Münxendən “Qafqazın Benilüksü” perspektivinə baxış

post-img

Münxen Təhlükəsizlik Konfransı çərçivəsin­də Cənubi Qafqaza həsr olunmuş “Dağları aş­maq? Cənubi Qafqazda təhlükəsizliyin qurulma­sı” mövzusundakı plenar iclas Qərbin regiona baxışının ifadəsi kimi meydana çıxır. İclas həmin baxışın, bir növ, nümayişi, necə deyərlər, təntənə anı sayılır. Bəli, üç Cənubi Qafqaz ölkəsi liderlə­rinin müstəqil dövlətlərin başçıları kimi bir araya gətirilməsi çoxdankı plandır. Bu, hətta, keçmiş SSRİ-nin süqutundan dərhal sonra dövriyyəyə girmiş təşəbbüsdür. Məqsəd isə “Qafqazın Beni­lüksü” adlandırılan ideyanı reallaşdırmaqdır. 

Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəl­məsi ilə gerçəkləşmiş 2003-cü ilin “Qızılgül” inqilabı mövcud təşəbbüsün reallaşması istiqamətində müstəs­na addım idi. Həmin vaxt gürcü liderinin özü də “Qafqa­zın Benilüksü” (Benilüks ölkələri Belçika, Niderland və Lüksemburqdur – red.) ideyası ilə çıxış edirdi. Lakin həm Gürcüstanda baş verən sonrakı proseslər, o cüm­lədən, Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılması, həm də Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Ermənistanın bir araya gələ bilməməsi buna imkan vermirdi.

 

 Qeyd edək ki, Qərbin bəzi dairələri zaman-zaman Qarabağ münaqişəsinin həllinə, məhz, “Qafqazın Benilüksü” ideyasından çıxış edərək yanaşırdı­lar. Onlar hesab edirdilər ki, üç Cənubi Qafqaz ölkəsində Avropadakı “şengen zonası”na bənzər durum yaranarsa, ərazinin hansı dövlətə məxsusluğu cid­di əhəmiyyət daşımaz. Bu düşüncəyə söykənərkən, “köhnə qitə”nin ölkələri arasında, müzakirəsi tarixə qovuşmuş, mübahisəli ərazilər məsələsinə diqqət yönəldilir və həmin ərazilərin artıq kimə aidliyinin heç bir önəm kəsb etmədiyi üzərində dayanılırdı. Həqiqətən, hazır­da istər “Avropa evi” məfkurəsinə görə, istərsə də kosmopolitizmin və qlobal­laşmanın qitə cəmiyyətlərinə təsiri sə­bəbindən, belə bir önəmsizlik müşahidə olunmaqdadır. Sıravi avropalı çox asan şəkildə “şengen zonası”nda bir ölkədən digərinə gedir və bu zaman sərhəd keç­diyinin heç fərqinə də varmır. 

***

Ancaq düşünək görək, Cənubi Qafqaz ölkələri buna hazırdırmı? Sua­la cavab verməzdən əvvəl qeyd edək ki, “Qafqazın Benilüksü” siyasi olmaqla yanaşı, həm də son dərəcə ciddi iqti­sadi layihədir. Təşəbbüsün reallaşması Cənubi Qafqaz müstəvisindəki iqtisadi balansı aradan qaldırmaq məramına söykənir. Söhbət imkanların, müəyyən mənada, bərabərləşdirilməsindən gedir. Məsələn, Azərbaycan iqtisadi cəhətdən güclüdürsə, onun potensialı hesabına Ermənistan və ya Gürcüstan da ayağa qalxmalıdır. Digər tərəfdən, sərhədlə­rin olmaması bölgədə yük daşımaları üzrə xərclərdə də azalmalar deməkdir. Böyük siyasi mahiyyət üzrə isə “Qafqa­zın Benilüksü” vahid dövlətdə birləşmə ideyasıdır. Birləşmə, ardınca Avropa İqtisadi Birliyinə inteqrasiya. Daha ay­dın desək, Qafqazın “şengen zonası”na daxil edilməsi. Bəli, ümumən, cəlbe­dici kimi görünən “Qafqazın Benilük­sü” təşəbbüsünün reallaşdırılması ilə əlaqədar siyasi immunitet üç Cənubi Qafqaz ölkəsini vahid görmək istəyidir. 

...Əgər tarixə müraciət etsək, göz önündə 1917-ci ildə çar Rusiyasının süqutundan sonrakı durum canlanır. 1918-ci il aprelin 22-dən mayın 26-dək mövcud olmuş Zaqafqaziya Demok­ratik Federativ Respublikası yada dü­şür. Qərb dairələrinin bunu “Qafqazın Benilüksü” ideyasına presedent kimi götürmələri mümkündür. Bu istəyin nə dərəcə səmimi olduğu müxtəlif cür şüb-hələndirilə bilər. Yəni, vurğulanmalı bir sıra vacib məqamlar var.

Avropalılar ZDFR-in uğur qazan­mamasını, cəmi bir ay ömür sürməsini şərtləndirən səbəblər üzərində dayan­mır və hesab edirlər ki, düşüncələr ötən əsrin əvvəllərindəkindən fərqlidir. Hal­buki, o qədər də fərq yoxdur. Məsələn, Qərb bölgənin “erməni xəstəliyi”ni nəin­ki yenə bilməyib, ötən müddət ərzində onun çiçəklənməsinə çalışıb. Deməli, ən azı “Qafqazın Benilüksü” təşəbbüs­çülərinin ədalətsizliyə və haqsızlığa göz yumması məsələsi var. Bu, səmimiyyət­dən uzaq davranış mühiti yaradıb. Belə olan halda tarixdə ilişib qalmaq səmərə verməz. 

Üstəlik, arada 70 illik itirilmiş dövr var. Sabiq SSRİ-də üç Cənubi Qafqaz ölkəsi bir dövlətdə birləşsə də, məlum oldu ki, beynəlmiləl xalqlar dostluğu ideyası gerçək bağların yaranması üçün yetərli deyildi. Keçmiş imperiya rəhbərliyinin klassik “parçala və hökm sür!” siyasəti, antoqonizmə və ixtilafla­ra meydan tanımaqla, qarşılıqlı inam və etimad ab-havasının tam anlamda formalaşmasına maneçilik yaratdı. Ay­rı-ayrı epizodik müsbət məqamlar isə mütləq nəticə, pozitiv mənzərə doğura bilməzdi.

“Qafqaz Benilüks”çüləri erməni iş­ğalının davam etdiyi dövrdə də Azər­baycan və Ermənistan arasındakı gər­ginliyi azaltmaq naminə çalışdılar. Onlar əsl mahiyyətdən, yəni, işğal amilindən kənar dayanaraq, xalq diplomatiyası metodlarını işə saldılar. Azərbaycanın, Ermənistanın və Gürcüstanın jurnalist­lərinin, qeyri-hökumət təşkilatlarının, ictimai sektor nümayəndələrinin iştirakı ilə müxtəlif layihələr reallaşdırdılar. He­sab etdilər ki, Gürcüstanın moderatorlu­ğu ilə gerçəkləşən bu layihələr Bakı və İrəvan ictimaiyyətini yaxınlaşdıracaq. 

Onu da deyək ki, mövcud istiqamət­də müəyyən nəticələr oldu. Yalnız belə – hər iki cəmiyyətdə Qərb demokra­tiyasına köklənmiş, siyasi müxalifət təmayüllü pasifistlər formalaşdı. Bu kəsim bir-biri ilə ünsiyyət qurdu, daxilə müəyyən sülh mesajları ötürdü. Ancaq nə Azərbaycandakı pasifistlər yekun nəticədə torpaqlarımıza qəsbi işğal prizmasından dəyərləndirmək məntiqini yendilər, nə də Ermənistan pasifistləri ölkənin işğalçı obrazını dəyişmək fikrinə düşdülər. Beləliklə, xalq diplomatiyası qarşılıqlı səfərlərdən və boş-boş danı­şıqlardan o tərəfə keçmədi.

***

Elə isə yazımızda səsləndirdiyimiz suala qayıdaq: hazırda “Qafqazın Be­nilüksü” baxımından pozitiv ab-hava varmı? Azərbaycan ilə Gürcüstan ara­sında hər hansı ciddi anlaşılmazlıq yox­dur. Hərçənd, bəzən Gürcüstanda da müəyyən dairələrin bu ölkədə yaşayan soydaşlarımıza münasibətdə xoşagəl­məz rəftarını, qızışdırıcı motiv daşıyan hərəkətlərini görmüşük. Mövcud fəaliy­yət bir çox hallarda dini spekulyasiyalar müstəvisində özünü göstərib. Mövzu ilə bağlı ayrıntılara getməyə ehtiyac duy­muruq. Həm də ona görə ki, Gürcüstan hakimiyyətinin belə neqativ təmayüllərə qarşı yerində atdığı addımlar var. 

Keçək Gürcüstan–Ermənistan mü­nasibətlərinə. Gürcüstan ərazisində etnik erməni separatizminin hər an alovlana biləcək nöqtəsi qalmaqdadır – Cavaxetiya. Zaman-zaman bu bölgənin erməniləri ölkənin tərkibindən çıxmaq iddialarını səsləndiriblər. Onlar özlərini əlahiddə təsəvvür etmək iddialarında olublar. Hərçənd, mövcud istiqamətdə də Gürcüstan hakimiyyətinin vəziyyəti nizamlamaq üçün həyata keçirdiyi təd­birlərin səmərəli nəticələr doğurduğu­nu söyləyə bilərik. Əgər Gürcüstandan danışırqsa, Abxaziya və Cənubi Ose­tiyanın timsalında ölkənin ərazi bütöv­lüyünün pozulması amilinə də diqqət çəkməliyik...

Azərbaycana gəldikdə isə Ermənis­tan ilə ziddiyyətlər nöqteyi-nəzərdən bir çox məqamları, ötəri də olsa, vurğula­dıq. Ümumən, mənzərə göz qabağın­dadır. Ölkəmiz 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etsə də, bu gün Azərbaycan-Ermənistan müna­sibətlərində gərginlik saxlanılmaqda­dır. Fransa başda olmaqla, Qərbin və Rusiyanın bəzi ermənipərəst dairələri iki ölkə arasında sülh danışıqlarını ən­gəlləyən tərəf qismində çıxış edirlər. Ümumən, Qarabağ ermənilərinin hüquq və azadlığı məsələsini gündəmdə sax­lamaq iddiası, bölgənin erməni varlığın­dan dayanıqlı separatizm yuvası hazır­lamaq meyilləri aşkardır. 

***

Münxen Təhlükəsizlik Konfransının “dağları aşmaq”la Cənubi Qafqazın təhlükəsizliyinin təminatına yönəlmiş “Qafqazın Benilüksü” ideyasının həyata keçmə perspektivini, daha doğrusu, bu perspektivin nə dərəcədə real olması ilə bağlı bəzi özəllikləri diqqətə çatdırdıq. Hesab edirik ki, Qərb dairələri də söy­lədiklərimizdən xəbərdardır. Sözümüz ondadır ki, ilk baxışdan ortada bişmə­miş ideya var. 

Bəs, necə oldu ki, Azərbaycan, Gür­cüstan və Ermənistan liderləri bir masa ətrafına gətirildi? Sualı bir qədər fərqli qoya da bilərik: necə oldu ki, üç Cənu­bi Qafqaz liderinin birlik görüntüsünü yaratmaq mümkünləşdi? Səbəb nədir? Nəzərə alaq ki, Münxendəki təmas müstəqillik illərində ilk dəfə idi ki, baş tuturdu.

Azərbaycan balanslı siyasətinə hər zaman sadiq qalıb. Ölkəmiz Gürcüstan ilə münasibətlərində mehriban qonşu­luq kursunu əsas götürüb. Üstəlik, Bakı Qərb ilə hər zaman yaxşı əlaqələrdə olub. Bakı ilə İrəvan arasındakı Qara­bağ sindromunu da vurğuladıq. Ca­vaxetiya probleminin günümüz üçün ak­tual əhəmiyyət daşımadığını düşünsək, Gürcüstan–Ermənistan ziddiyyətləri də yox kimi görünməkdədir.

Onu da düşünək ki, 2003-cü il inqila­bı Gürcüstan siyasətinin sabit Qərb vek­torunu müəyyənləşdirib. Ermənistana gəldikdə, ölkə 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyanı hakimiyyətə gə­tirmiş inqilab nəticəsində Qərbə doğru istiqamət götürüb. Yəni, Azərbaycanın balanslı siyasəti, Gürcüstanın və Ermə­nistanın daha çox Qərb üzərinə köklən­miş kursu imkan verdi ki, Münxendə bu üç ölkənin liderləri bir araya gələ bilsin. 

***

Nəzərə alsaq ki, “Qafqazın Beni­lüksü”nə köklənmiş beynəlxalq birlik yuxarıda sadaladığımız problemlərdən, yəni, ideyanın tam mənada həyata və­siqə qazanmasına maneçilik törədəcək məsələlərdən xalidir, o zaman daha böyük sual yaranır: hazırda üç Cənubi Qafqaz ölkəsinin bir araya gətirilməsi ilkinə imza atmaq nə üçün lazım idi? Cavab birmənalıdır – Rusiya amili. 

Qərb Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər tribunadan dün­ya ictimaiyyətinə region ölkələrinin müstəqil söz sahibi imicini agah etdirir. Birincisi, bu imic, onların fikrincə, region ölkələrini potensial rus intervensiyasın­dan qorumaq naminədir. Daha doğru­su, imic növbəti rus hərbə-zorbasına beynəlxalq ictimai müqaviməti forma­laşdırmaq məqsədi daşıyır. İkincisi, üç Cənubi Qafqaz ölkəsinin birliyi təəssü­ratı bölgənin Rusiya təsirindən uzaqlığı mesajıdır. Üçüncüsü, bu mesaj həm də Moskvanı qıcıqlandırmaq və qeyri-ordi­nar hərəkətlərə sövq etmək, səhvə sü­rükləmək məqsədi daşıyır. Çox guman Qərb hər üç ölkədəki anti-Rusiya me­yilinin hansı gücə sahibliyini götür-qoy etməmiş deyil.

Bəli, Kremlə açıq mesaj var. Cənu­bi Qafqaz bizlikdir mesajı. Gürcüstan Rusiya işğalından əziyyət çəkir. İrəvan­da Moskvanın münasibətləri gərgindir. Azərbaycana gəldikdə isə Kreml ha­zırda Qarabağda separatizmi dəstək­ləyən, daha konkret desək, erməni se­paratizminə məxsusi obraz qazandıran, milyarder Ruben Vardanyanın timsalın­da yeni dalğa yaradan tərəf qismində görünür ki, bu isə Bakının mənafeyinə qətiyyən uyğun deyil. Bütün bunları nəzərə alaraq, Münxen Təhlükəsizlik Konfransının təşkilatçılarının üç Cənu­bi Qafqaz ölkəsini bir araya gətirməklə, tam anında davrandıqlarını söyləmək mümkündür. Deməli, Moskvaya zəruri mesaj göndərildi. 

Qalır bu mesaja cavabın verilməsi. Hazırda istər Rusiya dövləti, istərsə də ölkənin ictimai rəyi üçün Azərbaycan, Gürcüstan və Ermənistan liderlərini Avropada bir arada görmək qədər ar­zuolunmaz mənzərə yoxdur. Kreml bu görüntünü Ukrayna müharibəsindən is­tifadə edən Qərbin ona qarşı Qafqazda ikinci cəbhə açmaq məqsədi sayır. Bu deyimin, gerçəklik fazası baxımından, ilk işartıları da var. Azərbaycan–Ermə­nistan münasibətləri zəminində İrəvanı Avropa İttifaqının mülki missiyası zəmi­nində hədəf götürən Kreml, nişangaha Bakını da almağa başlayıb. Məsələn, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ermənistan üzərindən Moskvanı Cə­nubi Qafqazdan sıxışdırmaq istəməsi ritorikasına, Azərbaycanı da daxil edib. Bundan sonra bölgədə hansı proseslər baş verəcək, xüsusən, Kreml Qarabağ müstəvisində necə davranacaq, maraq­lıdır. Əlbəttə, Azərbaycanın çəkinəcəyi heç nə yoxdur. Dövlətimiz, Prezident İlham Əliyevin şəxsində, Münxendə də Qarabağ, Azərbaycanın haqqı uğrunda ədalətli mübarizə apardı. O haqqı ki, onu səmimi şəkildə, gerçək əməllər ilə tanımaqda, bütövlükdə Rusiyanın ha­kim ictimai rəyinin ciddi çətinliklər yaşa­dığı göz önündədir.

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət