Süni intellekt erası başlayıb

post-img

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts gələcəkdə süni intellektin istifadəsi ilə bağlı esse dərc edib. Onun fikrincə, süni intellektin inkişafı mikroprosessorun, fərdi kompüterin, internetin və mobil telefonun yaradılması qədər vacibdir.

Qeyts etiraf edir ki, süni intellekt yaratmağın riskləri böyükdür. Belə ki, bir tərəfdən, insanlar ondan sui-istifadə etməyə başlaya bilərlər, digər tərəfdən isə, belə texnologiya təkmilləşdikcə “öz məqsədini özü təyin edə biləcək” güclü süni intellektin meydana çıxma­sı mümkündür. “Bununla belə, süni intellekt təkcə əmək məhsuldarlığının artırılması vasitəsi kimi istifadə oluna bilməz: o, müxtəlif sahələrdə: iş yerin­də, səhiyyədə və təhsildə qlobal bəra­bərsizlikləri aradan qaldırmağa kömək edə bilər”.

Süni intellekt səhiyyədə tibb mütəxəssislərini hesabat vermək, sı­ğorta anketlərini doldurmaq və s. kimi uzun vaxt aparan sənəd işlərindən azad edəcək. Bu, həkim kadrlarının çatışmazlığı ilə üzləşən yoxsul ölkələr üçün xüsusilə vacibdir: bəzi funksi­yaların süni intellektə həvalə edilməsi mütəxəssislərə xəstələrlə birbaşa ün­siyyətə daha çox vaxt ayırmağa imkan verəcək. Süni intellekt tibb müəssisələ­rindən uzaqda yaşayan xəstələrin müa­licəsində də xidmət göstərə bilər. Yeni texnologiya artıq tibbdə məlumatların təhlili və dərmanların hazırlanması üçün istifadə olunur. Növbəti mərhələ­də süni intellekt dərmanların yan təsir­lərini proqnozlaşdırmaq və doza səviy­yələrini hesablamaqla məşğul olacaq.

Süni intellekt həmçinin kənd təsər­rüfatında istifadə oluna bilər ki, bu da yerli iqlimə uyğun məhsulların və hey­vandarlıq üçün vaksinlərin inkişafına kömək edir. Qlobal istiləşmə həyat səviyyəsindəki qeyri-bərabərliyi artır­dığı üçün problem aktualdır: “Fərqli hava və iqlim dəyişikliyi aşağı gəlirli ölkələrdə yaşayan fermerlərə daha çox təzyiq göstərir” – deyə Qeyts bildirib.

Qeytsin fikrincə, yaxın 5-10 ildə süni intellekt nəinki sadaladığımız sahələrə təsir göstərəcək, eyni zaman­da, tələbələr və müəllimlər də yeni tex­nologiyalara yiyələnməli olacaqlar. 

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat