“Böyük Ermənistan” xülyası ilə yaşayan, uydurduqları bu mifə inanaraq, onun gerçəkləşməsi naminə hər cür vasitəyə əl atmaqdan çəkinməyən erməni şovinistləri öz havadarlarının da böyük qayğı və dəstəyi ilə xalqımıza qarşı daim terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi çirkin siyasət həyata keçirmişlər.
31 Mart Soyqırımı məhz bu çirkin siyasətin davamı, xalqımıza qarşı törədilən növbəti qəddarlığın göstəricisidir. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan mart soyqırımı təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə də amansızlıqla törədilmişdir. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxmışdır. Bu qırğınlar tarixə “Böyük Ermənistan” xülyasının üzqaralığı kimi yazılmışdır.
Tarixi faktlara əsasən, 1918-ci ilin mart–aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqını xüsusi qəddarlığı ilə seçilən kütləvi qırğınlara məruz qoymuşdur.
Silahlı quldur dəstələri öncədən planlaşdırılmış şəkildə ilk addım olaraq azərbaycanlılara məxsus mülklərə, mağazalara hücumlar təşkil edir, soyğunçuluqla məşğul olur, əhalinin heysiyyatına toxunacaq, onlarda haqlı narazılıq və qəzəb doğuracaq bir sıra çirkin əməllər törədirdilər. Əsas məqsəd isə talançılıq və soyğunçuluq edən quldur dəstələrinin cəzasızlığını görən yerli əhalini etirazlara, özünümüdafiəyə məcbur etmək və beləliklə, yaxın gələcəkdə baş verəcək qətliamlara “Vətəndaş müharibəsi” siyasi donu geyindirmək idi.
Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları qətliamdan öncə yaratdıqları daşnak-bolşevik hərbi-siyasi orqanı olan İnqilabi Müdafiə Komitəsinin qərargahına yığılaraq, təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirdilər. Beləliklə, plana uyğun olaraq, yüksək hazırlıqlı silahlı erməni yaraqlıları məhəllələrə qəfil basqınlar etməklə insanların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, evləri talan edərək yandırır, uşaqları yandırdıqları evlərin içinə atır, südəmər çağaları isə süngülərə keçirirdilər.
Rəsmi mənbələrə əsasən, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri ərzində davam edən qırğınlar zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdi. Dənizdən və qurudan atılan top atəşləri nəticəsində xalqımızın milli-mədəni irsinə məxsus tarixi abidələr, dini inanc yerləri dağıdılmış və ya ciddi ziyan görmüşdü. İctimai və şəxsi binalar talan edilmiş, od vurularaq yandırılmışdı.
O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, hadisə şahidlərinin ifadələrinə görə, üç gün davam edən kütləvi qırğın nəticəsində təkcə Bakı şəhərində erməni silahlıları tərəfindən, təxmini hesablamalara görə, 15 min dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi statistik göstəricilərə əsasən, Birinci Dünya müharibəsindən əvvəl Bakı əhalisinin ümumi sayının 200 min nəfər olduğunu nəzərə alsaq, Mart soyqırımı zamanı yerli sakinlərin onda birinin qətlə yetirildiyi aydın olir.
Bakı qırğınından sonra erməni quldurları bu çirkin əməllərini bölgələrdə də həyata keçirməyə başladılar. 2 min nəfərdən ibarət yaхşı silahlandırılmış erməni quldur ordusu Şamaхıda sovet hakimiyyəti qurmaq adı altında, 58 kənddə 1653-ü qadın və 965-i uşaq olmaqla, ümumilikdə 7 mindən çox dinc sakini qətlə yetirmiş, Şamaxı şəhərini isə yandıraraq yerlə-yeksan etmişdi.
1918-ci il may ayının 1-də isə Qubada sovet hakimiyyətinin qurulması adı al-tında daşnak Hamazaspın komandanlığı ilə 3 min nəfərlik erməni quldur ordusu 3 istiqamətdən şəhərə hücuma keçmişdi. Toplardan, pulemyotlardan və tüfənglərdən atəş açaraq Quba əhalisini, o cümlədən, burada əsrlərdir yanaşı, mehriban yaşayan etnik qrupların nümayəndələrini də vəhşicəsinə qətlə yetirmişdilər. Erməni-daşnak, rus-bolşevik quldurları tərəfindən Quba qəzasında 167 kənd talan edilərək yandırılmış, 16 min nəfərə yaxın sakin isə xüsusi qəddarlıqla, kütləvi şəkildə qətlə yetirilmişdir.
Həmçinin erməni daşnak-rus bolşevik silahlı dəstələri tərəfindən Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilərək, yer üzündən silinmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasında bir neçə kəndi, Zəngəzur qəzasında isə 115 kəndi yandıraraq, 3 min 257 kişi, 2 min 276 qadın və 2 min 196 uşaq olmaqla əliyalın, günahsız dinc əhalini qətlə yetirmişdi-lər. Ümumilikdə isə Zəngəzur qəzası üzrə 10 min 68 azərbaycanlı öldürülmüş və ya ömürlük şikəst edilmiş, 50 mindən çox azərbaycanlı isə öz ata-baba yurd-yuvalarından didərgin salınmışdı.
Erməni daşnak-rus və bolşevik silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, Qarabağın dağlıq hissəsində yerləşən 150 kəndi yağmalayaraq dağıtmış, əliyalın, dinc sakinlərini qətlə yetirmişdilər.
Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdir. Belə ki, 1947–1953-cü illərdə yüz minlərlə soyadışımız öz tarixi yurd-yuvalarından – Qərbi Azərbaycandan zorla didərgin salınmışlar. Tarixi torparlarımızdan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq, Ermənistana birləşdirilmişdir.
Beynəlxalq hüquqa görə, soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab olunur. Bu barədə Birləşmiş Millətər Təşkilatının Baş Məclisinin 1948-ci il dekabrın 9-da 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Bu mənada, məlum Konvensiyada təsbit edilmiş soyqırım ci-nayətini əks etdirən bütün əməllər istər 31 mart 1918-ci il tarixdə törədilmiş mart soyqırımı, istərsə də 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı tətbiq olunmuşdur.
Mart soyqırımına ən layiqli qiyməti isə xalqımızın ümummilli lideri Heydər Əliyev vermişdir. Ulu öndərin imzaladığı 26 mart 1998-ci il tarixli fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanmışdır. Beləliklə, o gündən başlayaraq xalqımızın erməni cəlladları tərəfindən soyqırıma məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı. Bu gün biz azərbaycanlılar öz haqlı mövqeyini qoruyan, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstünlük qazanan, müstəqil və azad ölkənin vətəndaşlarıyıq.
Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi