Qafqazda böyük tibb müəssisəsi – Yeni klinika

post-img

Müasir dövrümüzdə bütün sahələrdə olduğu kimi, səhiyyədə də gündən-günə inkişaf edən, əhalinin ehtiyaclarını asanlaşdıran yeni xidmətlər yaradılıb. Avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiqi Azərbaycanın əsas prioritetlərindəndir. 

Yeni klinika bu xidmətlərin yetərincə tətbiq edildiyi tibb ocaqlarımızdandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan Yeni klinika 2020-ci il martın 28-dən fəaliyyət göstə­rir. Dövlət başçısının tibb müəssisəsinin açılışında bildirdiyi kimi, bu xəstəxana Azərbaycanda təchizat, avadanlıq və göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Qeyd etməliyik ki, müalicə-müayinə işini yüksək səviyyədə və dəqiqliklə ye­rinə yetirməyə imkan verən avadanlıq­larla təchiz olunan tibb müəssisəsinin kollektivi həm koronavirus pandemiya­sı, həm də Vətən müharibəsi dövründə böyük əzmkarlıq göstərmişdir.

Müsahibimiz Yeni klinikanın baş hə­kimi Cavid Paşayevdir. Xatırladaq ki, C.Paşayev 2022-ci il iyulun 15-dən kli­nikaya rəhbərıik edir.

– Doktor, artıq 10 aydır ki, belə bö­yük səhiyyə müəssisəsinə rəhbərlik edirsiniz. Sizə çətin deyil ki? 

– İş görülən yerdə çətinliyin olması təbiidir. Çalışıb onu aradan qaldırmaq rəhbərliyin əsas vəzifəsidir. Bildirmək istəyirəm ki, tibb müəssisəsində kifayət qədər gənc mütəxəssis işləyir. Müxtəlif xarici ölkələrdə tibbi təhsil alıb təcrübə keçən, bacarıqlı peşəkarlara həmişə, hər yerdə ehtiyac duyulur. Biz də ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu gənclər siyasətini rəh­bər tutub, belə gənclərlə görüşlər keçi­rir, onların fəaliyyətilə yaxından maraq­lanır, təkliflərini dinləyirik. Mərkəzimizdə gənc kadrlarla yanaşı, şəhid ailəsi üzv­lərinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının da işlə təmin olunduqla­rını bildirmək istəyirəm. Şəhid ailələrinin üzvlərinə, qazilərə, Qarabağ müharibə­si iştirakçılarına hörmət, ehtiram, diqqət və qayğı göstərməyi özümüzə borc bilir, imkan daxilində onların işlə təminatına, eyni zamanda müalicəsinə kömək et­məyə çalışırıq. 

– Üçüncü ildir ki, ölkəmizdə İcbari Tibbi Sığorta (İTS) tətbiq edilir. Kli­nikada indiyədək nə qədər vətəndaş İTS-in xidmətlər zərfindən yararla­nıb? 

– Klinika İcbari Tibbi Sığorta siste­minin tətbiq olunduğu tibb müəssisələ­rinin siyahısına 2022-ci il iyunun 6-dan daxil olub. O gündən klinikaya müraciət edənlərin sayı günbəgün artır. Son üç ay ərzində icbari tibbi sığortanın xidmət­lər zərfi çərçivəsində 32 min 503 nəfər ambulator mərkəzə müraciət edib. Tibb müəssisəsinə icbari tibbi sığorta üzrə stasionar tibbi xidmət üçün müra­ciət edən 952 nəfərə lazımı müayinə və müalicə xidməti göstərilib. Müxtəlif xəstəliklərlə bağlı isə pasiyentlərdən 994 nəfər üzərində cərrahi əməliyyat tətbiq edilib. Əlavə edim ki, ilin birinci rübündə mərkəzə müraciət edən vətən­daşlara, ümumilikdə, 158 min 54 ambu­lator tibbi xidmət göstərilib. 

– Mərkəzdə hansı mürəkkəb əmə­liyyatlar icra olunur? 

– Günü-gündən inkişaf edən Yeni klinikada İTS çərçivəsində hər cür əməliyyatlar uğurla icra olunmaqdadır. Mərkəzdə ilk dəfə olaraq icbari tibbi sı­ğorta ilə “laparoskopik düz bağırsağın ön rezeksiyası”, cərrahiyyənin üst sə­viyyə əməliyyatlarından hesab olunan laparoskopik yolla “Heller miyotomiya + Dor Fundoplikasiya” (nadir rast gə­linən udma çətinliyi), böyük bir cərrahi komanda ilə torakolaparoskopik üsulla “İvor-Lewis” proseduru, “Radikal sis­tektomiya” (sidik kisəsinin çıxarılması) əməliyyatı, “Laparoskopik çox aşağı ön rezeksiya + koloanal anastomoz + loop ileostomiya açılması” əməliyyatı, ikitərəfli nefroureterektomiya (hər iki böyrəyin sidik axarlarının böyük hissə­si ilə bərabər çıxarılması) əməliyyatı və xidmətlər zərfi daxilində ilk dəfə olaraq koronar angioqrafiya proseduru icra olunub. Bu əməliyyatların aparılması kollektivdə necə bacarıqlı, peşəkar, işi­nin öhdəsindən yüksək səviyyədə gələn həkimlərin olmasının göstəricisidir.

– Xəstəxanada tibbi personalın bilik və bacarıqlarının artırılması is­tiqamətində hansı işlər görülür?

– 2022-ci ilin sentyabr ayından eti­barən klinikada fəaliyyət göstərən tibbi personala və qeyri-tibbi əməkdaşlara ünsiyyət bacarıqları, xidmət mədəniy­yəti, etik davranış qaydalarına dair tə­limlər keçirilir. Eyni zamanda xəstəxa­nada ayda iki dəfə tibbi seminarlar təşkil olunur. Artıq bu ay beşinci tibbi semina­rın keçirildiyini qeyd etmək istəyirəm. Klinika rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan tibbi seminarlarda müxtəlif mövzular araşdırılaraq müza­kirəyə çıxarılır. İş prosesində səsləndi­rilən təkliflərə uyğun addımlar atılır.

– Klinikada kollektivin işi yalnız xəstələrə xidmətləmi bitir?

– Xeyr, başlıca vəzifəmiz vətəndaş­ların sağlamlığı keşiyində durmaq olsa da, ötən ilin sentyabr ayından klinikada bir sıra sosial layihələr də həyata ke­çirmişik. İlk tədbirimiz Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunub. Sonra Qarabağ müharibə­sinin şəhidlərini anmaq, torpaqlarımızın işğaldan azad edilməsi və Zəfər Günü ilə bağlı “Zəfərin fatehləri” adlı tədbiri keçirmişik. Ümummilli lider Heydər Əli­yevin vəfatının 19-cu ildönümü ilə bağlı anım mərasimi, bugünlərdə isə TƏ­BİB-in icraçı direktoru Vüqar Qurbano­vun iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş tədbirdə ulu öndərin büstünün təntənəli açılış mərasimi təşkil edilib.

Klinikada fəaliyyət göstərən tibb və qeyri-tibb personalın pandemiya və Vətən müharibəsi dövründə vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiklə­rinə və əmək funksiyalarının icrasında fərqləndiklərinə görə bir sıra əmək­daşların təltif edilməsi mərasimi təşkil olunub. Yeni klinikanın təşkilatçılığı ilə “Serebral iflic və cəmiyyət” mövzusun­da forum keçirilib. 

Klinikanın əməkdaşları arasında daxili kommunikasiyanın inkişaf etdiril­məsi üçün başqa maraqlı layihələr də təşkil olunub. Belə ki, klinikanın həvəs­kar futbolçu əməkdaşları arasında təş­kil olunan ilk mini futbol turnirinə start verilib. 

Qeyd edək ki, Yeni klinika tibb müəs­sisəsi Qafqazın ən böyük xəstəxanala­rından biri hesab olunur. 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı bu tibb ocağında hazırda ümumi cərrahiyyə, te­rapiya, təcili və təxirəsalınmaz tibbi yar­dım, reanimasiya şöbələri və poliklinika fəaliyyət göstərir. Poliklinikada, həmçi­nin urologiya, kardiologiya, ümumi cər­rahiyyə, ürək-damar cərrahiyyəsi, ney­rocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrino­logiya, ginekologiya, nevrologiya və pe­diatriya şöbələri poliklinik olaraq vətən­daşların xidmətindədir.

 

Söhbəti yazdı:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Müsahibə