“Bu nə siyahıdır belə, siz təzə hökumət yaradırsınız, nədir?”

post-img

III SÖHBƏT

Müasir dövrün ictimai-siyasi xadimləri sırasında özünü Heydər Əliyev məktəbinin sadiq yetirməsi kimi tanıdan və bu gün də ulu öndərin irsinə sədaqətilə seçilən Misir Mərdanovla “Heydər Əliyev xatirələr işığında” layihəsində üçüncü söhbətimizi oxucularımıza təqdim edirik. 

(I–II söhbətlər

https://xalqqazeti.az/musahibe/127362-heyder-eliyev-men-ele-bir-qerar-vermemisem   


https://xalqqazeti.az/musahibe/128627-bu-adam-ssri-ni-deyismeye-gelib)

– Misir müəllim, Heydər Əliyev müəllimlərə, ümumiyyətlə bu peşəyə xüsusi ehtiramla yanaşırdı və bunu bir neçə kütləvi tədbirdə açıq bəyan etmişdi. Onun müəllimlərə münasibə­tilə bağlı hansı xatirələriniz var?

– Həqiqətən, Heydər Əliyevin müəl­limlərə sayğısı sonsuz idi. Bunu öz müəl­limləri haqqında söylədiklərindən də, ümumən, müəllimlərə yanaşmasından da aydın görmüşəm. 1997-ci ilin yazı olardı. Universitetin (Bakı Dövlət Uni­versiteti - red) rektoru idim. Universitet qəzetinin redaktoruna tapşırmışdım ki, bir il əvvəl dünyasını dəyişmiş Sabir Xə­lilovun anım günü münasibətilə məqalə hazırlasın. Sabir Xəlilov aspirantura şöbəsinin rəhbəri idi. 1990-cı illərin əv­vəllərində Heydər Əliyevi dəstəkləyən məşhur "91-lər”dən olmuşdu, Qəbələ bölgəsindən idi. Məqalə qəzetdə dərc olunan günü kabinetdə oturub gündəlik işlərlə məşğul idim. Qəfil dövlət telefonu zəng çaldı və Prezidentin köməkçi Tariyel Ağayev dedi, “Heydər Əliyev sizinlə danı­şacaq”. Ulu öndər bir qədər narazı tərzdə soruşdu: “Nə var, nə yox? Sabir Xəlilovun vəfatını mənə niyə xəbər eləməmisən?” Dedim: “Cənab Prezident, Sabir müəllim rəhmətə gedəndə mən rektor deyildim”. Dedi: “Nə olsun rektor deyildin. Murtuza deyəydin, o xəbər verəydi. Belə insanla­rı sağlığında qiymətləndirmək, həyatdan köçəndə isə böyük ehtiramla yola salmaq lazımdır. Mən vicdanımın qarşısında hə­mişə təmizəm. Sabir müəllimin rəhmətə getməyini bu gün universitet qəzetində onun haqqında dərc edilən məqalədə oxumuşam. Vaxtilə o, “91-lər” içində, mə­nim tərəfdarlarımdan olub. Gec də olsa, Sabir müəllimin ailəsinə mənim başsağlı­ğımı çatdır. Elə bu gün universitetin Elmi Şurasının iclasını keçir. Sabir müəllimin xatirəsini anın və birlikdə onun evinə ge­dib mənim adımdan ailəsinə başsağlığı verin. Məzarının üstünə gedin və ilini öz hesabınıza keçirin, qəbrinin üstünü də siz götürün”.

Heydər Əliyevin bu münasibətindən çox təsirləndim. Elə həmin gün ulu öndə­rin sözlərini mərhumun ailəsinə, eləcə də universitetin Elmi Şura üzvlərinə çatdır­dım. Heydər Əliyevin telefon söhbətini və tapşırıqlarını söylədim. Baxdım ki, hamı bundan çox təsirlənib. 

Buna oxşar başqa bir xatirə. Murtuz müəllim BDU-nun rektoru, mən isə pro­rektor idim. Tofiq Bəktaşı rəhmətə get­mişdi. Murtuz müəllim məni çağırdı. Get­dim gördüm, rəngi qızarıb. Dedi: “Heydər Əliyev zəng vurmuşdu”. Soruşdum ki, niyə? Dedi: “Mənə dedi Murtuz, Tofiq Bektaşı rəhmətə gedib, sən bilməlisən ki, o Naxçıvanda mənə dərs deyib. Onu Heydər Əliyevin müəllimi kimi dəfn etmək lazımdır”. 

Bir gün də Naxçıvan Muxtar Respub­likasının yubiley tədbirinə toplaşmışdıq. Bütün nazirlər, o cümlədən, mən də ora­da idim. Heydər Əliyev tədbirdə iki saata yaxın çıxış etdi. Çıxışının əsas hissəsi məhz təhsilə, məktəbə və müəllimlərə həsr olunmuşdu. Heydər Əliyev vaxtilə ona dərs demiş 20-yə yaxın müəllimi­nin adını, soyadını çəkdi və onları böyük ehtiramla yada saldı. Hamımız heyrətə gəldik. 

Ataların bir məsəli var, deyirlər, “Bö­yük dağlara yaxından baxanda onu yaxşı görmürsən”. Heydər Əliyev bizdən uzaq­laşdıqca onun böyüklüyünü, dahiliyini daha yaxşı və mükəmməl dərk edirsən. 

– Misir Mərdanov nazir postuna tə­yinat alanda Heydər Əliyevin əsas tap­şırıq və tövsiyələri, qarşıya qoyduğu vəzifələr nədən ibarət idi? 

– Heydər Əliyev məni təhsil naziri vəzifəsinə təyin edəndə iki saata yaxın söhbətimiz oldu. Hətta bir dəfə arada mənə dedi, çıx gözlə, bir nəfər var, onu qəbul edim, sonra yenə gələrsən. Özüm də dedim, Allah bu nədi belə?! 

Universitetlə, burada çalışan adam­larla çox maraqlanırdı. Tanıdığı bütün müəllimləri bir-bir soruşurdu. Məni təh­sil naziri təyin etdiyini bildirəndən son­ra dedi: “Bu özəl ali məktəblər baş alıb gedir. Mən Fərəməz Maqsudova tapşır­dım buna diqqət etsin, o da bir iş görə bilmədi, əksinə, bu məktəblər daha da artdı. Yaxın günlərdə bir neçə sərəncam imzalayacağam”. Mən də onun dediklə­rini yazıram, amma hamısını qeyd edib çatdırmıram. Dedi: “Birinci sərəncam odur ki, özəl ali məktəblərə lisenziya ve­rilməsini sənə tapşıracağam. İkinci, indi 1998-ci ildir. Müstəqilliyimizdən 7 il keçir. Əvvəlki illər çox çətin olub, iqtisadi, siyasi böhran baş alıb gedirdi. İndi yavaş-yavaş dirçəlirik. Artıq təhsil sahəsində islahatla­ra başlamağın vaxtı çatır. Sərəncam im­zalayıb təhsil islahatlarının aparılması ilə bağlı komissiya təşkil edəcəyəm, səni də onun sədri təyin edəcəyəm. Dərhal təh­sil islahatı ilə bağlı proqram hazırlamaq lazımdır. Başlayın, ciddi işləyin və mütə­madi mənimlə əlaqə saxlayın”. Dərslik­lərlə bağlı da çox vacib tövsiyələri oldu və dedi: “Çalışmaq lazımdır ki, bütün dərs­liklər Azərbaycan müəllifləri tərəfindən hazırlansın”.

Üç gündən sonra bir neçə sərəncam imzaladı və elə birinci sərəncam özəl ali məktəblərə lisenziya verən komissiya­nı – Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasını ləğv etməklə bağlı oldu. İkinci sərəncamında qeyd edildi ki, təhsil islahatı ilə bağlı komissiya yaradıl­sın və təhsil naziri Misir Mərdanov ko­missiyanın sədri təyin edilsin. Bütün na­zirlər komissiyanın tərkibinə daxil edildi, işçi qrup yaradıldı.Ondan sonra ayda bir dəfə məni qəbul edib işlərin gedişi ilə ət­raflı maraqlanırdı. Komissiya bir il ərzində Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı və Heydər Əliyevə təqdim etdi. Heydər Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram üzrə müzakirə keçirdi. Dünya Bankını da bu prosesə cəlb etdi. Amma baxın bu proqramı nə vaxt imzaladı – 1999-cu il 15 iyun, Milli Qurtuluş Günü. Yəni Heydər Əliyev hər şeyi diqqətində saxlayan bir insan idi. 

– Mənə elə gəlir ki, Heydər Əliyev əslində hakimiyyətə qayıdandan son­ra ilk diqqətini məhz təhsilə yönəltdi. Çünki ölkədə vəziyyət ağır olsa da, təhsilə ayrılan vəsait onun dövründə ildən-ilə artmağa başlayıb. 

– Əlbəttə, çünki Heydər Əliyev təhsi­lin millətin inkişafındakı rolunu və əhə­miyyətini çox gözəl bilirdi. Ona məlumat verilmişdi ki, savadlı alimlərimiz, profes­sor və dosentlərimiz xarici ölkələrə çıxıb gedirlər. Ona görə də 1994-cü ildən baş­layaraq büdcədən təhsil üçün nəzərdə tutulan vəsaitin həcmi ildən-ilə artırılma­ğa başlandı. Əgər 1995-ci ildə təhsilin ehtiyaclarına ümumi büdcənin 17 faizi ayrılmışdısa, 2001-ci ildə bu rəqəm artıq 23 faiz idi. Ərazisinin 20 faizi işğal altın­da olan, 1 milyondan çox əhalisi məcburi köçkün vəziyyətində yaşayan ölkə üçün bu, çox yüksək göstərici idi.

1994-cü ildən ali məktəblərə ödəniş­li təhsildən vəsait daxil olmağa başladı. Yalnız bundan sonra müəllimlərin xaricə axını dayandı. Universitetlərin maddi-tex­niki bazası tədricən möhkəmləndirildi. Əminliklə deyirəm ki, əgər ulu öndərin bu qərarı olmasaydı, bir çox dövlət universi­tetləri fəaliyyətini dayandırmaq məcburiy­yətində qalacaqdılar. 

Təhsil sahəsində uzun illər çalışan bir insan kimi deyirəm ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası­na on bir illik icbari təhsil haqqında müd­dəanın daxil edilməsi Heydər Əliyevin hə­yata keçirdiyi təhsil siyasətinin müstəsna əhəmiyyət kəsb edən bir uğuru idi.

Siz əvvəldə mənə Heydər Əliyevin müəllimlərə münasibəti ilə bağlı sual ver­diniz. Yadıma çox maraqlı bir xatirə düş­dü. 1998-ci il sentyabrın 25-də müstəqil Azərbaycanın müəllimlərinin I qurulta­yı keçirildi. Tədbir indiki Heydər Əliyev Sarayında idi. Qurultayda ulu öndər ağ­saqqal müəllimlərin və ölkəmizin hörmətli ziyalılarının əhatəsində oturmuşdu. He­sabat məruzəsindən sonra tənəffüs elan olundu və onunla birlikdə sarayın foye­sində təşkil olunmuş sərgiyə tərəf getdik. Foyedə böyük izdiham vardı. Mühafizə­çilər sədd yaratmışdılar ki, toplantı işti­rakçıları Prezidentin eksponatlara bax­masına mane olmasınlar. Heydər Əliyev bunu görəndə şəxsi mühafizə dəstəsinin rəisini yanına çağırdı və dedi: “Müəllim­lərlə mənim aramda sədd yaratmağa ehtiyac yoxdur. Məni müəllimlərdən qo­rumaq lazım deyil”.

İnsanlar sanki bu sözə bənd idilər. Bir anda Heydər Əliyevi əhatəyə aldılar. On­larla ünsiyyətin ölkə rəhbərinə xoş təsir bağışladığı üzündəki təbəssümdən oxu­nurdu. Hamılıqla sərgiyə baxıb yenidən zala qayıtdıq.

Qurultay ərəfəsində təşkilat komitə­sinin ünvanına ayrı-ayrı rayonlardan Heydər Əliyevə “Azərbaycanın xalq müəllimi” fəxri adının verilməsi ilə bağlı çoxsaylı məktublar daxil olmuşdu. Bun­ları nəzərə alaraq qurultayda ulu öndərə Azərbaycanın ilk “Xalq müəllimi” fəxri adı­nın verilməsini nəzərdə tutmuşduq. Eyni zamanda, ehtiyat edirdik ki, Heydər Əli­yev bu fəxri adı qəbul etməz. Qurultayda bu fəxri ad haqqında müraciəti Azərbay­canın tanınmış təhsil işçisi, 190 nömrəli məktəbin ağbirçək direktoru Sona xanım Tağıyeva oxudu. Gözlədiyimizdən fərq­li olaraq, ulu öndər bu fəxri adı böyük məmnuniyyətlə qəbul etdi. Üç min nəfərə yaxın qurultay iştirakçısı Heydər Əliyevin təklifimizə razılığını uzun sürən sürəkli alqışlarla qarşıladı. Sevincimizin həd­di-hüdudu yox idi! Bu günə qədər, Hey­dər Əliyev Azərbaycanın "Xalq müəllimi” adını daşıyan ilk və yeganə şəxsdir.

Qurultayda bir maraqlı epizod da baş verdi. Əvvəla, Heydər Əliyev əvvəldən axıra qədər qurultayın işində iştirak etdi. Proqrama əsasən, qurultayda Azərbay­can Təhsil Şurasının yaradılması nəzər­də tutulmuşdu. Biz bu şuraya təhsillə, tədris müəssisələri ilə əlaqəsi olan bütün nazirləri daxil etmişdik. Təxminən, yüz nəfərə yaxın bir qrup alınmışdı. Siyahı­dakı adları oxuyanda Heydər Əliyev qəfil ayağa qalxdı və dedi: “Bu nə siyahıdır belə, siz təzə hökumət yaradırsınız, nə­dir? Bu, ictimai təşkilat olmalıdır. Onun üzvlüyünə bir nəfər belə vəzifə sahibi daxil olmamalıdır. Təklif edirəm ki, siya­hıya təzədən baxasınız”. 

Onun bu sözlərini hamı alqışladı. Bun­dan sonra ulu öndər qurultay nümayən­dələri qarşısında, həqiqətən də, tarixi, proqram xarakterli geniş nitq söylədi. 

Mən Heydər Əliyevlə hər il dərs ili­nin başlanması ilə əlaqədar sentyabrın 1-də məktəblərə gedirdim. Kaş siz onun uşaqları qucağına götürüb necə böyük məhəbbətlə öpdüyünü görəydiniz! Vali­deynlərlə, müəllimlərlə necə səmimi söh­bət edirdi. Sinfə girəndə uşaqlarla necə mehriban danışırdı. Mənə elə gəlir ki, bu gün Heydər Əliyevin o gedişlərini, səfər­lərini, danışıqlarını Azərbaycan Televizi­yası tez-tez nümayiş etdirməlidir ki, indiki məmurlar bundan ibrət dərsi götürsünlər. 

O səhnələrdən biri kövrəkliyi ilə yad­daşımda xüsusi iz buraxıb. 1999-cu ildə Heydər Əliyev Xətai rayonundakı SOS Uşaq Kəndinin açılışında iştirak edirdi. Azərbaycanda belə bir mərkəzin yaradıl­ması yeni hadisə idi. Ölkə rəhbəri xarici qonaqlarla mərkəzin otaqlarından birinə daxil oldu. Həmişəki kimi balacalarla söh­bət etməyə başladı. Axırda uşaqlardan soruşdu ki, Azərbaycanın himnini oxu­ya bilərsinizmi? Onlar səs-səsə verərək himni çox gözəl oxudular. Ulu öndərin gözləri doldu və bizə – kənarda dayanıb bu mənzərəni seyr edən bir neçə nazirə müraciətlə dedi: “Baxın, siz o vaxt him­ni belə oxuya bilərdinizmi? Bu uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər”.

Nəhayət, 2002-ci ildə Suraxanı ra­yonunda 275 nömrəli məktəbə getdik. Heydər Əliyev məktəbə baxdı, sonra valideynlər və müəllimlər qarşısında çıxış etdi. Tədbir başa çatandan sonra mən evə gəldim ki, nahar edib işə qayı­dım. Heydər Əliyevin köməkçisi Tariyel Ağayev zəng vurdu ki, Prezidentin ya­nında müşavirə var, gəlin. Mən zala daxil olanda gördüm hamı toplaşıb. Bir neçə dəqiqədən sonra Heydər Əliyev salona daxil oldu. Toplantını açıb dərhal da məni ayağa qaldırdı və dedi: “Mən bu gün Su­raxanıda məktəbdə oldum. Son zaman­lar mən bir neçə məktəbdə olmuşam. Məktəblər çox pis vəziyyətdədir. İndi vaxt çatıb ki, biz məktəb tikintisinə başlayaq. Sənə tapşırıram, bu gündən məktəb ti­kintisi proqramının hazırlanması ilə məş­ğul ol”. 

Qısa müddətdə biz məktəb tikinti­si proqramını hazırladıq və Proqram 2003-cü ilin əvvəlində Prezident Hey­dər Əliyev tərəfindən təsdiq edildi. Elə Heydər Əliyevin dövründən məktəblərin yenidən qurulması və modernləşdirilməsi istiqamətində böyük bir iş başlandı. Son­ra Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işi davam etdirdik. Mən nazir olduğum illərdə, Azərbaycanda, təqribən, 3500-ə qədər məktəb tikildi. 

– Misir müəllim, Heydər Əliyevlə bağlı ən yaddaqalan xatirə sizin üçün hansıdır? 

– 2000-ci ilin yayı idi. İstirahət günü ol­duğu üçün bağa gedirdim. Avqustun son günləri idi. Aparatdan mənə zəng vurdu­lar ki, iki gündən sonra Prezident Bakıda məktəblərdən birinə getməlidir. Bir neçə dəqiqəlik düşündüm ki, axı hansı mək­təbə gedə bilərik? Nazirliyin büdcəsində məktəb tikintisi üçün vəsait yox, məktəb­lər pis vəziyyətdə. 

Ordan birbaşa işə qayıdıb kollekti­vi yığdım. Müzakirə zamanı dedilər ki, Nərimanov rayonunda 82 saylı məktəb az-çox gözəgəlimlidir. Günyarımda daxili imkanlarla məktəbdə səliqə-sahman ya­rada bildik. 

Həmişə olduğu kimi, Heydər Əliyev deyilən vaxtda gəldi. Tədbir başlamamış eşitdim, rayon və şəhər məktəblərinə göstəriş veriblər ki, Heydər Əliyev filan vaxtı 82 saylı məktəbdə olacaq, bütün məktəblərin dəhlizlərinə televizorlar qo­yulsun, canlı yayım olacaq, hamı bax­sın. Mən bunun nə oyun olduğunu sonra anladım. Siniflərdən birinə girib baxdı, ikinci sinfə girdi. Çox xoşuna gəldi, kefi çox yaxşı idi. İkinci mərtəbəyə qalxdıq. Yenə bir-iki sinfə girib baxdı. Burada da dəhlizdə yeni nəşr etdiyimiz bir neçə ki­tabın sərgisini düzəltmişdik. Ulu öndəri mən, Fatma Abdullazadə, Dilarə Seyid­zadə və müavinlərim müşayiət edirdik. Sərgiyə baxanda mən ona bir-iki kitabı göstərdim. Doğrusu, gözləyirdim ki, Pre­zident mənə çox sağ ol deyəcək. Kitaba baxanda Heydər Əliyev nə gördüsə, bərk qəzəbləndi və dedi: “Bu nə kitabdır mənə təqdim edirsiniz? Bu nə biabırçılıqdır”. Bir sözlə, xoş olmayan bir səhnə meydana çıxdı. 

Bu hadisədən sonra mən çıxıb işə get­dim. Aparatdan mənə zəng vurdular ki, bax görürsünüz, bayramımız qara oldu. Mən də dedim, “Ölkənin Prezidentidir, nə deyirsə, haqqı var. Görünür, nəyisə düz etməmişik”. Həmin gün iclas çağırdım. Kitab nəşrinə baxan şöbənin müdirini vəzifəsindən kənarlaşdırdım. Günün so­nunda evə getdim.

Atamın da o zaman 80-ə yaxın yaşı olardı, kiçik qardaşımın yanında qalırdı. Axşam gördüm atam çox pis vəziyyətdə bizə gəldi. Dedi: “Ay bala, sən neylə­misən belə? Belə biabırçılıqmı olar. Səni yəqin ki, işdən çıxaracaqlar”. Bir az da mənə təpindi. Nə deyə bilərdim, atadır da. Dedim: “Ata, sən məni nazir, rektor böyütmüşdün? Bu vəzifələrə məni bu kişi qoyub da, indi də çıxarar. Mən neyləyə bilərəm. Allah canını sağ eləsin”. Ata­mı sakitləşdirdim. Bir gün sonra Heydər Əliyevin xarakterinə yaxşı bələd olan bir yaşlı adam mənə dedi ki, ulu öndər kimi çox istəyirsə, onun üstünə belə qışqırır. Bundan narahat olma. 

Təbii ki, belə intriqalarla, oyunlarla Heydər Əliyevi fikrindən daşındırmaq, yanlış qərar verməyə sövq etmək müm­kün deyildi. Elə buna nail ola bilmədikləri üçün də ulu öndər məni vəzifədə saxladı və bu hadisədən sonra 11 il nazir işlədim. 

Bir maraqlı xatirə də danışım, çünki bu ibrətamiz bir hadisə ilə bağlıdır. Bir gün kabinetdə oturub işlərlə məşğulam, birdən köməkçi gəlib dedi: “Polis gedib Səbail rayonunda filan məktəbin direkto­runu məktəbin ortasında əlini-qolunu bu­rub, maşına atıb aparıb”. Bu, mənə güllə kimi dəydi. 

Həmin günə qədər heç vaxt Heydər Əliyevə birbaşa özüm zəng vurmamış­dım və buna cəhd də etməmişdim. Tele­fonu götürdüm, köməkçiyə dedim məni Prezidentlə calaşdırın. Dedim: “Cənab Prezident, belə bir hadisə baş verib. Mən çox pis vəziyyətdəyəm. Bu nə deməkdir? Bunu evində tutsunlar, kənar bir yerdə tutsunlar, məktəbdə direktoru bu şəkil­də həbs etməkmi olar?” Hətta dedim: “Heç Kipianini, sinifdən tutub aparmayıb­lar”. Yadınızdadır da, “Dəli Kür” filmində. Dedi: “Kipiani sənin ağlına hardan gəldi?” Açığı, xoşuna gəlmədi bunlar və bərk əsəbləşdi. Təbii ki, bunu dərhal araşdırıb tədbir gördü. 

Üstündən illər keçdi. Bir gün MTN-in rəhbəri Ziya Yusifzadə məni görəndə dedi: “Siz Heydər Əliyeviçə zəng vuran­da mən onun yanında idim. Sənin zən­ginə çox əsəbiləşdi. Mən dedim: “Cənab Prezident, Misir Mərdanov düz deyir. Bir qədər əsəbini soyudub sakitləşdirdim ki, tuturlar günahı var, yaxşı bunu evində tutsunlar da. Məktəbdə şagirdlərin yanın­da belə iş tutmazlar axı”. 

Yaşımızın bu vaxtına qədər çox döv­lət rəhbərləri görmüşük, çoxunun bu dünyadan köçməsinin, ən azı, ekranlar­dan şahidi olmuşuq. Kim Heydər Əliyev kimi xalq tərəfindən elə böyük çoşqu və ehtiramla haqq dünyasına yola salınıb? Kim ikinci dəfə hakimiyyətə gəlib, Vətəni qoruya bilib, dövlət qurub, ordu yaradıb, ölkəsini dünyaya tanıdıb? Kimin oğlu özündən sonra hakimiyyətə gəlib və 20 ildir Azərbaycanı uğurdan-uğura aparır? Kimin oğlu 30 ildən sonra Qarabağı azad edib? Bunların hər biri Heydər Əliyevin adı ilə bağlıdır. 

Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”



Müsahibə