Qlobal Bakı Forumunda gənclər danışdı, təcrübəlilər dinlədi

post-img

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu martın 11-də işini panel iclaslarla davam etdirib. Forumun sonuncu günü dörd mövzuda panel iclasları keçirilib.

AZƏRTAC xəbər verir ki, günün sonuncu, Forumun isə 11-ci panel iclası “Gənclər danışsın, biz dinləyək” mövzusuna həsr olunub.

Panelə moderatorluğu 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşşenko və 2007-2011-ci illərdə Latviyanın Prezidenti olmuş Valdis Zatlers ediblər.

X Qlobal Bakı Forumunun sonuncu panelinin gənclərə həsr edilməsindən məmnunluğunu bildirən Latviyanın sabiq Prezidenti bu tədbirin gələcəyə ümid bəxş etdiyi üçün xüsusi önəm daşıdığını vurğulayıb. Valdis Zatlers deyib ki, gənclikdə hamı böyük işlər görəcəyini, fəaliyyətinin uğurlu olacağını düşür. “Təbii ki, bir insan kimi həyatımızda uğurlarımız da olur, uğursuzluqlarımız da. Amma bir şey var ki, yaşlı nəsil çox təcrübəlidir. Burada çıxış edən gənclər təcrübəsiz olsalar da, yaradıcı düşüncələri var. Gənclər yeni ideya və düşüncələrini həyata keçirərkən yaşlıların təcrübəsindən də faydalanmalıdırar”.

Katerina Yuşşenko əmin olduğunu bildirib ki, burada çıxış edən gələcəyin liderləri Bakıda öyrəndiklərini sonra karyerlarında tətbiq edəcəklər. O, vurğulayıb ki, gələcək gənclərindir və onların arzularını dinləmək lazımdır.

Panel iclasının gənc natiqlərini azərbaycanlı gənc fəal, Qarabağ haqqında kitabın müəllifi Vahid Əliyev təqdim edib.

İctimai sektorla məşğul olduğunu deyən ukraynalı gənc fəal Lesa Unesko bildirib ki, Ukrayna müharibəsi ərzaq çatışmazlığına, enerji probleminə səbəb olub. “Ukrayna xalqı bu müharibədən bezib. Sülhü hamıdan çox təbii ki, biz istəyirik. Ümid edirik ki, danışıqlar yolu ilə müharibəyə son qoyulacaq və sabitlik bərpa ediləcək”, - deyə o vurğulayıb.

Latviyadan olan tələbə Natalia Knipse müharibələrin insanlara və xalqlara vurduğu ziyandan danışıb. İndiyədək hərbi toqquşmaların və münaqişələrin heç kimə xeyir vermədiyini vurğulayıb. Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi də təbii olaraq ən çox bu ölkələrə zərər verib.

Myanmadan olan gənc tədqiqatçı alim Talevir İslam diqqətə çatdırıb ki, onun ölkəsi də təcavüzə məruz qalıb. Rusiya-Ukrayna müharibəsinin törətdiyi fəsadlardan bəhs edən myanmalı gənc münaqişələrin və müharibələrin diplomatik yolla həll etməyin vacibliyini vurğulayıb.

Gənc lider, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova könüllülərin sülhün və əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanda gənclərə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğulayan E.Bayramova bildirib ki, Azərbaycan gəncləri həmişə fəaldırlar və hazırda könüllülərimiz ölkəmizin təbii ehtiyatlarının Ermənistan tərəfindən talanmasına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda etiraz aksiyasını davam etdirirlər. E.Bayramova gənclərə dəstək verilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən digər gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Panel iclası çıxışlardan sonra müzakirələrlə davam edib.

Müzakirələrdə çıxış edən Nobel Sülh mükafatı laureatı Kailaş Satyartini Qlobal Bakı Forumu çərçivəsində gənclərlə bağlı panel müzakirələrin keçirilməsindən və gənclərin çıxışlarından məmnun qaldığını vurğulayıb. Gənclərin hüquqlarının qorunması məsələsinə toxunan K.Satyartini onların əməyinin istismar edilməsindən, təhsil hüququndan məhrum olunmasından təəssüfləndiyini bildirib.

Bununla da Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu başa çatıb.

Qeyd edək ki, Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Siyasət