Qafqazda və Anadoluda qətliamlar xüsusi layihə ilə törədilmişdi

post-img

31 Mart Azərbaycanlıların Soyqırımı Günü hər il qardaş Türkiyədə də şəhidlərin xatirəsinə dərin ehtiramla yad edilir, erməni qatillər və onların himayədarları bir daha lənətlənir. Müsahibimiz Milli Müdafiə Universiteti hərbi fakültəsi tarix kafedrasının müdiri, professor İbrahim Ethem Atnur “Xalq qəzeti”nə müsahibəsində törədilən soyqırımın miqyası və xüsusiyyətindən bəhs etdi, faciənin ibrət dərslərini qeyd etdi:

– O dönəmdə rus ordusu içərisində sayı 200 minə yaxın olan erməni qul­dur qrupları və erməni mənşəli əsgərlər var idi. Bu əsgərlərin çoxu Anadoludan, önəmli qismi də Qafqazdan gedən ermə­nilərdən təşkil olunmuşdu. Ruslar “mü­haribəyə yox” təbliğatı ilə Qafqazdan və Türkiyənin şərqindən geri qayıtdıqdan sonra bu ordunun içərisində rus olmayan əsgərlər və quldurlar Türkiyənin Şərqin­də və Azərbaycanda hakimiyyəti ələ ke­çirdilər. Bu əsgərlərin hakimiyyəti altında olan Türkiyənin şərqindəki bölgələrdə və Azərbaycan ərazisində - yəni Naxçı­vandan, İrəvandan Qubaya qədər olan bölgələrdə erməni əsgər və quldurları müsəlman xalqa, dinc əhaliyə qarşı bö­yük soyqırımları-insanlığa qarşı cinayət­lər törətdilər. 

Sözü gedən dönəmin hadisələri “31 Mart soyqırımı” şəkilində ifadə edilir. Amma bu ifadə bir simvoldur. Çünki er­mənilərin Qafqazda Azərbaycan əhali­sinə və Anadoludakı türk-müsəlmanlara qarşı törətdikləri soyqırımları, sadəcə, 31 mart gününü əhatə etmir. Qırğınlar öncə başladı və 5 – 6 ay davam etdi. Qətlə yetirilən qadın, yaşlı, gənc, uşaqların ad­ları Azərbaycan və Türkiyə arxivlərində tək-tək qeyd edilmişdi. Mən özüm Azər­baycan arxivlərində apardığım araşdır­malarda da bu adlara rast gəldim. Çünki qırğınlardan sonra təşkil edilən tədqiqat komissiyaları kənd-kənd gəzərək şahid­ləri tapır və fotolar əldə edirdilər. Məhz bu komissiyaların sayəsində soyqırımın ortaya çıxan maddi dəlilləri günümüzə qədər gəlib çıxa bildi.

Dediklərinizdən belə qənaətə gəlmək olur ki, qırğınları Türkiyə və Azərbaycan bölgələrinin böyük qismini əhatə edib. Sizcə, qətliamları törədənlər kimlər idi və hadisələri təşkilatı baxımdan digər­lərindən fərqləndirən əsas amil nə idi? Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Gəncədə, Lənkəranda, Zəngəzurda, Naxçıvanda, İrəvanda bu qırğınları təş­kil edən erməni-daşnak quldurları və rus ordusu içərisində yetişən, bölgədə qalan erməni mənşəli əsgərlər olub. 

31 mart günü Bakıda həyata keçirilən soyqırımı 11 min müsəlmanın həyatına son qoydu. Paytaxtda sadəcə insanlar qətlə yetirilmədi, tarixi məscidlər, abi­dələr, binalar da məhv edildi. İnsanlar, sadəcə, güllə ilə deyil, balta, daş, xən­cərlərlə əziyyət verilərək öldürüldü. İn­sanlıq adına acınacaqlı məsələ də bu idi. Dünyada yaşanan qətliamları, zülümləri daha çox aşağı təbəqədən olan insanlar həyata keçiriblər. Bizim Bakıda və Azər­baycanda, Anadoluda gördüyümüz qətli­amları idarə edən insanlar isə rus ordusu içərisində yetişmiş böyük rütbəli əsgərlər, erməni həkimlər, ziyalılar olmuşlar. 

Türkiyənin şərqində meydana gələn və Qafqaza yayılan bu qətliamlar fev­ralda başladı, mart ayında kulminasiya nöqtəsinə yüksələrək aprel ayında da da­vam etdi. Demək olar ki, 1918-ci ilin ilk 5 ayı ərzində həm Azərbaycanda, həm də Anadolunun Şərqində çox böyük qətliam­lar törədildi. Mənim qənaətimə görə, er­mənilər bu soyqırımlarını qəsdən, planlı şəkildə, xüsusi qəddarlıqla törətmişdilər. Çünki soyqırımlar Ərzurum, Ərzincan, Qars ilə eyni anda Quba və Lənkəranda da baş verirdi. Bu, bir ortaq ağlın, ortaq layihənin məhsulu öncədən gerçəkləşən bir planın nəticəsidir. 

Yəni bu planlarını rus ordusu getdik­dən dərhal sonra onlardan qalan silahları da ələ keçirərək Şaumyanın lideri olduğu bolşeviklərdən də dəstək alaraq sadə­cə Bakıda 11 min insanı qətlə yetirdilər. Qubada 16 minə yaxın, Şamaxıda 8 min, Zəngəzurda 10 mindən çox insanı qətl etdilər. Eynilə 2020-ci ildə işğaldan azad edilən Qarabağ torpaqlarında rastlaşdı­ğımız mənzərə kimi evlərə, ibadətxanala­ra, məzarlıqlara, təbiətə, tarixi miraslara zərər verdilər.

Ermənilərin bu soyqırımlarını törə­dən “milli qəhrəmanları” bəşəri canilərdir. Məsələn Hamazaps Ərzurumlu erməni­dir. Dağlarda quldurluq edən bu ermə­ninin Qubaya qədər gedib dinc əhalini qətlə yetirdiyini bizə tarixi faktlar da sübut edir. Ermənilərin bu qatillər üçün abidələr qoyması faktı insanlıq adına utanverici­dir. Ermənilər vəhşi cinayətkar “qəhrəma­ları”na baxıb qürur duyurlar, qondarma ssenarilərinə əsaslanıb qisasçılıq hissi ilə qana susayırlar. 

Bildiyiniz kimi, erməni cinayətinin sübutu olaraq bu gün Qubada bir abidə yüksəlir. Bu abidə həyatı məhv edilən insanların əzablarını simvolizə edir. Bi­zim gənclik bu abidələrə baxıb tarixdə baş verənlərdən ibrət götürməlidir, dərs çıxarmalıdır ki, bu hadisələr bir daha tək­rar olmasın. Bu cinayətdə iştirak edən erməni ziyalılarını, quldurlarını bir insan, bir elm adamı olaraq lənətləyirəm və bir daha yaşanmaması üçün çox tədbirli ol­maq lazımdır.

 

Hazırladı:
M.SULTANOVA 

Ankara

Sosial həyat