31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlər barədə redaksiyamıza daxil olmuş materialların bir neçəsini təqdim edirik.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Onlar kompleksi gəzərək soyqırımı haqqında stendlərlə tanış olublar.
Ziyarət zamanı AzMİU tələbələrinə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
***
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “1918-ci ilin Mart soyqırımı arxiv materiallarında” mövzusunda elmi sessiya keçirilib.
Məclisi açan Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Azərbaycan xalqının son iki əsrdə erməni terrorizminə, abidələrimizin, kitabxanalarımızın erməni vandalizminə məruz qaldığını, bildirib, “erməni xəstəliyi” və riyakarlığından bəhs edib.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri dosent Nailə Səmədova, elmi katib dosent Əzizağa Nəcəfzadə, doktorant Vüqar Hacıyev məruzə ilə çıxış ediblər. Sonda Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin “Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları mənbələrdə” mövzusunda hazırladığı kitab sərgisinə baxış keçirilib.
AMEA-nın Folklor İnstitutunda isə “Soyqırımları xalq yaddaşında” mövzusunda elmi sessiya keçirilib.
İnstitutun baş direktoru akademik Muxtar İmanov bildirib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan erməni soyqırımları nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, maddi-mədəniyyət abidələrimiz məhv edilib, arxivlər, “Kaspi”, “Açıq söz” kimi qəzetlərin redaksiyaları, "İsmailiyyə" binası yandırılıb.
Professorlar Almaz Həsənqızı, Əfzələddin Əsgərov, dosent Qalib Sayılov, elmi işçi Nizami Adışirinov məruzələrində xalqımıza qarşı aparılan soyqırımı dəhşətlərinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu vurğulayıblar.
***
Bakı Dövlət Universitetində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “XX əsrin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı quldurları tərəfindən Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər şəhər və bölgələrdə xalqımıza qarşı törədilmiş soyqırımının dəhşətlərindən danışıblar. Bildirilib ki, azərbaycanlılara qarşı həyata keçirilmiş həmin soyqırımı nəticəsində 50 minədək günahsız insan öldürülüb. Bədnam düşmən öz çirkin məqsədlərini həyata keçirmək üçün həm də kəndləri, şəhərləri yandırıb, viran qoyub.