Bu terrorun da izi Tehranı nişan verir

post-img

Milli Məclisin deputatı Fazil Mustafaya martın 28-də edilən sui-qəsdə cəhdin arxasında İranın dayandığı, demək olar, təsdiqlənib.

Xarici İşlər Nazirliyinin mətbuat kati­bi Ayxan Hacızadə martın 31-də İran Xa­rici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara dair şərhində qeyd edib ki, Azərbaycan öz ərazi­sindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib: “Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol veri­lir. Nümunə olaraq, Azərbaycanın sərhədləri boyu İranın hərbi təlimlər, sərhəd üzərindən hərbi uçuşlar həyata keçirməsini, bu ölkənin vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi təh­lükəsizlik strukturunun hətta, uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarx­lar çəkməsi və nümayişini, səfirliyimizə ter­ror hücumunu, deputat Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd et­mək olar”.

Ayxan Hacızadənin bu açıqlaması ilə rəs­mi şəxsin dilindən məlum terror cinayətində İranın iştirakı ictimaiyyətə ilk dəfə bəyan edilib. Əslində, bu da gözlənilən idi. İranın terrorçu mahiyyətinə bələd olduğumuz­dan hadisədən sonra bütün nəzərlər cənuba zillənmişdi. Fazil Mustafa özü də İrandan şübhələndiyini bildirib: “Versiya, təqribən o olar. Mənim başqa düşmənim yoxdur”.

***

Baş vermiş məlum sui-qəsdə cəhd hadisə­si, eləcə də İranın Azərbaycana qarşı artıq se­riya halını alan hərbi-diplomatik təxribatlarla bağlı Tehrandan açıq-aydın izahat gözlədi­yimiz bir vaxtda, İran XİN-in mətbuat katibi dünən yenə də hətərən-pətərən açıqlaması ilə gündəmə gəlib. Nasir Kənani İsrail və Azər­baycan arasında İran əleyhinə əldə olunan han­sısa razılaşmadan (?) bəhs edir və Azərbaycan XİN-i yalan bəyanat yaymaqda suçlayır. O, “Twitter”də yazıb: “Biz Azərbaycan hökumə­tindən İsrail (təbii ki, Kənani İsrail dövlətinin adını çəkmir, onu özünəməxsus şəkildə ifadə edir) Xarici işlər nazirinin İrana qarşı vahid cəbhə yaratmaqla bağlı Azərbaycanla razı­laşmaya dair sözlərinə aydınlıq gətirməsini istədik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi cavab verməkdən yayınaraq İra­na qarşı yeni ittihamlar səsləndirib. Davamlı susqunluq Bakının strateji tərəfdaşının bəya­natının təsdiqi deyilmi?”

Kənaninin bu açıqlaması sırf hallüsi­nasiyanın (mövcud olmayan bəzi obyektlə­ri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçəklik kimi qəbul edilməsi) tə­zahürüdür. Bəzən hallüsinasiya ilə bağlı söh­bətlər əyləncəli və gülməli gələ bilər. Lakin Kənanidə müşahidə olunan bu hallüsinasiya gülüş deyil, acı istehza doğurur. Fakt bundan ibarətdir ki, Azərbaycanla İsrail arasında hər hansı anti-İran cəbhəsi formalaşdırılmayıb. Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bakı Tehranla münasibətlərin hər zaman yaxşı olmasına çalışıb. İndiki gərginliyin ya­ranmasının səbəbkarı da 2021-сi ilin iyunun­da Hərbçi Ruhanilər Assosiasiyası adlanan ənənəvi siyasi klerikal mühafizəkar təşkilatın namizədi kimi prezident seçilmiş İbrahim Rəisidir.

Digər tərəfdən, məlum olduğu kimi, Xarici İşlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər naziri ilə brifinq zamanı İrana qarşı hər hansı mövqe səsləndirməyib. Bu nöqteyi-nəzərdən Kənaninin açıqlaması növbəti anti-Azərbaycan addım kimi qiymətləndirilir.

Kənaninin Azərbaycandakı müsəlman qardaşlara İsrailin əsl niyyətlərindən xəbər­dar olmağı tövsiyə etməsi isə iranlı diploma­tın ölkəmizlə bağlı xoşagəlməz çağırışlarının artıq son həddə çatmasının təsdiqidir.

***

Məsələyə Azərbaycanın mövqeyi özü­nü çox gözlətməyib. XİN-in mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kəna­niyə onun açıqlamasından az sonra cavab verib. Bu barədə “Twitter”də paylaşım edən Hacızadə yazıb: “Azərbaycana qarşı iddialar­la bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”.

***

Beləliklə, aprelin 1-i İranın Azərbaycana yönəlik daha bir əsassız ittihamı, könül bu­landıran mövqeyinin sərgilənməsi ilə yadda qaldı. Necə ki, hay-fars qardaşlığı bütöv­lükdə region üçün təhlükə olmaqda qalmaq­dadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğalına və bu ərazilərin talan edilməsinə, evlərdən sökülmüş daşla­rın İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiy­yət verilməməsi də yaddaşlardan silinməyib. Kənaninin həm martın 31-dəki, həm də ap­relin 1-dəki açıqlaması da Azərbaycan–İran münasibətlərində böhran vəziyyətinin dərin­ləşməsinə doğru növbəti addımdır. Ancaq molla rejiminin təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Er­mənistana göndərilən hərbi dəstəyə baxma­yaraq, Azərbaycan Ordusu 2020-ci ildə iş­ğalçı Ermənistan ordusunu darmadağın etdi. Əminliklə deyə bilərik ki, bundan sonra da Azərbaycana qarşı hər hansı təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq. Nəyi, necə və nə vaxt etməyi çox yaxşı bilən Bakı bu təxribatlara tutarlı cavabını verib və verə­cək.

Aydın Quliyev,
siyasi şərhçi:

– İranın xarici siyasətində əsas hədəflərindən biri, təəssüf ki, Azər­baycan–İsrail münasibətlərinə düşmən donu geyindirmək və bu münasibətləri hər vasitə ilə pozmağa cəhd göstər­məkdir. İranın artıq Azərbaycan–İsra­il münasibətlərinə yanaşmasında bir fobiya formalaşıb. Bəllidir ki, Bakı – Təl-Əviv əlaqələri heç bir üçüncü ölkəyə, o cümlədən, İrana qarşı deyil. Amma Tehran artıq illərdir ki, bu mü­nasibətlərdə hər atılan addımda özünə qarşı düşmənçilik motivləri və əlamət­ləri görür. İranın bu siyasətinin heç bir perspektivi yoxdur. Tehran bununla Azərbaycan–İsrail münasibətlərini korlamaq və bu münasibətlərin region­da sülhə, təhlükəsizliyə verə biləcəyi töhfələri sıradan çıxarmaq istəyir.

İranın istəklərindən biri də Azər­baycanın daxilində Bakı – Təl-Əviv münasibətlərinə olan yanaşmanı də­yişməkdir. Ancaq Tehran mövcud is­tiqamətdə nə qədər istəsə də, bu gün Azərbaycan–İsrail münasibətlərinə ya­naşmada ölkə ictimiyyətinin mövqeyi dövlətin siyasəti ilə tam üst-üstə dü­şür. İran kimi neçə dövlət hansı səviy­yələrdə təbliğat aparsa da, Azərbaycan cəmiyyətinin Bakı – Təl-Əviv müna­sibətlərinə olan həqiqi yanaşmasının əsaslarını sarsıda bilməz. Çünki Azər­baycan cəmiyyəti yüksək siyasi şüura malik, dinin və siyasətin mahiyyətini yaxşı anlayan cəmiyyətdir. Belə bir cəmiyyət dövlətin mənafelərini kənara qoyub heç vaxt xaricdən hansısa döv­lətin, o cümlədən, İranın siyasətinin is­tiqamətinə uya bilməz. Bu, yalnız İra­nın dünyadakı mövqeyinə ziyan vurur.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

aydin.jpg

Siyasət