Azərbaycan–İsrail münasibətləri yeni mərhələyə qədəm qoyur

post-img

Azərbaycan–İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd etmək istə­yirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiy­yə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsil­li həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər. 

Prezident İlham Əliyevin Azərbaycanla İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə İsrail Prezidenti İshak Hersoqa təbrik məktubundan

Bakı, 8 aprel 2022-ci il

Söhbət Azərbaycanın mühüm dostu və sədaqətli tərəfdaşı olan bir dövlətlə münasibətlərin yük­sək səviyyəsindən gedir. Belə bir yazının əvvəlində iki həmkarımızın bu məsələ ilə bağlı söylədiyi arqu­mentlərin xatırladılmasını kimsə məqsədəuyğun saymaya bilər. Ancaq söhbət uzun illər ölkəmizdə yaşamış yəhudilərin Bakıya, Azər­baycana bağlılığından getdiyinə görə mən həmuin arqumentlərin məhz girişdə verilməsini istədim. 

Birinci arqument. Qubadakı Qırmızı qəsəbədə doğulub böyümüş, uzun illər Bakının Keşlə qəsəbəsində – bizim həm­karımızla qonşuluqda yaşamış, müstəqil­liyin ilk illərində ölkəmizdə yaranmış xaos və anarxiyadan ehtiyatlanaraq ABŞ-a köçmüş Niftalı (Mişa) Niftalıyev adlı yə­hudi ömrünün son anlarında əzizlərinə deyibmiş ki, məni Nyu-Yorkda yox, Bakı­da dəfn edərsiniz: “Qoy Bakıdan ayrı ya­şadığım illərin ağrı-acısından xilas olum”. 

İkinci arqument. Həmkarlarımızdan biri danışır ki, İsrailin Hayfa şəhərindəki Bakı küçəsinin əsas sakinləri Azərbay­candan köçmüş yəhudilərdir. Onlar öz evlərində və iş yerlərində yəhudi dilin­də danışsalar da, Bakı küçəsində gö­rüşərkən Azərbaycan dilində danışırlar. 

Fikrimizcə, bu iki fakt təkcə həmin dost xalqın təmsilçilərinin bizə, Vətəni­mizə olan sədaqətinin göstəricisi deyil. Bu faktlar, eləcə də, azərbaycanlıların ölkədə yaşayan digər xalqlara münasibə­tinin də güzgüsüdür. Çox təəssüf ki, hə­mişə belə olmur. Biz yaxın qonşularımız olan fars şovinistlərinə də, hay sürüsünə də həmişə hörmət və ehtiramla yanaşmı­şıq. Təəssüf ki, qarşılığında heç də ano­loq olmayan münasibətlər görmüşük.

... Bəli, Azərbaycanın Xarici işlər na­ziri Ceyhun Bayramov və parlamenta­rilərimiz martın son günlərində İsraildə səfərdə oldular. Rəsmi məlumatlarda qeyd edildiyi kimi, həmin ölkədə Azər­baycanın səfirliyinin açılışı oldu. Yeri gəl­mişkən, Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi gündəliyə gələndə bü­tün həmkarlarım kimi mən də elə bilirdim ki, bu tarixi fakta Bakı və Tel - Əvivdən gələn münasibətlərlə tanış olacağıq. An­caq bu iki paytaxtdan əvvəl Tehran və İrəvandan gələn münasibətlərə şahidlik etməli olduq. Tehran rəsmiləri bu faktdan necə həyəcanlandılarsa bilmirəm, amma fakta münasibətlərində açıq şəkildə çaşqınlıq görünürdü: “Azərbaycan İranın düşmənini qulağımızın dibinə gətirir”. Bu, nə deməkdir, biz İsraildə səfirlik açırıq, İranla sərhəddə yox. İrəvandan gələn münasibət isə daha absurd idi: “Əliyev hökuməti Ermənistanın digər ərazilərini də ələ keçirmək üçün İsrail silahlarına sa­hib çıxır.” Məntiqsizlikdir, deyilmi?! Məgər Tel-Əvivdə səfirliyimiz olmayanda İsrail­dən silah ala bilmirdik?

Məsələyə Tel-Əvivdən gələn müna­sibətə də nəzər salaq. İsrailin Xarici İşlər Nazirliyinin ötən il noyabrın 18-də yaydığı məlumatda Azərbaycan rəhbərliyinin hə­min addımı “tarixi qərar” adlandırılırdı: “Bu gün Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkə­sinin İsraildə ilk səfirliyi olacaq.”

Məsələyə Bakının münasibətinə gə­lincə isə dövlət başçımızın ötən il dekab­rın 22-də Benyamin Netanyahuya İsral Dövlətinin Baş naziri kimi fəaliyyətə baş­laması münasibətilə göndərdiyi təbrikə nəzər salmaq kifayətdir: “Ümidvaram ki, səfirliyimizin açılması Azərbaycan – İsrail münasibətlərinin inkişafına töhfə verə­cəkdir. Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq, ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla da­vam etdirəcəyik”.

Bu günlərdə isə Azərbaycan Xari­ci İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlığımız daha da genişlənəcək. Əlavə edilirdi ki, martın 29-da İsraildə Azərbaycanın sə­firliyi açılacaq. Bu məqsədlə Azərbayca­nın Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin bir qrup deputatı İsrail­də səfərdədir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu il yanvarın 11-də im­zaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səfir ötən bazar günü etimadnaməsini İsrail Prezi­denti İshak Hersoqa təqdim edib.

Ölkələrarası münasibətlərin son otuz illik səhifələrinə nəzər salarkən görürük ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlət­lərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Ekspertlər əmindirlər ki, “Likud” Partiyasının lideri Benyamin Netanyahu­nun yenidən İsrailin Baş naziri seçilməsi ölkələrimiz arasında əlaqələrin daha da yüksəlməsinə təkan verəcək. 

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 29-da Benyamin Netan­yahunu İsral Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbri­kində deyilir ki, ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. 

Bəli, bu gün Azərbaycan və İsrail ara­sında dostluq və əməkdaşlıq strateji əhə­miyyət kəsb edir. 44 günlük Vətən mü­haribəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz ara­sında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əmək­daşlığı bundan sonra daha da dərinləşə­cək və güclənəcək.

Sonda başqa bir faktı da yada salaq. Belə ki, bir neçə il əvvəl ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində jurnalist və pub­lisist Nurit Qrinqerin “Azərbaycan –İsra­il: unikal tərəfdaşlıq və dostluq” başlıqlı məqaləsi dərc edilmişdi. Müəllif İsrail rəsmilərinin Bakıya, Azərbaycan rəsmilə­rinin isə Tel-Əvivə səfərlərindən bəhs edir, eləcə də İsraillə Azərbaycan arasın­da olan iqtisadi, hərbi, mədəni və turizm əməkdaşlığından bəhs edirdi. Məqalədə qeyd edilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmi­zin İsrail ilə dostluğu müxtəlif sahələrdə genişlənib. Keçmiş münaqişəyə toxunan müəllif xatırladırdı ki, İsrail Bakının haqlı mövqeyini dəstəkləyir və Azərbaycanla hərbi sahədə əməkdaşlıq edir. 

Azərbaycan – İsrail dostluq və əmək­daşlığının yeni səhifələri, münasibətlər­dəki son faktlar barədə olan bu sətirləri üç il əvvəl ABŞ mətbuatında verilmiş ya­zının arqumentləri ilə tamamlamağımız təsadüfi deyi. Belə ki, cənab Nurit Qrinqe­rin məqaləsində yazılır: “ Bu dostluq mü­nasibətlərinə təsir göstərən faktlardan biri də yəhudilərin Azərbaycanda 2000 ildən artıq müddətə yaşaması və burada indiyədək antisemitizm və ayrı-seçkiliyin olmamasıdır”. İsrail rəsmilərindən birinin çıxışında isə bildirilirdi ki, yəhudilər Azər­baycanda 2500 ildən çoxdur ki, heç bir problemsiz, qarşıdurmasız, dost və qar­daşcasına yaşayırlar. 

Təbii ki, yəhudilərin burada iyirmi, ya da iyirmi beş əsr yaşadığını sübut et­məyə İsrailin də ehtiyacı yoxdur, bizim də. Ancaq görünür Tehranın buna ehtiya­cı var. Fars şovinistləri “İsraili qulağımızın dibinə gətirməyin” – deyirlərsə, deməli, yəhudilərin bu ərazidə min illərdən bəri yaşadıqlarını ya bilmir, ya da bilərəkdən danmaq istəyirlər. Nə istəyirlər, istəsinlər. Azərbaycan istənilən dövlətlə əməkdaş­lıqda müstəqildir və tərəfdaşlarını özü se­çir. İran və Ermənistan da sivil qonşuluq münasibətləri çərçivəsində münasibət qurmağı öyrənsələr, onlarla da dostluq edə bilərik. Təəssüf ki, bu qonşularımız hələ özlərinin sivil dövlətini qura bilmirlər. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

33-11-33.jpg

Siyasət