“Paket işğalı”ndan qurtula bilərikmi?

post-img

Baharın gəlişi ilə ruhumuz, sanki, təzələnib... Ağırlığımızı-uğurluğumuzu da odda yandırdıq... Amma bir şey heç ürəyimi açmadı. Tonqalın alışdırılması üçün altına yığılmış sellofan paketlərin zəhərli tüstüsü burula-burula göyə qalxırdı. Novruzun əlamətlərinə inandığım üçün, “Yeni ilə zərərli, zəhərli və insan həyatı, bütövlükdə, dünyamızın təmizliyi üçün ciddi təhlükə olan tüstünü udmaqla başladıq”, – deyə düşündüm.

Bahar tonqalından sonra isə mer-meyvədən, göy-göyərtidən, tərəvəz­dən tutmuş içkiyə qədər – yeməli nə var idisə hamısını plastik qablardan, polieti­len torbalarından çıxarıb süfrəyə düzdük. Elə bişirdiyimiz əti, toyuğu, balığı, digər qidaları da artıq illərdir zərərindən ağız­dolusu danışdığımız sellofan paketlərdə alıb gətirmişdik. 

“Novruz axşamı bayram süfrəsi arxa­sında qanqaraçılıq eləməzlər”, – deyə öz-özümə düşünsəm də, suallar məni rahat buraxmırdı: “Yeni ilin başlanğıcı kimi qeyd etdiyimiz Novruz bayramından sonra bəlkə “plastik terror”la birdəfəlik vidalaşa bilərik. Bəlkə elə bunu hər kəs özündən başlasın? Bəs görəsən bu, tək­cə bizim iradəmizdən asılıdır?”

Onu da qeyd edək ki, artıq ötən ay­dan mağazalarda polietilen torbaların pulla satılması qərara alınıb. 

“Bazarstore”, “Bravo”, “Araz” kimi iri marketlərdə, eləcə də digər ərzaq mağa­zalarında bu məhsullar müştərilərə pulla satılsa da, bazarlarda, eləcə də təsərrü­fat və geyim dükanlarında ölüm saçan bu paketlərin istifadəsi əvvəlki kimi qalır. 

“Araz”da müştərilərlə həmsöhbət olub, paketlərin pulla satılmasına müna­sibətlərini öyrənmək istədik. Şəhər saki­ni Azad Məmmədov “Polietilen torbalar pulla satıldıqdan sonra ümumilikdə on­dan istifadənin həcmi azalsa da, bu yolla problemi çözmək mümkün deyil”, – dedi. 

Bayram günlərində Bakıya gəzməyə gəlmiş Rasimə Qulamova plastik kütlə­dən hazırlanmış məhsulların sağlamlığı­mıza ziyan vurması, bir çox xəstəliklər yaratması ilə bağlı yetərincə məlumatlı olduğunu bildirdi: “Bu mövzu ilə bağlı olduqca məlumatlıyam. Amma nə olsun. Tutaq ki, mağazaya parçadan tikilmiş torba ilə gəldim. Demək olar ki, bütün qida məhsullarının qablaşdırılmasında plastik kütlədən olan tutumlardan istifa­də olunur. “Paket işğalı”ndan qurtulmaq məgər tək bizim iradəmizdən asılıdır?”. 

“Bravo”da həmsöhbət olduğumuz Səlminaz Qədirova isə dedi: “Parça tor­balara hələ öyrəşə bilmirik. Paketlər üçün əlavə ödəniş etməyimiz ürəyimizdən de­yil”.

Digər müştəri İman Xəlilov isə qida məhsullarının ekoloji təmiz olan torba­larda daşınmasının, həm özümüz üçün, həm də ekologiyanın çirklənməməsi üçün faydalı olduğunu vurğuladı: “Bununla belə alternativ vasitələrdən istifadə etmə­liyik. Müştərilər üçün ucuz qiymətə ekoloji təmiz torbaların istehsalına başlanılmalı­dır. Eyni zamanda, mümkün qədər qida məhsullarının qablaşdırılmasında da po­lietilen paketlərdən imtina edilməlidir”. 

Əslində, sosial şəbəkələrdə də pa­ketlərin pulla satılmasına münasibət bir­mənalı deyil. Ümid edirik ki, Novruzun gəlişi ilə qədəm qoyduğumuz yeni ildə sağlamlığımız, ümumilikdə bütün dünya üçün təhlükə mənbələrindən biri olan “plastik terror”la mübarizə öz səmərəsini verəcək. 

 

Elman CƏFƏRLİ,
“Yaşıl Dünya” Ekoloji Maariflən­dirmə İctimai Birliyinin sədri

Fevralın 3-dən supermarket­lərdə sellofan torbalar müştərilərə pulla satılır. Müştərilər kiçik torba­lar üçün 3 qəpik, böyük torbalar 5 qəpik ödəməlidir. Bu ideya çoxdan var idi. Ekoloqlar, qida uzmanları, həkimlər həyəcan təbili çalırdılar ki, polietilen torbalardan, plastik qablardan istifadə qadağan olun­malıdır. Çünki plastik butulkalar, sellofan torbalar istifadə olunduq­dan sonra ətraf mühiti çirkləndirən əsas tullantılardan sayılır. Bəzən küləkli havada uçan sellofan tor­balar ağaclara, elektrik dirəklə­rinə yapışır, arzuolunmaz görüntü yaradırlar. Bundan başqa, torpaq altında uzun illər çürümür, yandı­rıldıqda isə atmosferə zərərli mad­dələrin atılmasına gətirib çıxarır. Doğrudur, bununla bağlı maa­rifləndirici tədbirlər görülməli idi. Amma iri marketlər öncədən xə­bərdarlıq etmiş, vaxt qoymuşdu. İnanmıram ki, marketlər sellofan satışından gələn 3 və ya 5 qəpik­dən varlanmağı düşünsünlər. Bu, əslində çəkindirici vasitədir və ke­çid mərhələsidir. Bir müddət sonra sellofan torbalar istifadədən tama­milə çıxarılmalıdır. 

Avropanın bir sıra ölkələrin­də polietilen torbalardan istifadə qadağan olunub. Dünyanın bir sıra ölkələrində artıq yeməklərin, xüsusilə də isti yeməklərin plas­tik qablarda verilməsindən də tam imtina olunub. Bu ölkələrdə yeməklər karton qablarda verilir. Fikrimcə, iri super və ya hiper­marketlər istehsal müəssisələrinə kətan, kağız, kartondan hazırlan­mış torbalar sifariş etməli, onların ucuz qiymətə satışı təşkil edilmə­lidir. Çox yaxın müddətdə sellofan torbalardan, plastik qablardan istifadə tamamilə qadağan olun­malıdır.

Şübhəsiz, bu işlər kompleks şəkildə görülməlidir.

 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

ec1122.jpg

Sosial həyat