Görkəmli yazıçı və dramaturqun doğum günüdür

post-img

Görkəmli Azərbaycan yazıçısı, dramaturq Sabit Rəhman 1910-cu il martın 26-da Şəkidə anadan olub. O, 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında “Şeyx Samit” imzası ilə dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərinin, “Nina”, “Böyük günlər” romanlarının, “Hicran”, “Ulduz” musiqili komediyalarının müəllifdir. Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazıb. O, təkcə nasir, dramaturq kimi yox, kinossenarist kimi də uğur qazanıb. Məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, habelə “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.

      Onun ədəbi-bədii irsi içərisində əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina" (1947), "Böyük günlər" (1952) romanları, bir neçə pyes, onlarla məqalə, tərcümə, libretto və oçerklər təşkil edir. O, bədii yaradıcılığında satiranı, yumoru yeni inkişaf mərhələsinə çatdırmaqla yanaşı, yeri gəldikcə gülüşün nəzəri-estetik problemləri ilə də məşğul olmuşdur. S.Rəhman bədii irsi sənət yoldaşları, tənqidçi və ədəbiyyatşünaslar (S.Vurğun, M.Hüseyn, R.Rza, M.Məmmədov, M.Arif, Y.Qarayev, A.Səfiyev və b.) tərəfindən daim yüksək qiymətləndirilmişdir. A.Qlebov onun "Toy" əsərini tərcümə etdikdən sonra belə bir qənaətə gəlmişdi: "O,  Sovet İttifaqının ən yaxşı komediyanəvisləri ilə bir sırada duran dramaturqdur. S.Rəhmanın komediyalarında gənc Şekspir komediyalarını xatırladan ruh, coşqun nikbinlik var".

      S.Rəhman yaradıcılığa 20-ci illərin ortalarından başlayır; paralel olaraq əvvəlcə qələmini felyeton, sonra isə poeziyada sınayır. Tənqid, ifşa və kəskin gülüş onun yeni yaradıcılığa başladığı zamanlarda felyeton yaradıcılığında qabarıq ifadə olunur. Daha doğrusu, sonralar nəsr və dramaturgiya yaradıcılığının əsas keyfiyyətinə çevrilən lətifəvari süjetlər, yumoristik analiz əvvəlcə felyetonlarında hazırlanır və formalaşır. Bir satirik kimi S.Rəhmanın yaradıcılığa felyetonla başlamasının, özü də məhz "Molla Nəsrəddin"də başlamasının simvolik mənası da çoxdur. Bu, hər şeydən əvvəl, dramaturgiyanın əsasını qoymuş M.F.Axundov yolunun davam etdirilməsi, ikinci tərəfdən isə müasir dövrdə gülüşü qoruyub saxlayan "Molla Nəsrəddin" jurnalı və onun redaktoru C.Məmmədquluzadənin xeyir-duasını almaq demək idi.  

     Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.

     Şəkidə Sabit Rəhmanın Ev-Muzeyi   də fəaliyyət göstərir.   Nazirlər Kabinetinin 7 sentyabr 2000-ci il tarixli Qərarına əsasən Şəki şəhərində  Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında  Mədəniyyət Nazirliyinin Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi qəbul edilib. Bundan sonra 2000-ci ildə binanın bərpasına başlanılıb. 2001-ci ilin iyun ayının 8-də binada Sabit Rəhmanın ev-muzeyi istifadəyə verilib. 

     Böyük ekspozisiya zalında Sabit Rəhmanın şəxsi əşyaları, istifadə etdiyi masa, uşaqlıq və gənclik illərində çaldığı royal nümayiş etdirilir. Üzeyir bəy Hacıbəyli vaxtilə Sabitin royalda ifasını dinləyib və çox bəyənib, ona bu işi davam etdirməyi məsləhət görüb. Lektoriya zalında Sabit Rəhmanın oğlu, 600-dən çox mahnının müəllifi bəstəkar Emin Sabitoğluna aid eksponatlar, üçüncü otaqda ailənin məişət əşyaları, dramaturqun 50 illik yubileyində verilmiş hədiyyələr sərgilənir. Ev-muzeydə bütövlükdə 460-a yaxın eksponat saxlanılır. 

     Əməkdar incəsənət xadimi Sabit Rəhman 1970-ci ildə vəfat edib.

XQ

 





Mədəniyyət