Bölgələrdə Xocalı qurbanları yad edilir

post-img

Mingəçevir. Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbirindən öncə iştirakçılar Şəhidlər Xiyabanında Soyqırım abidəsi önünə gül dəstələri qoyublar. Şəhər icra hakimiyyətinin müşavirə zalında keçirilən mərasimdə Mingəçevirdə məskunlaşmış xocalılıların bir qrupu da iştirak edib. 

Tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açdı. Xocalı­da şəhid olmuş insanların, habelə bü­tün şəhidlərimizin xatirəsi bir dəqiqə­lik sükutla yad edildi. Şəhər rəhbəri soyqırımından danışaraq o illərdə baş vermiş hadisələri bir daha xatırlatdı. 

Qeyd olundu ki, Xocalı faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyev tərə­findən 1 mart 1994-cü ildə siyasi qiy­mət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlan­dırılması istiqamətində xeyli təbliğat işi görülmüşdür. Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur. Hər il fevral ayının 26-da saat 17-də Xo­calı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Bu gün Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev xocalılılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir. Xocalılılar Azərbaycanın 52 rayonunda məskunlaşmışlar. Onlar­dan 93 ailə – 361 nəfər köçkünlük həyatını Mingəçevirdə keçirir. 

Xocalı Rayon İcra Hakimiyyətinin Mingəçevirdəki səlahiyyətli nümayən­dəsi Zahir Usubov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Mingəçe­vir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İB Mingəçevir filialının sədri Əlağa Bəndəliyev çıxış edərək Xocalı hadisələrinə dair fikirlərini səsləndir­dilər. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı böyük zəfərdən söz açıldı. Xocalı şə­hidlərinə və ümumən bütün, şəhidləri­mizə Allahdan rəhmət diləndi.

Sonda xocalılılara şəhər icra haki­miyyətinin adından ərzaq bağlamaları verildi. 

***

Ağsu. Rayonda soyqırımın 31-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə gö­rüş keçirilib.

Rayon rəhbərliyi, Xocalı ailələri və Vətən müharibəsi şəhidlərinin ailələri, rayon ağsaqqallarının iştirakı ilə keçi­rilən tədbirin iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Qəhrəmanlar Komplek­sini ziyarət edərək Xocalı qurbanla­rının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirə­sini anıblar, abidə önünə gül dəstələri düzüblər. Sonra tədbir Veteranlar klu­bunda təşkil olunmuş çay süfrəsi arxa­sında davam etdirilib.

***

Şirvan. Şəhər Şəhidlər Xiyabanın­da yaradılan “Şəhid anası” memorial abidə kompleksinin qarşısında xa­tirə tədbiri keçirilib. Şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Xocalı soyqırımı qurbanlarının xa­tirəsinə yaradılan lövhənin önünə tər qərənfillər düzüblər. Faciə qurbanla­rının xatirəsi dərin hüzn və ehtiramla yad edilib. 

Şirvan şəhərində məskunlaşan Xocalı sakini Arif Əzizov orada yaşadı­ğı illərdən danışıb. Xocalının füsunkar gözəlliyindən, tanınmış şəxslərindən bəhs edib. Milli Qəhrəman Əlif Hacı­yevin igidliyini və şücaətini ehtiramla xatırlayıb. 30 il ərzində Vətən həsrəti ilə yaşadığını, bu illər ərzində gec-tez ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımı­zı azad edəcəyinə hər zaman inandı­ğını qeyd edib. 

***

Abşeron. Rayonda Xocalı soyqırı­mının 31-ci ildönümü dərin ehtiramla yad edilib. Tədbirdə rayon rəsmiləri ilə bərabər, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və Ab­şeronda məskunlaşan xocalılar iştirak ediblər. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin və Xocalıda qət­lə yetirilmiş soydaşlarımızın xatirələ­rinə ehtiramlarını bildiriblər. 

Heydər Əliyev Mərkəzində “Xocalı – soyqırımı həqiqətləri” möv­zusunda davam edən anım tədbirində öncə Xocalı qətliamına həsr olunmuş videoçarx və rayon məktəblilərinin rəsmləri nümayiş etdirilib.

Çıxışlarda bildirilib ki, Xocalı soyqı­rımı erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi növbəti faciələrdən biridir. Erməni qəsbkarları, özlərinin də etiraf etdiyi kimi, azərbaycanlıların gözünü qorxutmaq, xalqımızın döyüş əzmini qırmaq və ermənilərə guya heç bir zaman qalib gələ bilməyəcəyimiz haqda cəfəng düşüncəni yaratmaq, etnik təmizləmə aparmaq məqsədi ilə soyqırımı törətdilər. 

***

Masallı. Rayonda silsilə anım mə­rasimləri keçirilib. Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə əlaqədar “Mən Xocalıdanam” adlı tədbir təşkil olundu.

Tədbirdə gənclər və Xocalı sakini Kamilə Quliyeva öz nəvələri ilə iştirak etdilər. Muzeyin direktoru Əntiqə Tağı­yeva, GİKM-nin Masallı nümayəndəli­yinin direktoru Aynur Tağıyeva mövzu ilə bağlı geniş danışaraq xalqımızın hər zaman ağır gündə bir yerdə oldu­ğunu və Xocalı soyqırımı qurbanları­nın qısasının alındığını xüsusi qeyd etdilər. Qətliamın şahidi Kamilə Quli­yeva o günlərlə bağlı acılı xatirələrin­dən danışdı. Tədbir iştirakçıları mu­zeydə Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış oldular.

Rayon Gənclər və İdman İdarəsi­nin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xoca­lı soyqırımının otuz birinci ildönümünə həsr edilmiş şahmat idman növü üzrə məktəbli oğlan və qızlar arasında tur­nir keçirilib. 

Eyni zamanda, Masallı məktəblə­rində “Xocalı–qan yaddaşımız” möv­zusunda tarix dərsləri keçirilib, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin səhnəsində “Xocalı-Şəhid Şəhər” adlı tamaşa-kompozisiya təqdim olunub.

***

Astara. Rayonda qanlı Xocalı ha­disələrinin növbəti ildönümü ilə əlaqə­dar ümumrayon tədbiri keçirilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və icti­maiyyətin nümayəndələri, müharibə iştirakçıları, qazilər və şəhid ailələri əvvəlcə rayon Mədəniyyət Mərkəzin­də Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olublar.

Kakalos Xalq Teatrı kollektivinin nümayiş etdirdiyi kompozisiyadan və məktəblilərin söylədiyi şeirlərdən tə­sirlənən iştirakçılar duyğulu anlar ya­şayıblar.

Ağstafa. XX əsrin faciəsi olan Xo­calı qətliamının 31-ci ildönümü ilə bağ­lı Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksi ziyarət olunub. 

Tədbirdə Ağstafa rayon icra haki­miyyətinin, hüquq-mühafizə orqanları­nın rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və icti­maiyyət nümayədələri iştirak ediblər.

Memorial kompleksin səkkiz guşəli ulduzunda alovlanan məşəl önünə ək­lillər qoyulub, aypara abidəsi üstünə qızıl gül və qərənfillər düzülüb. Şəhid­lərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”











Qan yaddaşı