Molla rejiminin polisi hicabsızları hədələyib

post-img

DİN-in bəyanatında bildirilir: Hicab İran mədəniyyətinin əsas dayaqlarından, təməl prinsiplərindən biridir

İranda ictimai-siyasi sabitlik bərpa olunmayıb, xalqın mövcud hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Hö­kumətin etirazçılara qarşı görünməmiş cəza tədbirləri tətbiq etməsinə, hicab qaydalarını sərtləşdirməsinə baxma­yaraq, ayrı-ayrı şəhərlərdə müxtəlif sə­bəblərlə, xüsusən ölkədəki inflyasiya üzündən əmək haqqı və pensiyaların ve­rilməməsi ilə bağlı mitinq və nümayişlər keçirilir. 

GunazTV-nin verdiyi məlumata görə, bu günlərdə İran parlamentinin milli təh­lükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Əhmədi Biğəş hakimiyyə­tin iqtisadi siyasətini tənqid edib. O, bu barədə özünün tvitter hesabında payla­şım edib.

Millət vəkili İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mirkaziminin inflyasiyanı nəzarətə ala biləcəkləri ilə bağlı çıxışını əsassız iddia adlandırıb: “Müəllimlərin bir aylıq əmək haqlarını ödəməyə gücü çatmayanlar böyük iddi­alar edirlər”.

Qeyd edək ki, son vaxtlar müəllimlər və təhsil işçiləri əmək haqları ödənilmə­diyi üçün İranın onlarla şəhərində etiraz aksiyaları keçiriblər. Eyni zamanda, ay­rı-ayrı şəhərlərdə gənc qadınlar hicabla­rını ataraq rəqs etməklə hökumətə etiraz­larını ifadə edirlər. 

Həmədan şəhərində isə dünən taksi sürücüləri etiraz aksiyasına qoşulublar. Bu barədə işçi hərəkatın fəalları məlumat yayıblar. Sürücülər qanunla nəzərdə tu­tulmuş hüquqlarının təmin olunmadığını, siğorta xidmətlərindən istifadə edə bilmə­diklərini və nəzərdə tutulmuş subsidiya­ların verilməməsinə etirazlarını bildiriblər.

İranın Gilan əyalətinin mərkəzi Rəşt şəhərində məcburi hicab qaydalarına əməl olunmaması ilə bağlı 5 iş yeri bağ­lanıb. Bununla yanaşı, Noşəhrdə hicab pozuntusu və orucluq ayında qonaqlara xidmət göstərdiyinə görə (oruc qayda­larının pozulması) 3 kafe və restoranın lisenziyası ləğv edilib. Martın 28-də isə Mazandaran əyalətinin Amol şəhərində turist əyləncə mərkəzi musiqi səsləndirdi­yinə görə qapadılıb. Kohgiluyə şəhərində də 7 restoran və müəssisənin lisenziyası orucluq ayında qonaqlara xidmət göstə­rildiyi üçün ləğv edilib.

Rəşt şəhərində də hicabla bağlı in­sident baş verib. Cəlil Mir Hüseyni adlı molla bir neçə qadın tərəfindən döyülüb və bıçaqlanıb. Bu barədə Rəştin “Naib əl-Sədr” din mərkəzinin başçısı Əbdülbaqi İshaqi məlumat yayıb.

Şahidlərin dediyinə görə, molla küçə­də qadınların geyim tərzinə irad bildirdi­yi, hicab qaydalarına riayət etmədikləri bəhanəsilə onları təhqir etdiyi üçün dö­yülüb. Yaralı mollanın xəstəxanaya çat­dırıldığı, qadınların isə hadisə yerindən qaçdıqları bildirilir.

Son günlərdə İranın Daxili İşlər Na­zirliyi də hicabsızları hədələyən bəyanat yayıb.

Sənəddə hicabın İran mədəniyyəti­nin əsas dayaqlarından, təməl prinsip­lərindən olduğu və bu sahədə heç kimə güzəşt edilməyəcəyi qeyd edilib. Eyni zamanda, məcburi hicab qaydalarını po­zanların xarici düşmənlərin əlaltıları ol­duqları iddia olunub.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına eti­raz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb. Etiraz aksiyalarının nisbətən səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına ri­ayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qada­ğa qoyulub.

 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər