Dönüb keçmişinə baxmazmı İran?!

post-img

1918-ci ildə Şimali Azərbaycanda baş vermiş soyqırımlarla yanaşı, həmin vaxt Cənubi Azərbaycanda da soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınlar erməni millətçilərinin bütün dünyada türk-müsəlman soyuna yönəlik barışmaz düşmənçilik və təcavüzkarlıq siyasətinin qoşa qanadı təsəvvürü oyadır. Bu antibəşəri cinayətlər eyni mənbədən qaynaqlanması və ortaq hədəfi ilə bir-birilə sıx bağlıdır. Bu barədə tarix üzrə elmlər doktoru Vaqif Abışov qəzetimizə açıqlamasında aşağıdakıları bildirdi.

Coğrafi nöqteyi-nəzərdən bu hadisələr həm Quzey Azərbaycanda, həm Güney Azərbaycanda, həm də Şərqi Anadoluda eyni bir vaxtda, silsilə şəklində törədilib. Tarixi izləsək, doğrudan, da 1914-1918-ci illərdə, xüsusilə 1918-ci ildə Şimali Azər­baycanda baş verən hadisələr Cənubi Azərbaycanda da baş verib. Hətta bir qədər daha tez. Bu hadisələr Urmiyada, Xoyda, Salmasda, Makuda, iri şəhərlərlə yanaşı, əksəriyyətini Azərbaycan türkləri təşkil edən kəndlərdə də törədilib. 

Biz elmi araşdırmalarda Şimali Azər­baycanda ermənilərin törətdikləri qırğınla­ra daha geniş yer ayırmışıq. Saysız-he­sabsız kitablar buraxılıb, konfranslar keçirilib. Şimali Azərbaycanda 70 il bu soyqırımı necə gizlədilibsə, Güney Azər­baycanda da istər Qacarlar, istər Pəhlə­vilər hakimiyyəti dövründə bu faciə açı­lıb-ağardılmayıb. Yəni fars və sovet rejimi erməniləri dəstəkləməklə hər iki taydakı Azərbaycan türklərinin başına gətirilən müsibətlərin dünya səviyyəsinə, hətta xalq səviyyəsinə çıxmasına mane olub. 

Yeri gəlmişkən deyim ki, əgər 1915-ci il dırnaqarası erməni “soyqırımı” ilə bağlı Tehranda, İsfahanda abidə qoyulubsa, niyə Xocalı soyqırımı ilə bağlı İranda bir löhvə də qoyulmayıb? Qarabağ münaqişə­si başlayandan bəri isə İran molla rejiminin 1918-ci ildə bu ölkədə dinc əhalini kütləvi surətdə qırmış bir vəhşi topluma arxa-da­yaq olması tarixdə görünməmiş bir dövlət rüsvayçılığıdır. Açıq görünür ki, İran fars hakimiyyəti hər iki tayda erməni millətçilə­rinin azərbyacanlıları qırnasından məm­nundur və bu siyasəti yüksək səviyyədə davam etdirir. Bu yerdə böyük Səməd Vurğunun unudulmaz sözləri yada düşür: “Dönüb keçmişinə baxmazmı İran?!”

O ki qaldı 1918-ci ildə Cüneydə ermə­nilərin kütləvi türk qırğınları törətməsinə bu faciənin coğrafi məkan çox böyükdür. Xəritəyə diqqət eləsək onların bu soyqı­rımları törətməkdə məqsədləri aydın olur: “Dənizdən-dənizə Böyük Ermənistan” ya­ratmaq. Güney qırğınlarında 200 mindən çox insan vəhşicəsinə öldürülmüşdü, an­caq bəlkə də daha 200 mini də öldürülə bilərdi.

Şimalda olduğu kimi, cənubda da si­lahsız, köməksiz, hazırlıqsız azərbaycan­lılar silahlı quldur erməni ordularına hədəf oldular. Mərkəzi hökumət, yəni Qacarlar onlara kömək etmirdi. Baxmayaraq ki, bir dövlət kimi müəyyən hərbi qüvvəsi də var idi. Belə olan halda orada Amerikanın, İn­giltərənin, Fransanın mənafeyini müdafiə edən, dediyi ilə oturub-duran Amazasp, Andranik, Şaumyan, Njde kimi insanlar meydana çıxdı. Kürdlərin nümayəndəsi Simitqonun, aysorlardan Marşimon, Ağa Petrosun da adını çəkə bilərik. Əslində o, Nikitinin Urmiyadakı konsulluğunda attaşe rolu oynayırdı. 

Demək istədiyim odur ki, erməniləri, aysorları heç bir fərq qoymadan bir da­irənin içində saxlayan qərb dövlətlərinin məqsədi, planı Cənubi Azərbaycanda bufer dövlət yaratmaq və gələcəkdə ona istinad edərək irəli getmək idi. Lakin alın­madı. Niyə? Bilirsiniz ki, Andranik 1918-ci il iyun ayında Cənubi Azərbaycana hücum etdi. Xüsusilə Xoydakı döyüşləri qeyd et­mək lazımdır. Andranik Zəngəzur, Naxçı­van tərəfdən böyük qüvvə, top-tüfənglə hücum etdi. Əgər Osmanlı qoşunları vax­tında gəlib çıxmasaydı, Xoy da Urmiya kimi yerlə-yeksan olacaq, orda azərbay­canlılardan əsər-əlamət qalmayacaqdı. 

Güneyli müəllif Məhbub Dadaşpurun “Kazım Xan Quşçu” adlı kitabının tərcümə olunması üçün mənə müraciət etmişdilər. 1918-ci il hadisələri barədə farsca bir ki­tab idi. Mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Kitabın adı fars dilində necə idisə elə də tərcümə etdik. Bu kitab­da həm hadisələrdə iştirak edən şəxslərin nəql etdiklərindən, həm İranda olan mən­bələrdən faktlar var. 

Biz müstəqillik qazanandan son­ra, İranda da 1979-cu ildə şah rejiminin devrilməsi ilə kitablar çıxmağa başladı. Məsələn, Səməd Sərdarniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” və Tohidi Məlikzadənin “Güney Azərbay­can I Dünya müharibəsi illərində” kitabla­rında 1914-1919-cu illərdə azərbaycanlı­lara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımından bəhs olunur. Tohidinin di­gər bir əsəri “Azərbaycan Birinci Dünya müharibəsində” adlı kitabdır.

Bu kitablar da göstərir ki, Güneydə soyqırımlar bu çox geniş coğrafiyada baş verib. Cənubi Azərbaycanın Sulduz şəhə­rindən, yəni Urmiya gölünün cənubların­dan Türkiyə sərhədlərinə qədər, şimalda isə Araz qırağına qədər. Rəsmi statistika­ya görə. Güneydə 200 min azərbaycanlı soyqırımının qurbanı olub. Bunun öyrənil­məsi məsələsi sırf yerli əhalinin təşəbbü­sü ilə bağlıdır, onlar bu məsələni araşdı­rıblar. Çoxlu insanlar var ki, həmin dövrdə bu hadisələrə öz gözləri ilə şahid olublar. Onların qeydləri də qalır. Eyni zamanda bu hadisələrlə bağlı missioner təşkilatlara məxsus xüsusi qeydlər də var.

Hazırladı:
T.RÜSTƏMLI,
“Xalq qəzeti”

guney12.jpg

Siyasət