Hələ ovlamadıqları tülkünün dərisindən kürk tikmək istəyənlər

post-img

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin “qlavar”ları arasında didişmə nəinki səngimir, əksinə, daha da şiddətlənir. Separatçılar ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra onsuz da böyük təşviş, qorxu və səksəkə içində idilər. Onların arasında mübahisə, qarşıdurma və qarşılıqlı ittihamlar baş alıb gedirdi. Azərbaycanın Vətən müharibəsindən sonra yürütdüyü ardıcıl siyasət, atdığı uğurlu diplomatik, hərbi-siyasi addımlar da onlara əlavə dərd olmuşdu. Belədə məğlubiyyətlərinin təqsirkarı qismində həm biri-birini suçlayır, həm də günahı Ermənistan iqtidarının üzərinə atırdılar.

Müharibədən sonra Hayastanda Ni­kol Paşinyana etirazlar o qədər güclü idi ki, baş nazir növbədənkənar parlament seçkisinə getməyə məcbur oldu. 2021-ci ilin iyununda keçirilən həmin seçki bir növ Paşinyana etimad referendumu idi. İndi isə deyəsən, bu ssenari Qarabağdakı haylar arasında təkrarlanacaq. Hər halda son proseslər belə deməyə əsas verir.

Xankəndidə gərginlik mayın 15-dən sonra yeni müstəviyə qədəm qoyub. Həmin gün şəhərdə separatçı rejimin “təhlükəsizlik şurası”nın katibi Samvel Babayana “dövlət naziri” vəzifəsinin ve­rilməsi tələbi ilə mitinq keçirilib. Mitinq­dən üç gün sonra keçmiş “dövlət naziri” Ruben Vardanyan isə keçirdiyi mətbuat konfransında “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qondarma qurum yaratdığını açıqlayıb. O deyib ki, müxtəlif düşərgələrdən olan insanlar bu bu “ide­ya” ətrafında birləşib: “Bu, insanların bir şəxs deyil, bir ideya ətrafında birləş­məsinə dair nümunədir. İnsanlar vəziy­yətin kəskinliyini anlayaraq birləşiblər. Biz gələcəyimizə cavabdehik. İdeyasız hərəkətlər təhlükəlidir. Şəxsi və partiya maraqlarını bir kənara qoyub bir-birimizi dinləməyə çalışa bildik. Biz bu cəbhəni ona görə formalaşdırırıq ki, Artsax təh­lükəsiz və azad olsun”.

***

Qondarma rejimin daxilində – “hö­kumət”də də, “parlament”də də həyəcan­lanma var. Təsadüfi deyil ki, S.Babayanın mitinqində özünü separatçı rejimin “parla­ment sədri” adlandıran Artur Tovmasyan da çıxış edib. O deyib ki, məqsədi mitinq­çilərin tələbini rəhbərliyə çatdırmaqdır. Bu məsələ ilə bağlı siyasi müzakirələrə başlamaq lazımdır ki, insanlar mitinqlər yolu ilə istədikləri şəxsin vəzifəyə təyin olunmasını tələb etməsinlər. Tovmas­yan hesab edir ki, yoxsa, onlar Qarabağı itirəcəklər və buna görə aksiya rəhbərləri məsuliyyət daşıyacaq: “Biri müsahibə ve­rir, biri canlı yayıma çıxır, bəsdirin. Gəlin, baxaq görək, nə etməliyik. Gəlin birləşək, bu cəmiyyəti parçalamayaq”.

Babayan isə Tovmasyana deyib ki, onlar bu vəzifədə 100 gün vaxt istəyir­lər, əgər bacarmasalar, çıxıb gedəcəklər. Babayanın sözlərinə görə, onlara başqa siyasi qüvvələrə qoşulmaq təklif olunub, amma nəyə görə hansısa məsələni həll etmək üçün kiminləsə birləşmək lazım­dır?!

Qondarma rejimin “qlavar”ı Arayik Arutyunyan sosial şəbəkə hesabında təkcə onu yazıb ki, mitinqin təşkilatçıları­na məsələ ilə bağlı dialoq təklif edilib. O, hamını təmkinli olmağa çağırıb.

***

Separatçı rejimin müxalifətçi depu­tatı Metakse Akopyan isə hesab edir ki, Samvel Babayan da daxil Qarabağdakı erməni icmasında Ermənistan hakimiy­yəti tərəfindən idarə olunan 3-4 siyasət­çi var: “Onların hərəkətləri, tələbləri və bütün addımları Ermənistan hakimiyyəti ilə razılaşdırılır və sanki hər bir söz və hərəkət birbaşa Qarabağdakı erməni icmasına qarşı yönəlib”. Akopyan deyib ki, “Daşnaksütyun” partiyası da daxil ol­maqla, bir sıra siyasi qüvvələr və ictimai xadimlər yaxın günlərdə vahid cəbhədən çıxış edəcəklər və onların mübarizə pla­nı mövcuddur. Onun sözlərinə görə, bu cəbhədə separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan da var. Amma hansı addımların atılacağı hələ ki, açıq­lanmır. Qarabağdakı separatçı qüvvələr bunu xilas cəbhəsi hesab edir və Samvel Babayanın da ora dəvət olunduğu ehti­mal edilir.

Xankəndidə siyasi ehtirasların qızış­ması yolunda növbəti addım separatçı rejimin oyuncaq parlamentinin sədri Artur Tovmasyanın bugünlərdə Arayik Arut­yunyanın istefasını tələb etməsi olub: “Ya istefa verin, ya da etimad referendumu keçirilsin. Əgər əhali sizə etimad göstər­məsə, gedəcəksiniz. Lakin bu o demək deyil ki, siz istefa verəcəyiniz təqdirdə səlahiyyətlərinizi Artur Tovmasyan icra edəcək. Əgər xalq sizə inanmasa, mən də gedəcəm”. O, A.Arutyunyana “dövlət müdafiə komitəsi”nin yaradılmasını təklif edib: “90-cı illərdə bizi xilas edən bir mo­del var. Mən “dövlət müdafiə komitəsi”nə iki nəfərin – Ruben Vardanyan və Samvel Babayanın daxil edilməsini təklif etdim”.

Göründüyü kimi, haylar arasında qar­şıdurma yüksələn xətt üzrə gedir. Pro­seslərin məcradan çıxmaması üçün baş separatçı Arutyunyan bir neçə gün əvvəl siyasi məsləhətləşmələrin başlandığını və müxalifət qüvvələrinin nümayəndələri­nin, o cümlədən Babayan və Vardanyanın daxil olacağı yeni qurumun formalaşaca­ğını elan edib. Lakin məsləhətləşmələr uğursuzluqla nəticələnib. Belə ki, siyasi qüvvələr bir masa arxasında əyləşə bil­məyib, qondarma “iqtidar, parlament və parlamentdənkənar müxalifət” arasında razılıq əldə olunmayıb.

“Harparak” qəzeti yazır ki, vəziyyətin belə olduğunu görən Arutyunyan etimad referendumunun keçirilməsi təklifi üzə­rində dayanıb. Yaxın bir-iki ayda referen­dum təşkil olunacaq və Arayikə etimad göstərilib-göstərilmədiyi sualına cavab veriləcək. Separatçılar daxili siyasi böh­ranı bu və ya digər şəkildə həll etməyə çalışsalar da, onların səylərinin əbəs ol­duğu hamıya, elə özlərinə də aydındır. Ələlxüsus, Paşinyanın mayın 22-də Qa­rabağı Azərbaycanın bir hissəsi kimi tanı­mağa hazır olduğunu bəyan etməsindən sonra...

 

Aydın QULİYEV,
politoloq

– Əslində, separatçıların son yuvası olan Xankəndidə “hakimiy­yəti” əllərində saxlayan qüvvələrin konkret nəyəsə ümidləri qalmayıb. Sadəcə olaraq, özlərinin separat­çı “hakimiyyətləri”nin ömrünü az da olsa, uzatmaq haqqında dü­şünürlər. Müşahidələr göstərir ki, Azərbaycanın Ermənistan hakimiy­yətinə diplomatik-siyasi təzyiqləri gücləndikcə Xankəndi rejiminin daxilində çəkişmələr qızışır.

Hazırkı şəraitdə bu rejimin içərisində şərti olaraq üç qüvvə özünü göstərir. Bunlar Vardanya­nın da fəal şəkildə iştirak etdiyi və Rusiyaya bağlı olan qüvvələrdir. İkincisi, qondarma parlamentə rəh­bərlik edən Tovmasyan və onun çevrəsindəki dəstədir. Üçüncüsü isə Arutyunyan və onun adamla­rıdır. Tovmasyan və Arutyunyanın İrəvandan müəyyən təlimatlar al­dıqları və onu icra etdikləri şüb-həsizdir. Amma bütün hallarda Xankəndi rejiminin daxilindəki bu çəkişmələrdə, onların dərinləşmə­sində əsas rolu Vardanyanın daxil olduğu qrup oynayır. Bunların hər biri rejim üzərində daha çox təsir imkanını ələ keçirməyə çalışır. On­ların bu qarşıdurması hələ ovlama­dıqları tülkünün dərisindən özlərinə kürk tikməyə bənzəyir. Sözsüz ki, bu qarşıdurmaların heç bir faydası olmayacaq. Çünki Xankəndi rejimi­nin ömrü, separatizm oyunları sona çatmaq üzrədir və bu qarşıdurmanı da məğlubiyyətə məhkum olanların mübarizəsi adlandırmaq daha doğ­ru olardı.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət