Yasamalda bir göl vardı...

post-img

Səkkiz il bundan qabaq, elə bu günlər mətbuatda belə bir xəbər yayıldı ki, bəs deməzsənmi, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Yasamal RİH başçısı İbrahim Mehdiyevə töhmət verib. Jurnalistlər də rayon rəhbərindən bu məsələyə münasibət bildirməsini soruşduqda: “Bilmirəm, mənə töhmət verilməsindən xəbərim yoxdur”, – demişdi. Arxasınca da: “Veribsə, düz eləyib. Mən hazırda həmin gölə tökülən torpağın yığışdırılması işinin görüldüyü ərazidəyəm. Həmin şirkət rəhbərliyi də buradadır. Ancaq mənə töhmət verilməsindən xəbərim yoxdur. Verilibsə də, bunu normal qəbul etmək lazımdır. Hacıbala müəllim mənim müdirimdir, onun mənə töhmət verməyə ixtiyarı var. Yəqin, təqsirim var ki, töhmət verir. Başqa nə deyim, indi də göl ərazisində aparılan işin başındayam”– deyə əlavə etmişdi.

O zaman icra başçısı “Lake Resi­dence” MMC-nin qanunsuz tikinti işləri apardığına və gölü tikinti materialları qı­rıntıları ilə doldurduğuna görə cəzalan­dırılması məsələsinə də toxunmuşdu: “Tikinti işlərini saxlatmışıq, qanun çərçi­vəsində də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək. O şirkətə görə mənə də söz gəldi. Mə­nim o şirkət rəhbərliyi ilə heç bir tanışlı­ğım yoxdur”.

Xatırladaq ki, Azərbaycan Respub­likası Prezidentinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdi ki, “Lake Residence” MMC tərəfindən müvafiq icazə sənə­di alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və hə­min ərazidəki gölün bir hissəsinin doldu­rulması həyata keçirilib.

O zaman dedilər ki, buna görə şirkə­tin rəhbərliyinə xəbərdarlıq edilib, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin isti­rahətinin təşkili üçün yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabı­na həyata keçirilməsi həmin cəmiyyətə tapşırılıb.

İndi aradan düz 8 il keçib. Nə dəyi­şib? Heç nə! Əksinə, əhalinin gur olduğu bu yerlər o vaxtdan xarabalıq kimi də qalıb. Ətrafda antisanitariya hökm sürür. Bəlkə bunlara dözmək olardı. Məsələ burasındadır ki, baxımsızlıqdan, kənar müdaxilələrdən göl qurumağa başlayıb, suyun səviyyəsi bir neçə metr aşağı dü­şüb, acınacaqlı vəziyyət yaranıb. Gölün 8 il qabaq çəkilmiş şəkilləri ilə, indi ki vəziyyətini müqayisə etsəniz, özünüz görəcəksiniz.

Ətrafda yaşayan minlərlə insanın isti­rahəti üçün şərait yaratmaq, ekologiyanı qorumaq əvəzinə laqeydlik hökm sürür. Töhmət alıb, sonradan da işdən çıxarı­lan sabiq RİH başçısı heç olmasa, gölün kənarına gəlib, onun qurudulan hissəsi­ni bir qədər təmizlətdirə bilmişdi. Amma təəssüf edirik ki, Yasamal rayonunun indiki rəhbərliyi, ümumiyyətlə, özünü bu işlərdən bixəbər kimi aparır, heç bir tədbir görmür, bununla bağlı daxil olan şikayətləri də qulaqardına vurur. Ərazi isə elə xarabalıq olaraq qalır. 

Hər gün buradan minlərlə şəhər sakini, nəqliyyat vasitələri keçir. Hətta yaxınlıqda mehmanxana da var. Yəni xarici qonaqlar da bu mənzərəni görür­lər. Bircə səlahiyyətlilərdən başqa. O bir rus mahnısında deyildiyi kimi “heç nə bilmirəm, heç nə görmürəm...” Nə isə… Görünür, növbəti töhmətin vaxtı çatıb. 

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin müxbiri

hq1133.jpg

qh1144.jpg

Sosial həyat