habelə digər səmavi dinlərin təb­liği ilə məşğul olan, qanuni əsasda fəa­liyyət göstərən dini qurum və konfessiya­lara dövlət büdcəsindən maddi yardımlar edilir. Bunda məqsəd, şübhəsiz, həmin qurumların merkantil maraqlarını güdən müxtəlif dağıdıcı-destruktiv qüvvələrin təsiri altına düşməsinə, dini dəyərlərdən çirkin məqsədlər naminə istifadə edil­məsinə yol verməməkdir. Respublika­mız insanlığın nicatına, humanizmə, in­sanpərvərliyə çağırış edən bütün sağlam dini qurumların fəaliyyətinə normal şərait yaratsa da, ifrat radikalizmi, ekstremizmi, zorakılığı təşviq edən, qeyri-qanuni mü­barizə üsullarına, terrora çağırışlar edən dini-klerikal qruplaşmalara qarşı qanun çərçivəsində barışmaz mövqe tutur. 

İnsan ləyaqətini alçaldan və ya in­sanpərvərlik prinsiplərinə zidd olan dinlər (dini cərəyanlar) istisna olmaqla, ölkədə digər dinlərin (dini cərəyanların) yayılma­sı və təbliğinə məhdudiyyət qoyulmur. Respublikamız insanlığın nicatına, hu­manizmə, insanpərvərliyə çağırış edən edən bütün sağlam dini qurumların fəa­liyyətinə normal şərait yaradıb və bu da azərbaycançılıq ideologiyasının mahiy­yətindən irəli gəlir.

Ümummilli lider tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbay­cançılıq ideologiyasını Azərbaycanın monoetnik Ermənistanla apardığı infor­masiya mübarizəsində güclü siyasi və təbliğati silah kimi dəyərləndirirdi. Belə ki, ifrat ksenofobiya, davakar millətçilik üzərində köklənən ermənilik ideologi­yasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır. Onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan dünya­ya açıq, mütərəqqi ümumbəşəri dəyər­lərin təcəssümü olan azərbaycançılıq özünütəcrid üzərində köklənən, qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyasının tam əksidir. 

Milli-mədəni irsə yüksək qayğı ilə ya­naşan Heydər Əliyev mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılmasını da vacib şərt hesab edir­di. Bu baxımdan, ulu öndərin 13 avqust 2001-ci il tarixli bəyanatı milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasında mühüm rol oynadı.

Əminliklə deyə bilərik ki, 32 illik müd­dətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edil­məsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Sovet Azərbaycanı­na rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərin­də də inamla davam etdirən ulu öndər Heydər Əliyev Azərbaycanın görkəmli şairlərinin, yazıcılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşıb. 

Cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilən azərbaycançılıq ideologi­yası ümummilli liderə xalqı ətrafında bir­ləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaradıb. Ulu öndərin dövlət siyasəti səviyyəsinə yüksəltdiyi azərbay­cançılıq ideologiyası dövlətin perspektiv inkişafının əsas yollarını və istiqamətlə­rini müəyyənləşdirib, dilimizin, mədəniy­yətimizin, milli-mənəvi dəyərlərimizin qo­runmasında öz sözünü deyib. 

Bu ideogiyanın inkişafı və onun əsa­sında milli diaspor hərəkatının genişlən­məsi baxımından ən mühüm, taleyüklü hadisələrdən biri ulu öndər Heydər Əliye­vin müvafiq sərəncamı əsasında 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azər­baycanlılarının I Qurultayının keçirilməsi olub. Ümumilkdə, son 20 ildə keçirilən beş qurultay bir daha təsdiq edib ki, azər­baycançılıq ideologiyası dünya azərbay­canlılarının vahid ideya ətrafında birləş­məsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşları­mızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşı­sında duran vəzifələri, onların respubli­kamıza münasibətdə üzərlərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayı­şının sosial-fəlsəfi məzmununu müəy­yənləşdirən mükəmməl konsepsiyadır.

Ulu öndər Heydər Əliyevin layiqli da­vamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə yürütdüyü siyasət azərbaycançılıq ide­ologiyasının cəmiyyətdə tam mahiyyəti üzrə qavranılmasına, mənimsənilmə­sinə, xalqın milli məqsədlər ətrafında səfərbər olunmasına təminat yaradıb. Məhz bu siyasət nəticəsində müstəqil respublikamız qloballaşan dünyanın real təhdidlərinə rəğmən, milli indentikliyini, mədəni-mənəvi dəyərlərini, dilini, dinini, adət-ənənələrini qoruyub saxlayır, sivil bəşəri ideallara sadiqlik göstərir. 

Qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan neqativ meyillərin qarşısında sipər rolunu oynayan azər­baycançılıq ideologiyası gənc nəslin vətənpərvər, milli-mənəvi dəyərlərə sa­diqlik ruhunda yetişməsinə də yardımçı olur. Prezident İlham Əliyev qabaqcıl dünya mədəniyyətinin öyrənilərək əxz edilməsi vacibliyini qeyd etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli-mənəvi dəyərlərin qorunmasını hər zaman vacib məsələ kimi diqqətə çat­dırır. Cənab İlham Əliyevin bu sahədəki xidmətləri təkcə milli özünəməxsuslu­ğunu şərtləndirən dəyərlərə yox, həm də xalqın mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək diqqəti kimi dəyərləndirilməlidir. Milli ideologiya­mızın vacib komponentlərini təşkil edən dəyərlərin cəmiyyətdə geniş intişar tap­ması, möhkəmlənməsi istiqamətində atı­lan addımlar tarixi irsin gələcək nəsillərə çatdırılması, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tər­kib hissəsidir.

Dahi ingilis yazıçısı Uilyam Şekspir yazırdı: “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənc­lərinin alacaqları tərbiyədən asılı olur. Gənclik müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür”. Bu gün Prezident İlham Əliyevin yeni çalarla zənginləşdirdiyi azərbaycançılıq ideologiyası ətrafında birləşən müasir Azərbaycan gəncliyinin üstün keyfiyyət­lərindən biri də onların liberal baxışlara, yüksək tolerantlıq mədəniyyətinə malik olmaları, multikulturalizm ideyasına mil­li birliyi təmin edən mühüm vasitə kimi yanaşmalarıdır. Hər bir gənc dərk edir ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan burada yaşayan bütün vətəndaşların vahid və bölünməz Vətənidir. Müasir gənclik İslam həmrəyli­yini yalnız İslamın müxtəlif təriqətləri ara­sında deyil, həm də bütün səmavi dinlər arasında birləşdirici vasitə kimi dəyərlən­dirir. Azərbaycan gəncləri tərəfindən milli münasibətlər zəminində heç bir cinayət hadisəsinin qeydə alınmaması da ölkə­mizin ciddi uğurlarından biridir. 

Müasir gənclik dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli-mənə­vi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Sevindirici haldır ki, İkinci Qarabağ müharibəsinin tarixi Zəfərlə yekunlaşma­sında xalq-hakimiyyət birliyi, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiy­yəti, müdrik diplomatiyası və mükəmməl ordu quruculuğu strategiyası ilə yanaşı, gənclər siyasəti də həlledici rol oynayıb. Başqa sözlə, ölkə gənclərinin kamil milli ideologiya əsasında yetişdirilməsi Vətən müharibəsindəki layiqli Qələbəmizi təmin edib. 

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə bununla bağlı deyib: “Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik. Elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qal­dırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlə­rin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cə­miyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil, əlbəttə ki, bütün sahələrdə özünü göstərir”.

Ümumiyyətlə, 44 günlük Vətən mü­haribəsi azərbaycançılıq ideologiyasının aprobasiyası olub: etnik mənsubiyyə­tindən, irqindən, dinindən, dilindən, cin­sindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər bir fərdin ərazi bütövlü­yümüzün bərpasında fəal iştirak etməsi, müzəffər Ali Baş Komandan İlham Əliye­vin ətrafında yumruq kimi birləşməsi bu ideologiyanın qüdrətini bütün dünyaya göstərib. 

Xüsusi vurğulamaq istərdik ki, Azər­baycan Respublikasının Birinci vitse-pre­zidenti Mehriban xanım Əliyevanın həm ali dövlət vəzifəsində, həm də ulu öndər Heydər Əliyevin adını daşıyan əlahiddə statuslu ictimai təşkilatın rəhbəri olaraq həyata keçirdiyi çoxşaxəli layihələr azər­baycançılıq ideologiyasının ictimai təfək­kürdə daha da möhkəmlənməsini təmin edib. Heydər Əliyev Fondunun preziden­tinin təşəbbüsü ilə mədəniyyət, musiqi, səhiyyə, elm, təhsil, ekologiya, idman və digər sahələrdə reallaşdırılan layihələr cəmiyyətin mənəvi yüksəlişinə, sosial ri­faha, insanlarda humanizm və insanpər­vərlik hisslərinin güclənməsinə, ən başlı­cası isə, azərbaycançılığın tam mahiyyəti üzrə dünyaya təqdimatına xidmət edir. 

Cəmiyyəti milli ideologiya ətrafın­da toparlayan Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrü üçün müəyyən etdiyi milli hədəfləri – azad edilmiş ərazilərdə bərpa və quruculuq layihələrini, “Böyük Qayıdış” proqramını, Qarabağ ermənilərinin reinteqrasiyası prosesini uğurla reallaşdırır. Dövlət baş­çısının siyasi iradəsi ilə bir müddət əvvəl Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılması müstəqil Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı ikinci ən böyük uğurudur. 

Bu möhtəşəm hadisə bir daha göstə­rir ki, heç bir xarici təzyiq və təhdiddən çəkinməyən, qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyev milli maraqlarımı­zın, ərazi bötövlüyümüzün, suverenliyi­mizin ən böyük qarantıdır. Son proseslər fonunda xalqımız bir daha əmin olub ki, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına tapınan dövlət başçısı Azər­baycanı yaxın illərdə nəinki regionun, ümumən Avropanın ən qüdrətli dövlətlə­rindən birinə çevirəcək.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor

Sosial həyat