Ana dilində kitablar ərdəbilli uşaqlara Novruz hədiyyəsi oldu

post-img

Ərdəbilli sənətçi və yazıçı Hüseyn Həsənnejad dogma şəhərində və ətraf kəndlərdə xeyriyyə tədbirləri keçirməsi ilə tanınır. O, artıq uşaqların da sevimlisinə çevrilib. Hüseyn builki Novruz bayramı günlərində anası ilə birlikdə Ərdəbil kəndlərində uşaqlara Azərbaycan dilində kitablar paylayıb.

Əvəllər də güneyli sənətçi oxşar mədəni aksiyaları ilə yadda qalıb. Güney Azərbaycanın kəndlərində yaşayan uşaqlarda doğma dilimizə rəğbət yaratmaq istəyən Hüseyn da­vamlı olaraq onlara ana dilində kitab­lar paylayır. Xatırladaq ki, soydaşımız bundan əvvəl Xoyda baş vermiş zəl­zələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satıb onlara yardım etmişdir.

Hüseyn aksiya ilə bağlı bildirib: “Ana dilimizdə kitablar yaymağımız xəstə anamın əhvalını yaxşılaşdırır. O istəyir ki, Güneydəki bütün uşaqlar onun bizə öyrətdiyi dogma dilimizdə oxuyub-yazmağı bacarsınlar. Novruz bayramı günlərində keçirdiyimiz bu aksiya hamımız üçün ikiqat sevincli oldu”.

 

Rəhman GƏNCƏLİ

Sosial həyat