“Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq”

post-img

Avrasiya İqtisadi Birliyi Rusiya və Belarus arasında Gömrük İttifaqı Sazişinin imzalanması ilə 1995-ci il yanvarın 6-da yaradılıb. Üzv dövlətlərin iqtisadi inteqrasiyasını reallaşdırmaq qarşıya mühüm məqsəd kimi qoyulub. Onu da qeyd edək ki, təşkilat sonrakı dövrdə regional bir quruma çevrilib və 
2000-ci il oktyabrın 10-da Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən imzalanan müqavilə ilə daha da gücləndirilib. Moldova və Ukrayna ­
2002-ci ildə, Ermənistan isə 2003-cü ildə təşkilata müşahidəçi qismində qoşulub. Özbəkistan 2006-cı il yanvarın 25-də Avrasiya İqtisadi Birliyinə üzv qəbul edilib. Təşkilat, eyni zamanda,  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da müşahidəçi statusu ilə fəaliyyətə başlayıb.  
Moskvada Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də geniş tərkibdə keçirilən iclasına dəvət olunan Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Dövlətimizin başçısı nitqində ölkəmizin həyatı ilə bağlı bir sıra məsələlərlə yanaşı, respublikamızın iqtisadi sistemində əldə edilən yüksək inkişaf göstəricilərindən də ətraflı danışıb. 
Dövlətimizin başçısı hazırda Azərbaycanın qarşısında duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsi olduğunu və bu istiqamətdə mühüm göstəricilər əldə edildiyini diqqətə çatdırıb: “İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik”.
Azərbaycan lideri ötən il respublikamızın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini vurğuladıqdan sonra diqqəti cari ilin keçən dörd ayına yönəldib: “Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir”. 
Dövlətimizin başçısı tərəfindən xatırladılan göstəricilərin əldə olunmasını bir sıra amillər şərtləndirib. Xüsusilə respublikamızın tranzit potensialının reallaşdırılması üçün icra olunan layihələr bu məsələdə son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı gerçəkləşdirilən layihələr, habelə qlobal miqyaslı təşəbbüslər Azərbaycanı sosial-iqtisadi inkişafı sürətləndirməklə ölkəmizi mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Avtomobil yolları və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayıb, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 
Yuxarıda qeyd edilən yüksək statistik göstəricilərin əldə olunmasında biznes əlaqələrinin təşviqi də mühüm rol oynayıb. Belə ki, son 20 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması da təbii ki, respublikamızın xarici iqtisadi-ticari əlaqələrinin genişlənməsini şərtləndirib. Bu, ölkə rəhbərinin Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışında öz ifadəsini tapıb. Belə ki, dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının öz-özünü təmin etdiyini və kənardan dəstəyə ehtiyac olmadığını, son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun    3 dəfədən çox artdığını, həmçinin yoxsulluğun səviyyəsinin təxminən 50 faizdən 5 faizə endiyini bildirib. 
Azərbaycan lideri respublikamızın iqtisadi uğurlarından bəhs edərkən, xarici dövlət borcunun ümumi daxili  məhsulun demək olar ki, 9 faizindən aşağı səviyyəsində olduğunu və bu göstəricinin   ildən-ilə azaldığını, həmçinin valyuta ehtiyatlarının xarici borcu 10 dəfə üstələdiyini diqqətə çatdırıb. 
Yeri gəlmişkən, xatırladaq ki, daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla aprelin 1-nə 4 milyard 368,7 milyon manat təşkil edib.
Göründüyü kimi, Azərbaycan dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu, vurğulandığı kimi, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilməsinin nəticəsidir.
Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. 
Respublikamızda xammal sektorunun inkişafı baxımından da bu nəqliyyat dəhlizlərinin gerçəkləşməsi ölkəmizə böyük fayda verməkdədir. Bu, eyni zamanda, Azərbaycanın həm Şimal, həm də Asiya bazarlarına çıxış imkanlarını da genişləndirir. 
Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması, eyni zamanda, avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.
Bu fikirlə bağlı dövlətimizin başçısı iclasda deyib: “Azərbaycan Şimal–Cənub Nəqliyyat Dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”. 
Yeri gəlmişkən,  Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi regionumuzda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizinin açılması qarşıya önəmli vəzifə kimi qoyulub.   
Bu dəhlizin fəaliyyətə başlamasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr tərəfindən buna böyük maraq göstərilir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də  digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”



Siyasət