Hər kitab bir dünyadır

post-img

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin müha­cirət ədəbiyyatı ilə bağlı ilk araşdır­ması deyil. Belə ki, onun eyni mövzu­da neçə-neçə kitabı və məqalələri var.

Vaqif Sultanlının yeni kitabını əvvəl­ki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə ya­naşılmasıdır. Müəllif VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından son­ra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.

***

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan və Dövlət Təh­lükəsizliyi Xidmətinin (DTX) məxfi materialları əsasında İlham Tuma­sın hazırladığı "Gizli cinayətlər" ki­tabı çapdan çıxıb.

Kitabda Azərbaycan xüsusi xid­mət orqanının müxtəlif vaxtlarda hə­yata keçirdiyi əməliyyatlar haqqında araşdırmalar yer alıb. Nəşr Karyera və İşə Hazırlıq Mərkəzinin dəstəyi ilə çap olunub və layihə rəhbəri isə Şahin Sərdarlıdır.

Kitabdakı sənədlər və fotolar oxu­culara ilk dəfə təqdim olunur.

***

Qərbi Azərbaycan İcmasının bi­nasında tanınmış jurnalist Səyyad Ağbabalının nəfis şəkildə çapdan çıxmış “Ağbaba” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Yazıçılar Birliyinin ka­tibi, Mətbuat Şurasının sədri Rəşad Məcid, eləcə də ziyalılar, yazıçılar, müəllifin sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, S.Ağbabalının “Bir ömür yaşadım ağlı-qaralı” publisistik toplu­sundan sonra qələmə aldığı “Ağbaba” kitabının ön səhifələrində ümummilli lider Heydər Əliyevin Qərbi Azərbay­can haqqında söylədiyi fikirlər, eləcə də Prezident İlham Əliyevin Qərbi Azər­baycandan olan bir qrup ziyalı ilə görü­şü zamanı etdiyi çıxışdan seçmələr ve­rilib. “Ağbaba” poemasında isə müəllifin yurd həsrəti, doğma od-ocaq sevgisi, eyni zamanda, bu qədim mahalımı­zın tarixi, mədəni irsi, ənənələri, mil­li-mənəvi adətləri əks olunub. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”





Mədəniyyət