Azərbaycan regionda maraqlı qüvvələrin və Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, onlara tutarlı cavablar da verir - Şərh

post-img

Azərbaycan Ermənistanla olan münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin bağlanması üçün müxtəlif platformalarda müzakirələrin aparılmasında maraqlıdır. Diplomatiyamızın formalaşdırdığı şərait nəticəsində bu müzakirələr təkcə bir dövlətin vasitəçiliyi ilə aparılmaqdan çıxaraq, bir neçə platformaya keçdi. Bu da rəsmi Bakıya manevr etmək imkanları verməklə yanaşı, vasitəçi tərəflər üçün münaqişənin həllində oynamaq istədikləri rola görə rəqabət mühiti yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini politoloq Yalçın Hacızadə söyləyib.

“ABŞ-da xarici işlər nazirlərinin, Brüsseldə ölkə rəhbərlərinin görüşlərindən sonra Moskvada da müzakirələrin olması gözlənilən indi. Belə görüşlər Azərbaycanın şərtləri və irəli sürdüyü prinsiplər çərçivəsində aparılır. Artıq bütün vasitəçi tərəflər görür və qəbul edir ki, Azərbaycan regionda maraqlı qüvvələrin və Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, onlara tutarlı cavablar da verir. Yəni, Bakının əlindəki sülhə məcburetmə tədbirləri kifayət qədər genişdir. Ona görə də Azərbaycan öz şərtlərindən geri çəkilməyəcək.

Sülh müzakirələrinin intensivləşməsi, Brüssel görüşündə və ondan sonra Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ və anklav kəndlər daxil ərazi bütövlüyünü tanıması, vasitəçilərin Azərbaycanda yaşayan erməniləri əvvəlki kimi “xalq” deyil, “əhali” adlandırmalarını sülhə məcburetmə tədbirlərinin nəticəsi kimi qiymətləndirmək olar. Bilirik ki, Ermənistan uzun illərdir Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri “xalq” kimi təqdim edərək, onlara beynəlxalq hüququn “xalqların öz müqəddaratını təyinetmə” prinsipinin şamil olunmasına çalışırdı. Amma “status”, “xalq” məfhumlarının müzakirə leksikonundan çıxarılması Ermənistanın arzularının fiaskosunu göstərir”,-deyə politoloq qeyd edib.

Y.Hacızadə bildirib ki, dövlətimizin başçısının Prezident Vladimir Putinin dəvəti ilə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin görüşündə iştirakı Rusiyada da üçtərəfli formada sülh danışıqların aparılmasına imkan verdi. Lakin ənənəvi olaraq Nikol Paşinyan yenə öz ənənəvi davranışını sərgilədi. Onun dövlət rəhbəri kimi protokol qaydalarına əməl etməməsi, yersiz müdaxilələri İqtisadi Birliyin iclasında provokasiya yaratma cəhdləri Prezident İlham Əliyev tərəfindən cavabsız qalmadı. N.Paşinyanın adətən tədbirlərdə özünü “göstərməsi”, erməni auditoriyasına oynama cəhdləri psixologiyada “natamamlıq kompleksi” adlanır. Eyni zamanda, N. Paşinyan keçmiş Azərbaycan–Ermənistan münaqişəsindən istifadə edərək Rusiyaya qarşı təzyiq göstərməyə, onun qoşunlarını öz ərazisindən çıxartmağa çalışır. Qarabağda isə Azərbaycanla Rusiya arasında gərginlik yaratmağa səy göstərir.

“Dəhliz” anlayışı ilə bağlı məlumatsızlığı, onu ərazi iddiası kimi qiymətləndirməsi və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın məğzini ört-basdır etməyə çalışması Nikol Paşinyanın və komandasının təcrübəsizliyini və məkrini ortaya qoyur. Azərbaycan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara üzv olmasa da, həmin birliklərə daxil olan ölkələrlə Ermənistandan daha sıx münasibətləri var. Ona görə Ermənistanın adətən belə yerlərdə özünü “güclü” kimi göstərməyə cəhd etməsi çox yersiz haldır”, - deyə politoloq qeyd edib.

Siyasət