Zəfərimizin ilk anonsu

post-img

Aprel döyüşlərindən 7 il ötür

Düz 7 il öncə – 2016-cı il aprelin əvvəlində Qarabağda Ermənistan ordusunun növbəti təxribatının nəticəsi olaraq başlanmış və 4 gün davam etmiş döyüşlərin zəfər tariximizdə xüsusi yeri var. Ordumuzun qüdrətinə inamımızı daha da artıran bu döyüşlərlə dünyaya göstərdik ki, biz torpaqlarımızı öz gücümüzə işğaldan tamamilə azad etməyə qadirik və əgər ermənilər müvafiq beynəlxalq qətnamələrə dinc yolla, qeyd-şərtsiz əməl etməsələr, elə də olacaq. Mübaliğəsiz deyə bilərik ki, Aprel döyüşləri dörd il sonra qazanılan Qələbənin önəmli bir anonsu oldu. 

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev həmin ta­rixi günləri son dərəcə dəqiq xarakterizə edib: “Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımı­zın, ordumuzun gücünü göstərən qələ­bədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azər­baycan bayrağı dalğalanır. Bu döyüş­lər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olur­sa-olsun bərpa edəcəkdir”. 

Cəmi bir neçə güç çəkən Aprel dö­yüşləri zamanı Silahlı Qüvvələrimiz Tərtərin Talış kəndi ətrafındakı yüksək­likləri, Cəbrayılın Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da ermə­nilərin hədəfindən çıxan Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri görməyə imkan yaranıb. Başqa sözlə desək, Co­cuq Mərcanlıya köçlə Qarabağa Böyük Qayıdışın startı verilib. Vətənpərvər oğul­larımız Aprel döyüşlərinin nəticəsində 2 min hektardan çox ərazimizi işğaldan azad edib, strateji əhəmiyyətə malik bir çox yüksəklikləri və yolları nəzarət altına alıblar. Düşmənin xeyli sayda hərbi texni­kası və canlı qüvvəsi məhv edilib. 

Xalqımızı və ordumuzu daha böyük zəfərə səfərbər edən Aprel döyüşləri igid oğullarımızın mübarizə əzmini daha da gücləndirdi. Bir çox hərbçilərimiz Vətən naminə fədakarlıqları və qəhrəmanlıqları ilə dünyaya onu da sübut etdilər ki, Ermə­nistan ordusunun gücü barədə qondarı­lanlar mifdən başqa bir şey deyilmiş. Elə keçilməz xətt kimi qələmə verilən “Ohan­yan səddi"nə də ilk çatlar məhz Aprel döyüşləri zamanı düşdü və 2020-ci ilin sentyabr ayında başlanan Vətən müha­ribəsində qat-qat beton istehkamlardan ibarət olan bu sədd öz mövcudluğunu tamamilə itirmiş oldu... 

Aprel döyüşlərinin parlaq simaların­dan biri də həmin ayın 1-də doğum günü qeyd edilən əfsanəvi komandir Şükür Həmidovdur. Məhz onun rəhbərlik etdiyi “N” saylı Horadiz hərbi hissəsinin uğurlu əməliyyatları sayəsində “Ohanyan səddi” cəmi 18 dəqiqəyə yarılıb və “Lələtəpə” yüksəkliyi azad edilib. Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərən­camına əsasən, Aprel döyüşlərində misil­siz hünəri ilə seçilmiş hərbi hissə koman­diri Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. 

...Yaşadığım Sumqayıt şəhərində onun ata evinin yanındakı yaraşıqlı abi­də-lövhəsinin yanından hər keçəndə ayaq saxlayır, ruhuna dualar oxuyuram. Qürurla xatırlayıram ki, 2016-cı ildə yük­sək fəxri ada və vaxtından əvvəl polkov­nik rütbəsinə layiq görülmüş qəhrəmanı­mız 2020-ci ildə artıq  kimi İkinci Qarabağ müharibəsinin döyüş meydan­larında cövlan edib. Həqiqi qəhrəman adını bir daha doğrultmaq şansını əldən verməyib. 

Oktyabrın 20-də doğma Qubadlı rayonu istiqamətində döyüşlərdə rəşa­dət göstərən 2-ci Ordu Korpusunun ko­mandir müavini Şükür Həmidov həm də tezliklə anadan olduğu Armudlu kəndinə girmək arzusunda idi. Bir gün sonra ordu bölmələrimiz Qubadlının 12-dən çox ya­şayış məntəqəsini aldı. Amma oktyabrın 22-də səhər saatlarında qonşu Manmudlu kəndi istiqamətində – ön xətdə həlak oldu. 

Aprel döyüşlərini xatırladığımız an­larda ölməz Şükür Həmidov dərhal yada düşür. Milli Qəhrəman ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Cəb­rayılın azad olunmasına görə”, “Füzuli­nin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təl­tif edilib. Fəxr edirik ki, qəhrəman Şükür Həmidov da, onun şəhadətə qovuşmuş 89 silahdaşı da təməli Aprel döyüşləri ilə qoyulan Zəfər yürüşünün və misilsiz qəh­rəmanlığın simvoluna çevriliblər. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat