Sənaye parkı Qarabağın dirçəlişinə mühüm töhfə verəcək

post-img

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri Qarabağın iqtisadi dirçəlişi ilə davam edir. Regionun iqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı filiz yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm potensialı buna imkan verir. 

Düşməndən təmizlənən yaşayış sahələrinə investor marağı da getdikcə artır. Bu isə müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılmasını, innovativ texnologiyaların tətbiqini, böl­gənin potensialının səmərəli reallaşdırıl­masını təmin edir. 

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət sənaye sektorunun, xüsusilə də qeyri-neft sahəsinin sürətli inkişafına tə­kan verir. Bu baxımdan sənaye zonala­rının yaradılması xüsusi önəm kəsb edir. Ağdam Sənaye Parkının qurulması da məhz bu məqsədə xidmət edir. 

İndiyədək bu sənaye parkında 14 sa­hibkarlıq subyekti rezident, 5 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyya­ta alınıb. Qeyri-rezident olan sahibkarlıq subyektinin 4-ü tikinti sektoru ilə bağlıdır. Onların bəzisi artıq məhsul istehsalını həyata keçirir. 

“Yüksəl Beton” QSC Sənaye Parkı­nın ərazisində beton istehsalı müəssisəsi inşa edilib, məhsulun topdan və pərakən­də satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikin­ti-quraşdırma işlərində də istifadə olunur. 

Beton istehsalının topdan və pə­rakəndə satışı ilə məşğul olan daha bir qeyri-rezident sahibkarlıq subyekti “PMD Projects“ MMC-dir. Bu şirkət Ağdam şəhərində inşa olunan “Park Forest Otel Ağdam” mehmanxanasının tikintisini də həyata keçirir. 2,16 hektar ərazidə inşa edilən “Park Forest Otel Ağdam” meh­manxanası 110 nömrədən ibarət olacaq. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydan­çası, gəzinti yolları və istirahət zonaları yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Mehmanxana inşası isə füsunkar təbiəti ilə seçilən, saf havası, tarixi abi­dələri ilə tanınan bu diyarın turizm poten­sialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilə­rimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.

Ağdam Sənaye Parkında daha iki qeyri-rezident sahibkarlıq subyekti–“Kon­takt Kaspi” MMC və “Mirinşaat” MMC də tikinti sektoru ilə bağlıdır. Onlardan birin­cisi beton istehsalı müəssisəsi inşa edə­cək, ikincisi isə parkın ərazisində “Tikinti materiallarının bazası” layihəsini həyata keçirəcək. 

Qeyd edim ki, qeyri-rezident sahib­karlıq subyektlərindən biri yanacaq sek­toru ilə bağlıdır və ilk qeydiyyatdan keçib. Bu, “Azpetrol” MMC-dir.

Beləliklə, Ağdamda yeni yaradılan müəssisələr yerli istehsalın artımına təkan verməklə bölgənin resurslarının dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütövlükdə isə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat