“Bu adam SSRİ-ni dəyişməyə gəlib”

post-img

 II SÖHBƏT

Müasir dövrün ictimai-siyasi xadimləri sırasında özünü Heydər Əliyev məktəbinin sadiq yetirməsi kimi tanıdan və bu gün də ulu öndərin irsinə sədaqətilə seçilən Misir Mərdanovla “Heydər Əliyev xatirələr işığında” layihəsində ikinci söhbətimizi oxucularımıza təqdim edirik. 

– Misir müəllim, ilk söhbətiniz­dən məndə belə təəssürat yarandı ki, Heydər Əliyevin rəhbərliyi altında işləmək əvəzsiz bir təcrübə olmaq­la yanaşı, həm də taleyin misilsiz qismətidir. Heydər Əliyev bir əsrdə ucaldığı zirvədən indi sizə necə gö­rünür? 

– Heydər Əliyevin dahi şəxsiyyət ol­duğu şübhəsizdir. Bundan əlavə, Hey­dər Əliyevin həyatı həm də Azərbay­can tarixinin, dövlətçilik tariximizin çox dəyərli və son dərəcə maraqlı bir hissə­sidir. Azərbaycan dövlətçilik tarixinin iki mürəkkəb dövründə respublikaya rəh­bərlik edən, ölkənin sosial-iqtisadi yük­səlişinə nail olan, Azərbaycanın gerçək müstəqilliyini təmin edən şəxsiyyə­tin ömür yolu necə tarix olmaya bilər. Onun həyatında elə bir gün yoxdur ki, Vətənlə, Azərbaycanla, dövlətçiliklə və milli kimliyimizlə bağlı olmasın. 

Bu mənada Heydər Əliyevlə eyni zamanı paylaşmaq, eyni tarixi yaşamaq özü bir şərəfdir. Amma onun rəhbərliyi altında işləmək, dövlətçiliyimizin inkişa­fı naminə verdiyi tapşırıqları, müəyyən­ləşdirdiyi siyasi xətti həyata keçirməkdə iştirak etmək ikiqat şərəfdir. 

Ötən əsrin 40-cı illərində Heydər Əliyev Naxçıvan Nazirlər Sovetinin Daxili İşlər Nazirliyinin arxivində işləyir­di. Müəyyən müddətdən sonra baxır­lar ki, bu gənc oğlan çox biliklidir, rus dilini yaxşı bilir, boy-buxunlu və cüssəli bir insandır, çevikdir, dərrakəlidir. Ona məsləhət görülüb ki, DTK-ya işə keçsin və ona bununla bağlı göndəriş verilir. Amma bu təklif Heydər Əliyevin ürəyin­cə olmayıb. Niyə? 

O zaman “kartoçka” sistemi olub. Yəni hər adama ailə üzvlərinin sayına görə ərzaq verilirdi. Onun əvvəlki işi təklif olunan işdən bu məsələdə daha sərfəli iş imiş. İkincisi, Heydər Əliyev o zamankı DTK-nın amansız və müdhiş əməllərini çox gözəl bilirdi və istəmirdi ki, əli bu işlərə bulaşsın. Ancaq parti­yanın tapşırığından da çıxa bilməyib, çünki bu onun karyerasının sonu ola bilərdi. 

Müharibə başlayanda sovet qoşun­ları İrana, Cənubi Azərbaycana daxil oldular. Orada Seyid Cəfər Pişəvəri­nin rəhbərliyi ilə Cənubi Azərbaycan Respublikası yaradıldı. Həmin ərazi də Naxçıvanla qonşudur. Orada baş verənlər Heydər Əliyevin gözləri qarşı­sında baş verib. Heydər Əliyev Mircəfər Bağırovla Seyid Cəfər Pişəvərinin gö­rüşünü də burada təşkil edib. Məhz o zaman Mircəfər Bağırovla şəxsən tanış olub. 

Stalinin əmri ilə sovet qoşunları or­dan çıxarılanda minlərlə cənubi azər­baycanlı həlak olub və qaçqın düşüb. Onların sonradan istintaqı keçirilib. Bu proseslər vaxtı Heydər Əliyev xeyli in­sanı “qırmızı terror”dan xilas edib. 

Əvvəla, Heydər Əliyev DTK-ya gələndən sonra bu sistemi əvvəlcə Naxçıvanda, sonra isə bütün Azər­baycanda milliləşdirib. İkincisi həmin qəddar və amansız sistemin içində Azərbaycanın ziyalılarını və görkəmli adamlarını xilas bilib. Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi insanları qoruya bilib.

Müharibə qurtarandan sonra Vətənə qayıdan iki mindən çox əsir düşmüş azərbaycanlını o zaman Vətən xaini hesab edir və buna görə ya gül­lələyir, ya da Sibirə sürgün edirdilər. Heydər Əliyev Azərbaycan DTK-ında o komissiyanın üzvlərindən biri kimi min­lərlə adamı məhv olmaqdan xilas edir. Ümumən sistemdəki xidmətlərini qiy­mətləndirib Heydər Əliyevi Bakıya gə­tirirlər. Burda isə daha geniş fəaliyyətə başlayır və bir neçə xüsusi əməliyyata rəhbərlik edir... 

Xatırlayırsınızsa, 1968-ci ildə Çexoslovakiyada bəzi hadisələr oldu. Bundan narahat olan sovet rəhbərliyi dərk etməyə başladı ki, həmin olaylar SSRİ respublikalarında da baş verə bilər. Ona görə qərara gəldilər ki, xü­susi xidmət orqanlarında çalışan güclü adamları rəhbər vəzifəyə təyin etmək lazımdır. Azərbaycanda bu güclü adam məhz Heydər Əliyev idi və SSRİ-də ge­dən proseslərin nəticəsi olaraq Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəh­bərliyinə gətirildi. 

Həmin illərdə, əlbəttə Azərbaycan ictimaiyyəti, o dövrün bizim nəsildən olan gəncləri ölkənin rəhbər şəxsləri qismində əsasən qeyri-azərbaycanlı familiyalarını eşitməyə, televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə öyrəşmişdi. Heydər Əliyev içimizdə qəzəb doğuran belə təsəvvürləri dəyişdi. İlk dəfə idi ki, Azər­baycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə edən, milli ruha bağlılı­ğını hər vəchlə büruzə verən lider gö­rürdük. Bunlar xalqımızın daxilində bir iftixar hissi oyatmağa başlamışdı və artıq gənc nəslə, milli təəssübkeşliyini dünənə qədər içində boğmaq məcbu­riyyətində qalan ziyalılarımıza Heydər Əliyev adı və soyadı, hər şeydən əvvəl, hakimiyyət olimpindəki milli qüdrət sim­volu kimi görünürdü. Bir sözlə, bu hiss elə ilk günlərdən xalqımızda milli ruhun oyanışına təkan verirdi.

–Çox maraqlıdır ki, hələ Heydər Əliyevin sağlığında, Azərbaycanın lider şəxsiyyəti olaraq onun hə­yat və fəaliyyəti daim diqqət çəkib, araşdırılıb, öyrənilib, hətta haqqında əfsanələr yaranıb. Yəqin o dövrün ziyalısı kimi Heydər Əliyev şəxsiy­yəti sizin diqqətinizdən də kənarda qalmayıb.

– Buna şübhə ola bilməz. İçində Azərbaycan milli ruhunu gəzdirən elə bir azərbaycanlı ziyalı tapmaq olmaz ki, Heydər Əliyevin fəaliyyəti onu qürur­landırmasın. Heydər Əliyev Azərbayca­na ilk dəfə rəhbər gələndə Kremlin ona olan etibarından öz xalqının, Vətəninin inkişafı üçün çox ustalıqla istifadə et­məyə başlayır və Moskvanın gözlərini qamaşdıra-qamaşdıra sosial-iqtisadi cəhətdən geridə qalan, aqrar ölkəyə çevrilmiş Azərbaycanı 15 respubli­ka arasında axırıncı yerdən ön sıraya çıxarır. Bizim nəsil bunun şahididir. Bu­nunla bərabər gənc, milli qeyrət yanğısı ilə çalışan lider öz arzularını da baca­rıqla həyata keçirməyə başlayıb. 

Bir maraqlı fakta rast gəldim və onu da sizə söyləmək istəyirəm. Sovet Azərbaycanı dönəmində Heydər Əliyev qərar verir ki, Bakının girəcəyində, Şıx çimərliyi boyu yolun sağ hissəsindəki böyük ərazidə yaşıllıq salınsın. Bir çox təşkilatlara ərazilər təhkim olunur ki, burada ağac əksinlər. Şair Qabil danı­şırdı ki, “bir də baxdıq, Heydər Əliyev əlində bel bizə tərəf gəlir. Gəlib hamı ilə salamlaşandan sonra dedi: “Qələmlə işləmək yaxşıdır, yoxsa bellə?” Bunu deyəndə qayıdıb ona dedim: “Heydər Əliyeviç, Siz nə gözəl Azərbaycan di­lində danışırsınız...” Heydər Əliyev sözümü ağzımda qoyub, yarıtəəccüb, yarıtəbəssümlə dedi: “Qabil, bura bax, mənim azərbaycanlı olmağıma sənin şübhən var? Məgər mənim öz dilimdə danışmağım qəbahət sayılmalıdır?”

Bu təkcə hər hansı bir dairədə nü­mayiş etdirilən jest deyildi. Heydər Əli­yev hakimiyyətə gəldikdən dərhal son­ra Bakı Dövlət Universitetinin 50 illik yubileyini keçirdi və o təntənəli tədbirdə ilk dəfə Azərbaycan dilində çıxış etdi...

– Misir müəllim, dediniz Heydər Əliyev ilk dəfə BDU-nun yubileyində Azərbaycan dilində çıxış edib. Amma tarixi faktlara görə, ulu öndər 1969-cu ilin avqustunda ilk dəfə “Kommu­nist”, indiki “Xalq qəzeti”nin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib...

– Ola bilər. Heydər Əliyevin rəh­bərliyi ilə ilk tədbir 1969-cu il avqustun 5-də keçirdiyi plenum olub. Orada han­sı dildə çıxış etdiyini deyə bilmərəm. Amma Bakı Dövlət Universitetində Azərbaycan dilində çıxış etməyinin özgə bir əhəmiyyəti var idi. Həmin tədbirdə SSRİ ali və orta ixtisas təhsili naziri, müttəfiq respublikaların müvafiq nazirləri, Sov.İKP MK-nın nümayən­dələri iştirak edirdilər və onların içində Azərbaycan dilində çıxış etmək o dövr­də cəsarət tələb edirdi... 

Bu yaxınlarda Türkiyədən olan bir professor ilə Heydər Əliyev barədə danışanda mənə dedi, “o zaman bütün Qərb yazırdı ki, DTK generalını Azər­baycana rəhbər təyin ediblər. Amma iki-üç aydan sonra onun çıxışlarını, korrupsiya ilə mübarizə tədbirləri ilə bağlı elan etdiyi qərarları eşidəndə ya­zırdılar ki, bu adam SSRİ-ni dəyişməyə gəlib”. Bəli, Heydər Əliyev hakimiyyətə gələr-gəlməz, həm SSRİ, həm də Azər­baycan Respublikası tarixində öz izini qoymağa başladı.

Hələ ölkədə hakimiyyət dəyişikliyi olmamışdan və Azərbaycan Respub­likası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov olanda DTK-nın sədri Heydər Əliyev, Nazirlər Sovetinin sədri Ənvər Əlixa­nov, Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İskəndərov, Mərkəzi Komitənin katibi Əli Əmirov idi. Bu say­dığım dörd adamın hər biri özünü Vəli Axundovdan sonra Azərbaycan KP MK-nın birinci katibi kürsüsündə görür­dü. Çünki onların Moskvada çox yük­sək vəzifəli adamlarla sıx əlaqələri var idi. Bəzisi Heydər Əliyevdən yaşca 5-10 il böyük idi. Ona görə Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması onlar üçün gözlənilməz oldu. İnanmır­dılar ki, Heydər Əliyev bu vəzifədə çox işləyə bilər. Hətta bəzi hallarda ona qar­şı saymamazlıq edirdilər. Ənvər Əlixa­nov və Məmməd İskəndərov Mərkəzi Komitənin iclaslarına gecikirdilər. Yaşlı olduqlarına və adət-ənənələrimizə hör­mət mənasında Heydər Əliyev onların bu hərəkətinə bir-iki dəfə səbr edir. Bir dəfə iclasa gecikən Ənvər Əlixanovu saxlayır. Əlixanov da adi adam deyildi. Neftçi –professor, Lenin mükafatı lau­reatı idi. Heydər Əliyev deyir: “Yoldaş Əlixanov, niyə gecikirsən? Bu, artıq neçənci dəfədir iclasa gecikirsən. Mənə hörmət etməyə bilərsən, ancaq partiya­ya və onun Mərkəzi Komitəsinə hörmət etmək sənin borcundur”. İki ay sonra Əlixanovu Nazirlər Sovetinin sədri və­zifəsindən çıxarır...

Heydər Əliyevin həyat və fəaliyyə­tinə kənardan baxanlar elə bilirdilər ki, o istədiyi şeyə çox asanlıqla nail olurdu. Yox, əsla belə deyildi. O, Azərbaycan üçün daha çox işlər görmək istəyirdi. Məsələn, Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyev Moskva qarşısında məsələ qaldırır ki, bu təhsil ocağına Lenin ordeni vermək lazım­dır. Universitetin professoru Maqsud Cavadova Sosialist Əməyi Qəhrəmanı adı verilməlidir. Bu sənədləri tapıb üzə çıxarmışam. Ancaq Moskva bunu etmir və BDU-ya “Qırmızı Əmək Bayrağı” or­denini iki ildən sonra verirlər. 

İlk vaxtlar Azərbaycandan Heydər Əliyev haqqında Moskvaya çoxlu do­noslar yazırdılar. Köhnə rəhbərliyin bəzi nümayəndələri mərkəzdəki dostlarına onun haqqında müxtəlif məlumatlar ötürürdülər. Hətta ilk vaxtlarda Heydər Əliyevin müxtəlif iclaslarından və keçir­diyi tədbirlərdən dərhal sonra Baş katib Brejnev şəxsən ona zəng vururdu ki, “siz orda nə işlə məşğulsunuz? İnsan­ları ayağa qaldırırsınız”. Heydər Əliyev də səbrlə cavab verirdi: “Siz narahat ol­mayın Leonid İliç, hər şey yolundadır”. Heydər Əliyev bütün bu hallara dözür, maneələri ustalıqla dəf edir və işi ilə eti­madını daha da artırırdı... 

– Misir müəllim, Heydər Əliyevə qarşı ən böyük ədalətsizliklər onun Moskvaya – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə gedəndən bir müddət sonra, Qor­baçovun hakimiyyətə gəlməsindən sonra başlayıb. Hərçənd, onun Mos­kvadakı fəaliyyət dövrü haqqında elə də geniş danışılmır, amma o döv­rün hadisələri də son dərəcə maraq­lı və Heydər Əliyev obrazının polad xarakterini açan faktlarla zəngindir.

– Sizinlə tam razıyam. Mən çox da dərin məqamlara toxunmayacağam. Konkret Qorbaçovun ədalətsizliyindən bir-iki faktı açıqlayacağam. 1985-ci ildə Heydər Əliyevin həyatında ən əziz adam- həyat yoldaşı Zərifə xanım haqq dünyasına qovuşur. Aprelin 14-də Zə­rifə xanım rəhmətə gedir, aprelin 22-də də Leninin anadan olan gün idi. Hər il olduğu kimi, həmin il də Siyasi Büro­nun bir üzvü Lenin haqqında məruzə etməli idi. Qorbaçov tapşırıq verir ki, Heydər Əliyevə deyin, Lenin haqqın­da məruzə hazırlasın və toplantıda çıxış etsin. Baxın, hakimiyyətə gələnə qədər Heydər Əliyevə yarınan, onun­la yaxın olduğunu göstərməyə çalışan Qorbaçov, Baş katib postuna seçilən­dən dərhal sonra özünə rəqib gördüyü, həsəd apardığı Heydər Əliyevi mənən sındırmağa, ona təzyiq göstərməyə ça­lışır. Amma Heydər Əliyev bunun qar­şısında qürurunu mətinliklə qoruyur və gəlib Siyasi Büroda məruzə edir. 

Başqa bir misal. 1986-cı il avqustun 31-də Novorossiyskdə “Admiral Naxi­mov” sərnişin gəmisi Çemess buxta­sında quru yük gəmisi “Pyotor Vasyov” gəmisi ilə toqquşaraq batır. 423 adam həlak olur və bir neçə min ton taxıl suya tökülüb sıradan çıxır. Həmin vaxt Qor­baçov Yaltada istirahət edirdi. Ona xə­bər verirlər ki, belə bir faciə baş verib. Deyir: “O məsələnin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər”. Heydər Əliyev heç bir şərait olmayan yerdə iki həftə orada qalır. Faciə qurbanlarının yaxın­larını dinləyir, zərər çəkən, yaralanan insanların təxliyə olunmasına və yardım edilməsinə göstərişlər verir, onların qay­ğısına qalır, dərdlərinə şərik olur. 

Ötən il “Arqumenti i faktı” (“Arqu­mentlər və faktlar”) qəzetinin foto­müxbiri Vladimir Svarçeviçin bu faciə haqqında xatirələri ilə tanış oldum. Müxbir danışır ki, SSRİ rəhbərliyinin qəzadan sonra yaratdığı xüsusi hö­kumət komissiyasına o zaman Sov.İKP MK Siyasi Bürosunun üzvü Heydər Əli­yev rəhbərlik edirdi. Mətbuat işçilərini faciə haqqında məlumat yaymağa im­kan vermirdilər. Mən faciə ilə bağlı olan səhnələri, dənizdən çıxarılan cəsədləri çəkirdim və sonra lentləri komissiyaya təhvil verirdim. Bu çəkilişlərin birində tanımadığım üçün mənə bağıran Kras­nodar Vilayət Partiya Komitənin birinci katibi, Sov.İKP MK-nın üzvü İvan Po­lozkovla çox sərt danışmışdım.. 

Zalda məni görən Polozkov barma­ğını mənə tərəf göstərərək Əliyevə şi­kayət etməyə başladı. Heydər Əliyev isə sözün əsl mənasında Polozkova əsəblərini daha da pozan sözlər söy­lədi: “İvan Kuzmiç, mən hesab edirəm ki, jurnalistlər sovet xalqına cinayətkar səhlənkarlığın nə qədər kədərli nəti­cələrə səbəb olduğunu söyləməyə borc­ludurlar! Jurnalistlərə necə kömək edə bilərəm?” Əliyev bunu deyəndə mən zalda qışqırdım: “Yoldaş Siyasi Büro üzvü, bizə vertolyot, qəza yerinə qayıq və maşın lazımdır. Dalğıcların necə işlə­diyini göstərmək lazımdır. Ən əsası isə senzura məsələsini həll etməliyik! Belə olmasa, onlar hər şeyi məhv edəcəklər!” Heydər Əliyev başını tərpətdi və yüksək səslə köməkçilərinə dedi: “Jurnalistlərə kömək edin! Mənim adımdan! Senzura məsələsini həll edin”.

Müxbir yazır ki, “Siyasi Büro üzvü Heydər Əliyev sözünün üstündə dur­du. Məni Moskvaya deportasiya et­məyə hazırlaşan həmin məmurlar artıq kömək edirdilər, Əliyevin dediklərini edirdilər...” 

Bu, baş vermiş faciənin xalqa çat­dırmağın vacib olduğunu deyən və zəruri imkan yaradan Heydər Əliyevlə bağlı ilk hadisə deyildi. Bundan əvvəl Çernobıl faciəsi zamanı da Heydər Əliyevin cəsarətlə fikrini söylədiyi mə­lumdur. Atom elektrik stansiyasında qəza baş verir, insanlar tələf olur, bəşə­ri təhlükə var, amma Siyasi Büro bunu gizlədir. Heydər Əliyev cəsarətlə ayağa durub deyir ki, siz bunu kimdən gizlə­dirsiniz? Xarici ölkələr hadisədən dər­hal sonra bundan xəbər tutublar. Yaxşı olardı biz gedib vəziyyətlə tanış olaq, lazım olan tədbirlərin görülməsi üçün səfərbər olaq. 

Amma Heydər Əliyevin Moskva dövründə göstərdiyi fədakarlıq bunlarla bitmir. Heydər Əliyev çıxışlarının birin­də deyir: “O zaman biz Sov.İKP Mərkə­zi Komitəsinin Siyasi Bürosunda mən, Kunayev və Rəşidov məhsəti türkləri­nin Orta Asiyadan doğma torpaqlarına qaytarılması məsələsini qaldırdıq. Bü­roda dedilər ki, Eduard Şevardnadze ilə danışın. Şevardnadze bu məsələnin həllinə mane oldu”. Bu da ondan irəli gəlirdi ki, Qorbaçov da o zaman Şe­vardnadzeni dəstəkləyirdi. 

1986-cı il Alma-Ata hadisələrini xatırlayın. Heydər Əliyevin Qorbaço­vun bəlkə də ilk savaşı elə bu məsələ­dən başlayır. Siyasi Büroda Baş katib M.Qorbaçov və onun tərəfdarları Kuna­yevi çıxarıb onun yerinə Kolbinin təyin edilməsini dəstəkləyirlər. Heydər Əliyev isə bunun əleyhinə çıxış edir. Ulu öndər sonralar özü bu epizodu belə xatırla­yırdı:

“Bilirsiniz, Mixail Sergeyeviç, uyğun şərait olmadığına görə iclasda sizə bir söz demədim. Amma indi bildirmək istəyirəm ki, insanların psixologiyasını az-çox bilirəm. Məncə, bu səhv təyinat idi. Düzdür, Kolbin çox yaxşı insandır... Amma Qazaxıstan üçün o, yararlı deyil. Nəzərə alın ki, səhv addım atırsınız”. Qorbaçov təəssüflə və qəzəblə mənə baxıb dedi: “Yaxşı, baxarıq”.

Heydər Əliyevin təklifinə əhəmiy­yət verməməyin nəticəsi nə oldu, sizə məlumdur. Qazaxıstana ordu yeridildi, minlərlə insan yaralandı, ölənlər oldu. Kolbin isə orada cəmi bir neçə ay iş­ləyə bildi. 

– Etiraf edək ki, qazax xalqı da Heydər Əliyevin bu cəsarətli addımı­nı heç zaman unutmur...

– Təbii unutmur. Bunun canlı şahidi olmuşam. Bir dəfə Heydər Əliyevin Qa­zaxıstana səfərində məni də nümayən­də heyətinin tərkibinə daxil etmişdilər. O zaman BDU-nun rektoru idim. Hey­dər Əliyev Qazaxıstan parlamentin­də çıxış edirdi. Ondan sonra bir yaşlı xanım deputat söz istədi və tribunaya çıxaraq dedi: “Mən Kunayevin ömü­rünün son günlərində onun yanında olmuşam. Kunayev bir gün mənə dedi ki, mən ölürəm. Sən qazax xalqına bil­dirməlisən ki, Heydər Əliyev Moskvada vaxti ilə qazax xalqına görə Qorbaçovla döş-döşə gəldi”. 

Həmin səfərdə Alma-Ata Universi­tetinə də getdik. O ərəfədə də biz də istəyirdik ki, universitetə muxtariyyət hüququ alaq. Təhsil naziri, rəhmətlik Li­diya Rəsulova, çox gözəl insan idi, an­caq bu təklifi yaxın buraxmırdı. Heydər Əliyev Alma-Ata Universitetində məni yanına çağırdı və dedi: “Sən burda qal, rektorla görüş. Onlar müstəqillik alıblar. Bax, gör bunu hansı yolla ediblər, onu öyrən, sənədləri götür, sonra mənə mə­lumat verərsən”.

Universitetdən sonra diasporla görüşə getdik. Heydər Əliyev hansı ölkəyə gedirdiksə, diasporla görüşür və hər çıxışının da baş mövzusu Qarabağ, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi olur­du. Qayıdanda təyyarədə bizi öz yanı­na dəvət etdi və dedi: “Mən burada gö­rüşlərdə danışanda görürdüm siz mənə birtəhər baxırsınız. Elə bilməyin ki, mən yaddaşımı itirmişəm. Xeyr! Mən bu məsələləri təkrar-təkrar danışıram ki, problemi buradakı insanlara başa sa­lım. Siz bunları bilirsiniz deyə, bunun­la hər şey bitmir. Hamı bunu bilməlidir, xüsusilə də Vətəndən kənarda yaşayan azərbaycanlılar”. 

Bir gün də Heydər Əliyevlə Mosk­vaya rəsmi səfərə getmişdik. O zaman artıq nazir idim. Orada ilk dəfə mən sənəd imzaladım. İmzalanmadan son­ra rəhbərlər çıxdılar, nümayəndə heyəti qaldı. Bir general bizə yaxınlaşıb dedi: “Mən Kremlin komendantıyam. Etiraz etmirsinizsə, sizi Kremllə tanış edim”. Gəzib, gəlib bir otağın qarşısında da­yandıq. Qapını açdı, baxdıq ki, içəridə Azərbaycanın bayrağı. General dedi: “Heydər Əliyev bu otaqda işləyib. Onun xatirəsinə hörmət əlaməti olaraq, bu otağı muzey kimi saxlayırıq”. Bizim üçün bundan böyük fəxr olunası bir ha­disə ola bilərdimi? 

(ardı növbəti sayımızda)

 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”



Müsahibə