İranlı məhbuslar beynəlxalq aləmdən dəstək gözləyirlər

post-img

Son vaxtlar İran mövcud rejimə qarşı xalq etirazları ilə dünyanın diqqət mərkəzindədir. Ölkədə narazı kütlələr etiraz aksiyalarını artıq 6 aya qədərdir ki, davam etdirir. Aksiyalarda əsasən hökumət əleyhinə şüarlar səsləndirilir, hakim rejimin istefası tələb olunur. 

Gunaz.TV-nin verdiyi son məlumat­lara görə, ölkənin ayrı-ayrı bölgələrində gedən aksiyalara martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində ça­lışan müəllimlər də qoşulublar. Aksi­yalar Təhsil Nazirliyinin yerli idarələri qarşısında keçirilib. Tədbirə toplaşan azərbaycanlı müəllimlər əmək haqla­rının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qa­nunla nəzərdə tutulmuş başqa hüquq­larının tapdanmasına etiraz ediblər. Təbrizli müəllimlər yerli təhsil idarə­sinin qarşısına “Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır” məzmunlu banner asıblar.

Ölkədə təqaüdçülər, şirkət işçilə­ri və əhalinin digər kateqoriyaları da mütəmadi olaraq etiraz aksiyaları təşkil edirlər. Bu günlərdə Əhvaz şəhərində də belə bir aksiya baş tutub. “Azad İran” telegram kanalının məlumatına görə, təqaüdçülər Sosial Təminat İdarəsinin qarşısında toplaşaraq, qanuni haqla­rını tələb ediblər. Onlar hökumətdən vətəndaşların sosial tələblərinə adek­vat cavab verməyi tələb ediblər. 

Ümumiyyətlə, etiraz aksiyalarında əsas tələb İran hakimiyyətinin istefası­dır. Bu fikir güneyli hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmə­dinin İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının təşəbbüsü ilə Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının ic­lasına ünvanladığı müraciətdə xüsusilə vurğulanıb. Onun məktubunda deyilir: “Biz hökumətdən amnistiya istəmirik. Fikrimizcə, İslam Respublikasının ha­kimiyyətinə son qoyulmalıdır və bu yöndə sizdən dəstək və yardım gözlə­yirik”.

Məktubunda İranın dini rəhbəri Əli Xameneyinin son əfv fərmanına toxu­nan N.Məhəmmədi bunu humanizm nümunəsi kimi deyil, Qərb və bey­nəlxalq ictimaiyyəti, insan haqları təş­kilatlarını aldatmaq üçün atılmış addım kimi dəyərləndirib: “Avtoritar dini hö­kumətin antifeminist siyasəti güclənib və tələbə qızların ardıcıl zəhərlənməsi, məhbus qadınlara qarşı zorakılıqların artması zülmün davam etdiyini göstə­rir”. 

Qeyd edək ki, əslən Güney Azər­baycanın Zəncan şəhərindən olan, İran İnsan Haqlarının Müdafiəsi Birli­yinin sədr müavini Nərgiz Məhəmmədi hazırda Tehranın Evin zindanında sax­lanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

İranda son hadisələr zamanı hö­kumətin atdığı repressiv addımlar bey­nəlxalq təşkilatlar tərəfindən də pislən­məkdədir. Beynəlxalq Əfv Təşkilatının yaydığı son hesabatda bildirilir ki, Teh­ran rejimi İran xalqlarının misli görün­məmiş son qiyamı zamanı insanlara qarşı dəhşətli repressiyalara əl atıb, etirazçıları susdurmaq üçün döyüş silahlarından istifadə edib. Sənəddə həm də İrandakı etirazlarla bağlı Bir­ləşmiş Millətlər Təşkilatı İnsan Haqla­rı Şurasının faktaraşdırıcı komitəsinin yaradılmasından məmnunluq ifadə edilib.

Bütün bunlara baxmayaraq, Tehran rejimi etirazların amansızcasına yatırıl­ması üçün tədbirləri gücləndirməkdə­dir. Bunu İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı Həsən Kərəminin bəyanatından da görmək olur. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, dünya dövlətləri ölkədə baş verənlərə qarışmamalıdır. İran hö­kuməti isə 6 aylıq etiraz aksiyalarından sonra paytaxtda polis qüvvələrinin sa­yının artırılması ilə bağlı yeni proqram həyata keçirmək niyyətindədir. 

Kərəmi son etiraz nümayişlərinə toxunaraq, növbəti aksiyaların qarşı­sının vaxtında alınması üçün Tehranın 400 nöqtəsində polis güclərinin ikiqat artırılmasının vacibliyini bildirib.

Xatırladaq ki, İranda baş verən eti­raz aksiyaları zamanı 71-i uşaq olmaq­la 500-dən çox vətəndaş öldürülüb, 18 mindən çox etirazçı həbs edilib. 

 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər