Bakıda nur saçmış Təbriz çırağı

post-img

Əsəd Rza Yəqubi otay-butay Azərbaycanda geniş tanınan görkəmli alim, pedaqoq, dilçi və ən əsası isə səmimi, mehriban insan idi. Azərbaycan Demokrat Firqəsinin Təbrizdən ilk üzvlərindən biri olmuş soydaşımız Bakıda da mənalı ömür yaşamışdı. 

90 il ömür sürsə də, təəssüf ki, onun­la gec tanış olmuşduq, Bakının Saat meydanının yanındakı evində görüş­müşdük. 100 illik yubileyini isə dünyasını dəyişəndən sonra, ötən il onsuz qeyd etdik. Professor Əsəd Rza Yəqubi Milli Hökumətin süqutundan sonra butay­dakı ictimai-mədəni fəaliyyətinin böyük hissəsini Azərbaycan Dillər və Pedaqo­ji universitetlərində kadr hazırlığına və elmi işə həsr etmişdi. Respublika Təhsil şurasının keçmiş sədri professor Əjdər Ağayev yaxın dostu Əsəd Rzanın 90 illik yubileyi münasibətilə “Təhsil və zaman” qəzetinin 14 iyul 2012-ci il tarixli sayında dərc etdirdiyi “Görkəmli pedaqoq alim” başlıqlı məqalədə yazmışdı:

“Mən onu ötən əsrin 70-ci illərindən tanıyıram. Uca boyu, səliqəliyi, şıq ge­yimi və yüksək davranış mədəniyyəti ilə onu tanıyan ziyalıların rəğbət və hörmə­tini qazanmışdı. Digər tərəfdən, o, cid­di alim səriştəliliyi ilə tədqiqatlar aparır, Azərbaycanda təhsilin və pedaqoji fik­rin inkişafı tarixinə dair dəyərli əsərlərin müəllifi kimi tanınırdı. Onun bir çox elm sahələrinə bələdçiliyi, Azərbaycan, türk, fars, fransız, ingilis, rus dillərində olan mənbələrə istinad etməsi və bu dillərdə əsərlər yazması bir çoxlarını heyrətlən­dirirdi. O, həm də yüksək mədəniyyət­lə elmi əsərlərə qarşı prinsipial mövqe nümayiş etdirirdi, haqlı tənqidi fikirlərini söyləməkdən çəkinmirdi. Bu ziyalı alim bu gün 90 yaşlı professor Əsəd Rza Yəqubidir. 

O, indiki Azərbaycan Dövlət Pedaqo­ji Universitetində çalışırdı. Mən və digər tanıyanlar Əsəd müəllimlə görüşdən, söhbətlərindən məmnun qalardıq. O, elmdə tapdanmış yolla getməyi sevmir, hər elmi məqaləsində, tədqiqatında iş­lənməmiş mövzuları əhatə edirdi. Ya­şıdları arasında ərəb-farsdilli mənbələrə müraciət edən, orta əsrlər dövrünün materiallarını orijinal əlyazmasından oxuyan, bir neçə xarici dildə əsərlər ya­zan yeganə pedaqoq-alim, metodist idi. Əsəd Mirzə Rza oğlu Yəqubi mükəmməl məktəb təhsili və marağını təmin edən özünütəhsil yolu ilə fenomen alim-tə­dqiqatçı səviyyəsinə qalxmışdı. O da bir çoxları kimi sadə və mübarizə dolu həyat yolu keçmiş, dözümü, inadlı səyi nəticə­sində uğurlara nail olmuşdu. 

Mən ötən əsrin 70-ci illərində “Azər­baycan məktəbi” jurnalının baş redak­toru işlərkən bu mübariz şəxsiyyəti tanı­dıqdan sonra onun ilk ciddi tədqiqatları ilə maraqlandım. Doktor Tağı Əraninin fəaliyyətini və pedaqoji ideyalarını əks etdirən tədqiqat əsəri məndə böyük təəsssürat oyatdı. Tağı Ərani (1902-1940) azadlıq uğrunda mübariz, fəal icti­mai xadim, kimyaçı, riyaziyyatçı, həkim, bir çox dilləri bilən və həmin dillərdə tə­dqiqatlar aparan şərqşünas alim kimi ya­şadığı qısa ömründə böyük elmi-nəzə­ri və praktik əhəmiyyətli işlər görmüş vətənpərvər ziyalı olmuşdur”. 

Əjdər Ağayev məqalədə Əsəd Mirzə Rza oğlunun bioqrafiyasından söhbət açarkən göstərmişdi ki, klassik bir ziya­lı olan Yəqubinin 1922-ci ildə İrandakı Astara şəhərində anadan olmuş, Həkim Nizami adına natamam orta məktəbdə təhsilə başlamışdır. 1944-cü ildə Tehran­da “Əlborz” adlı 12 illik məktəbdən sonra Tehran Universitetinin Baytarlıq İnstitu­tuna daxil olmuşdur. 1946-1947-ci illərdə mərkəzi qəzet redaksiyalarında əmək­daşlıq etmiş, tərcüməçilik fəaliyyəti də göstərmişdir. O zaman onun publisistik məqalələri, Azərbaycan dilindən fars di­linə çevirdiyi kitabçalar Tehranda “Xəzər” imzası ilə nəşr edilmişdir. 

Məlum hadisələrdən sonra sovet Azərbaycanına mühacirət edən Əsəd Yəqubi Bakıda Azərbaycan Dövlət Pe­daqoji Xarici Dillər İnstitutuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmiş­dir. Bir müddət Bakıdakı orta məktəb­lərdə müəllim kimi fəaliyyət göstərmiş, ADPİ-nin pedaqogika-psixologiya kafed­rasında elmi-tədqiqat və tədris işlərinə qoşulmuşdur. O, 1961-ci ildə ADPİ-də xarici dillər kafedrasını təşkil etmiş və uzun müddət onun rəhbəri olmuşdur.

1988-ci ildə Qərbi Avropa və Yaxın Şərq dillərinin öyrənilməsi və həmin dillər üzrə tərcümə işinin təşkili üçün “Poliqlot” Elmi-Texniki Cəmiyyət adlı respublikada ilk özəl tərcümə və tədris müəssisəsini təsis edən dilçi alim respublikanın ali məktəblərinin humanitar fakültələri üçün fars, fransız dilləri və əski Azərbaycan əlifbasl üzrə (ərəb əlifbası) Təhsil Na­zirliyi tərəfindən təsdiqlənmiş ilk tədris proqramları, dərsliklər və dərs vəsaitlə­rinin də müəllifi olmuşdur. 

Məqalə müəllifi Əsəd Rzanın tə­lim-tərbiyə mədəniyyəti və təhsil tarixinə dair mühüm əsərlərini belə sıralamışdır: “Azərbaycanda ən qədim maarif ocaqla­rı və təlim-tərbiyə işi mədəniyyətinin ün­sürlərinin ilkin nümunələri haqqında bir neçə söz”, “Qədim Azərbaycanda maarif və təhsil tarixindən”, “Azərbaycanda qə­dim məktəb tarixinə dair bəzi qeydlər (VII əsrə qədər)”, “Azərbaycanda ilk akade­miya (XIII əsr)”, “Azərbaycanda ilk elmi müəssisələrin meydana gəlməsi”, “Mək­təb istilahının mənşəyi haqqında”, “Şa­maxı akademiyası (XVII əsr)”, “Cənubi Azərbaycanda ictimai-pedaqoji hərəka­ta dair (1890-1911)”, “Orfoqrafiyamızın təşəkkül tarixinə aid bir neçə söz (X-XI əsrlər)”, “Ərəb-fars əlifbası ilə oxu ta­rixindən”, “Rusiyada fars dili tədrisi me­todikası inkişafı tarixindən (1800-1850)”; Pedaqoji fikir tarixinə dair “Fəzlullah Rə­şidəddin (1240-1318)”, “Qasım Ənvar şəxsiyyətin təşəkkülü haqqında”.

Professor Yəqubi İmadəddin Nəsimi­nin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizi­nin, Mirmöhsüm Nəvvabın, Mirzə Həsən Rüşdiyyənin və digər görkəmli maarif xadimlərinin əsərlərində təlim-tərbiyə məsələlərinə aid məqalələrin də müəl­lifi olmuşdur. O, həmçinin Mirzə Fətəli Axundovun “Əlifba-ye cədid” dərsliyinə aid elmi axtarışlarının nəticələrini də ay­rı-ayrı məqalələrdə ümumiləşdirmişdir. Alimin tənqidi-metodiki məqalələri də mətbuatda dərc edilərək, böyük rezo­nans doğurmuşdur.

Əsəd Yəqubinin əsərləri Bakıda və Moskvada nəşr olunan elmi jurnallarda dərc edilmiş, xarici ölkələrdə də alimlə­rin diqqətini cəlb etmişdir. Onun 2005-ci ildə işıq üzü görmüş “Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pe­daqoji fikir tarixi” adlı monumental kitabı pedaqogika elmi xəzinəsinə daxil olan dəyərli araşdırma nəticələri toplusudur.

Bütöv Azərbaycanın unudulmaz ziyalısı, fədakar elm və təhsil xadimi olmuş Əsəd Rza Yəqubinin 10 aprel 1985-ci ildə “Xalq qəzeti”ndə (keçmiş “Kommunist”) dərc edilmiş “Şamaxı akademiyası (XVII əsr)” sərlövhəli məqaləsini oxucularımıza təqdim edi­rik. 

 

Hazırladı: Kamal Nikbin

Sosial həyat