Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında təkbətək və geniştərkibli görüş olub

post-img

Fevralın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilən təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regionda mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və Rusiya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, tranzit, mədəni, humanitar, təhsil və sair sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda münasibətlərin inkişafında iki ölkə arasındakı siyasi dialoqun, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində imzalanmış üçtərəfli bəyanatların icrası yönündə Azərbaycanın göstərdiyi sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov iki dövlət arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında Azərbaycanın davamlı olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, o cümlədən sülh gündəliyinə xələl gətirən təxribatları ilə üzləşdiyini bildirib.

Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının pozulmasının daha bir nümunəsi olaraq yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Ermənistan tərəfinin davamlı təxribatlarına baxmayaraq Azərbaycanın sözügedən etiraz aksiyasının neqativ humanitar nəticələrinin olmaması, o cümlədən sülh gündəliyinin irəli aparılması üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.

Nazir Sergey Lavrov builki rəsmi səfərinin ötən il fevralın 22-də imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında əlamətdar rolu olan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf etdiyini xatırladıb. Bu xüsusda, iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafındakı müqavilə-hüquq bazasının əhəmiyyəti qeyd olunub. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr Bəyanatının və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.





Siyasət