İranın Azərbaycana münasibətdə xəbisliyi bitib-tükənmir. Ölkəmiz 30 ildən çoxdur dövlət müstəqilliyini bərpa etsə də, Tehran rejimi Azərbaycanı müstəqil dövlət kimi hələ də qəbul edə bilmir. Ötən müddət ərzində İran qonşuluğunda dünyəvi, demokratik, sivil dünyanın qaydalarına uyğun fəaliyyət göstərən modern respublikanın mövcudluğunu qəbul edə bilmədiyini hər vəchlə nümayiş etdirib.
İranın Azərbaycana etdiyi hər pislik barədə bir geniş məqalə yazmaq bəs etməz. Azərbaycan sevdalıları bu faktları unutmadıqları üçün onları yenidən xatırlatmağa ehtiyac duymuruq. Sadəcə, onu deməkdə fayda var ki, bu faktlar İrandakı molla rejiminin Azərbaycana patoloji kin və nifrət bəslədiyindən xəbər verir. Vətən müharibəsində qazandığımız tarixi Zəfər, Azərbaycanın öz torpaqlarına, o cümlədən İranla sərhədin 132 kilometrlik hissəsinə sahib durması, Zəngəzur dəhlizinin açılması istiqamətində Bakının atdığı addımlar İranın indiyədək gizlətməyi bacardığı xain niyyətlərinin üzə çıxmasına səbəb oldu.
Ümumilikdə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Ancaq hazırda hamı bu fikirlə razılaşır və açıq etiraf edir ki, İran-Azərbaycan münasibətləri müstəqillik dövrümüzün ən soyuq və gərgin dövrünü yaşayır. Bunun da səbəbkarı Azərbaycanda hansısa “sionist” qüvvələr axtaran, bu ad altında öz məqsədlərini pərdələyən İranın hazırkı mühafizəkar molla rejimidir.
İranın terrorçu mahiyyətinə bütün dünya bələddir
Belə bir məşhur deyim var: velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Bu deyim həqiqətin və vəziyyətdən çıxış yolunun hər kəsə bəlli olduğu şəraitdə yeni variantların axtarılmasına ehtiyacın olmadığını özündə ehtiva edir. İran da mahiyyət etibarilə terrorçu dövlətdir. Bu, artıq dəfələrlə sübut olunmuş faktdır. İran sanksiyalar altında olan ölkədir. Molla rejiminin bəşəriyyət üçün doğurduğu təhlükələrin dərki ilk dəfə ABŞ-ın 1979-cu ildə İrana birtərəfli sanksiya tətbiq etməsinə gətirib çıxarıb. 2006-cı ildən molla rejimi BMT Təhlükəsizlik Şurasının, 2010-cu ildən Avropa İttifaqının sanksiyaları altındadır. Sanksiyalar İrana nüvə, raket və hərbi məhsulların əhəmiyyətli hissəsinin ixracını, neft-qaz və neft-kimya sənayesinə birbaşa xarici investisiyaları, neft məhsullarının ixracını, banklar, sığorta şirkətləri, habelə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran donanması ilə hər hansı əməkdaşlığı, maliyyə tranzaksiyalarını qadağan edir. Bundan əlavə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyətləri 2019-cu ilin aprelindən SEPAH-ı terror təşkilatı kimi tanıyırlar. ABŞ-ın atdığı bu addım müəyyən dərəcədə presedentsizdir: Vaşinqton ilk dəfə rəsmi dövlət strukturunu terrorçu elan edib. Üstəlik, Ağ ev əvvəllər SEPAH-ı İran hökumətinin terror kampaniyalarının idarə olunması və maliyyələşdirilməsi üçün strukturu adlandırmışdı. Bu məlumatlar İranın terrorçu mahiyyətinə bütün dünyanın bələd olmasının göstəricisidir.
Sui-qəsdə cəhdin arxasında İranın dayandığı heç kimdə şübhə doğurmur
İranın terrorçu mahiyyəti bu günlərdə özünü bir daha göstərdi. Artıq Milli Məclisin deputatı Fazil Mustafaya martın 28-də edilən hücumun arxasında İranın dayandığı heç kimdə şübhə doğurmur. Bu, İranın son dövrlərdə Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə hücuma görə heç kimin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu dövlətdir. Bu ölkədə terror törətmək də cinayət sayılmır.
Hücumun vaxtı təsadüfi seçilməyib
Bəs, Fazil Mustafaya edilən sui-qəsdin zaman seçimi təsadüfdürmü? Ən azı, iki məqam bu hücumun vaxtının təsadüfən seçilmədiyini göstərir. Əvvəla, sui-qəsd İsraildə Azərbaycan səfirliyinin açıldığı, Xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu dövrdə törədilib. Bununla Azərbaycan-İsrail münasibətlərinə sanki demarş edən “çoxəsrlik, zəngin dövlətçilik təcrübəsinə” malik iranlılar nədənsə unudurlar ki, onların Azərbaycanın əleyhinə atdıqları hər addım Bakı ilə Tel-Əvivin daha da yaxınlaşmasına səbəb olur.
Digər tərəfdən, hadisənin Azərbaycan dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günü baş verməsi göstərir ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir.
Tehran bundan öncə də Azərbaycanda terror törədib
Təəssüf ki, İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdikləri terror aktları yaxın keçmişimizin bir hissəsidir. Onların ölkəmizdəki terrorçuluq əməlləri hər kəsə məlumdur. Buna nümunə olaraq, akademik Ziya Bünyadovun, yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsini göstərmək olar. 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri barədə çoxsaylı məlumatlar var idi. İran dövlətinin terror əməllərindən Yaxın Şərqin bir sıra ölkələri, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələr də əziyyət çəkir.
Bu kontekstdə martın 30-da İran ordusunun quru qoşunlarının komandanı Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirməsi də diqqətdən yayınmır. O, Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda, İran tərəfindən Ermənistanla sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyib.
İranlı komandanın açıqlaması Azərbaycanın Müdafiə Nazirliyinin sərt etirazı ilə qarşılanıb. Nazirlik Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamının əsassız və tamamilə qəbuledilməz olduğunu bildirib. Qeyd edilib ki, ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyil.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
İranda yüksək hərbi vəzifə daşıyan şəxslərin açıqlamaları Tehranın Azərbaycana yönəlik təhdidlərindən əl çəkmədiyini göstərir. İran bizim regionda hərbi-siyasi müstəvidə böyük bir münaqişə yaratmağa meyillidir. Amma burada bir məsələ var: İran nə qədər sözdən əmələ keçə bilər?! Yəqin ki, bu hamını maraqlandırır. Azərbaycan dəfələrlə isbat edib ki, istənilən xarici qüvvədən ərazi bütövlüyümüzü və milli maraqlarımızı qorumağa hazırıq. Sözsüz ki, biz bu vəziyyətdə tək deyilik. Bizə müttəfiq ölkələr var. İstər qardaş Türkiyə, istərsə eyni problemdən əziyyət çəkən İsrail və bir sıra başqa dövlətlər var. Bizə lazımdır ki, fürsətdən istifadə edərək, İrana açıq və gizli dəstək verən ölkələr bizim regionu yeni münaqişə ocağına çevirməsinlər.
İranın quru qoşunlarının komandanının açıqlaması isə boşboğazlıqdır. Çünki hərbçinin işi hərəkət etmək, döyüşməkdir. Mətbuata açıqlamalar vermək, mərsiyə oxumaq deyil. Yaxud hərbi paltar geyinib roliklər, hərbi səpkidə Azərbaycanı təhdid edən videoçarxlar çəkmək, quş uçurtmaq, mahnı oxumaq İran daxilindəki auditoriya üçün keçərlidir. Amma qıraqdan çox gülünc görünür və istehza doğurur.
İran adını İslam dövləti qoyub, ancaq qeyri-İslam maraqlarına xidmət edir. Gözdən pərdə asmaq üçün bildirir ki, guya burada İsrail güclənir. Ancaq bu regionda əsas problem erməni millətçiliyi və onların havadarlarıdır. Bu regionda bütün qan-qada, problem erməni qəsbkarlarından və ona dəstək verən İrandan gəlir.
Səxavət HƏMİD, “Xalq qəzeti”