Təbrizin “Azərbaycan”ı Bakıda

post-img

AMEA Şərqşünaslıq İnstitutunda 1945–1946-cı illərdə Təbrizdə nəşr etdirilmiş Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzeti materiallarının 1-ci hissəsi dilimizə tərcümə və transliterasiyada kitab şəklində çap olunub. 

“Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap olunmuş və Azərbaycanda mil­li-demokratik hərəkatın süqutu­nadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilmişdir. Qəzet 1945-1946-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə hə­yata keçirdiyi islahatları, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. Bundan əvvəl qəzetin farsca və əski əlifbada azərbaycanca mətn­lərini orijinal şəkildə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramza­də 4 hissədə çapa hazırlamışdır. 

Kitabın “Ön söz”ünün müəllifi Şərqşünaslıq İnstitutunun baş di­rektoru, akademik Gövhər Baxşə­liyevadır. 

Zəngəzurun yer adları

Coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayevin “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” monoq­rafiyası işıq üzü görüb.

Zəngəzur adının və soydaş­larımızın Qərbi Zəngəzura zəruri qayıdışının gündəmə gəldiyi və Prezident fərmanı ilə, erməni iş­ğalından azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı iqtisadi rayonların tərki­binə yenidən baxılaraq, beş ulusun Şərqi Zəngəzur adı altında birləş­dirildiyi tarixi bir dövrdə bu mövzu­ya üz tutulması təqdirəlayiqdir. Bil­diyimiz kimi, tarixən Zəngəzurdakı yer-yurd adlarının 95 faizə qədəri türk-oğuz-müsəlman mənşəli olub. Lakin Şərqi Zəngəzur regionu 30 il ərzində erməni nankorların iş­ğalı altında olan zaman toponim soyqırımına da məruz qalıb və ad­lar erməniləşdirilib. Əsər bu saxta­karlığın ifşası baxımından dəyərli sayılmalıdır. 

Monoqrafiyada Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan, habelə uzun müddət 1861-ci ildə yaradılmış Zəngəzur qəzasın­da birləşən Kəlbəcər, Laçın, Qu­badlı, Zəngilan və Cəbrayılın söz abidələrindən bəhs edilir. 

Kitabın baş redaktoru Zakir Eminov, elmi redaktoru Mahirə Abbasova, rəyçiləri isə Qasım Hacıyev və Nazim Tapdıqoğludur. Əsərdə etnotoponimlər hərtərəf­li öyrənilir, oğuzların bu ərazilərin aborigen sakinləri olduğu bir daha tutarlı faktlarla sübuta yetirilir. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

ali-n12.jpg

Sosial həyat