Rusiya qəzeti Xocalı soyqırımı barədə məqalə dərc edib

post-img

Rusiyanın həftəlik sosial-analitik “Arqumenti nedeli” (“Həftənin arqumentləri”) qəzetində Xocalı soyqırımı barədə “1992-ci il: Badam çiçək açanda” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Rusiya nəşrinin məqaləsində 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli cinayətdən ətraflı bəhs edilib.

Yazıda vurğulanıb: “Xocalı mühüm kommunikasiya mərkəzidir. 1991-ci ilin oktyabrında erməni qoşunları bu şəhəri tam mühasirəyə alıb. Oktyabrın 30-da yerüstü əlaqə kəsilib və helikopterlər yeganə əlaqə vasitəsi olub. Tezliklə - 1992-ci il yanvarın 28-də Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən helikopterin vurulması hadisəsindən sonra bu əlaqə də kəsilib və hava yolu ilə reyslər dayandırılıb. Bu şəhərin əhalisi 1992-ci ilin yanvarından işıqsız qalıb. Şəhər sakinləri və onun müdafiəçilərinin qəhrəmancasına döyüşməsi nəticəsində Xocalı təslim olmurdu”.

Sonra məqalədə faciənin baş verdiyi dəhşətli gecədən bəhs edilib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qanunsuz silahlı dəstələrin köməyi və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dolayı iştirakı ilə Xocalını işğal etdi. Hücumun başlamasından sonra həmin faciəli gecədə şəhərdə qalan 2500-ə yaxın sakin mühasirədən çıxmaq ümidi ilə Xocalını tərk etməyə çalışırdı. Lakin onların bir çoxunun ümidləri puç oldu, kimisi qətlə yetirildi, digərləri əsir alındı. Dağ massivlərini aşaraq qurtulmaq istəyənlər, xüsusən qadınlar və uşaqlar donaraq həyatlarını itirdilər. Çox az adam Azərbaycanın nəzarəti altında olan yaxınlıqdakı Ağdam şəhərinə çata bildi. Xocalı faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin tarixində ən böyük və qanlı səhifə oldu”.

Məqalənin sonunda yazılıb: “Unutmaq olmaz ki, ədalət və cinayət törədənlərin məsuliyyətə cəlb edilməsinin təminatı olmadan sülhə nail olmaq, Cənubi Qafqazda uzunmüddətli barışığı təmin etmək mümkün deyil”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Qan yaddaşı