Qazax rayonunun 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgəsində yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.

Dövlət investisiyası hesabına həya­ta keçirilən layihə Qaymaqlı, Aslanbəy­li və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sis­temləri mövcud olmayıb. Sakinlər suya olan tələbatlarını uzaq məsafədən daşı­maqla ödəyiblər.

Təsdiqlənmiş layihəyə uyğun ola­raq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivə­sində nasos stansiyaları və su anbarla­rının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 kilometr magistral, 76 kilometr şəbəkə su xətlərinin inşası nəzərdə tutulur. İn­diyədək magistral su xəttinin 2 kilometr­lik, içməli su şəbəkəsinin isə 53 kilo­metrlik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əha­linin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.

Xatırladaq ki, layihə üzrə tikinti-qu­raşdırma işlərinin 2023-cü ilin yay ayla­rında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayo­nunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa və Neftçala ra­yonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

 

“Xalq qəzeti”

Son xəbərlər