Poeziyamızın danışan dili

post-img

Ona de ki, xoşbəxtəm,

yalan danış adımdan.

De ki, əsər qalmayıb

Sən gördüyün adamdan.

Bədii qiraət ustası Ağalar Bayramo­vun o şeiri nə vaxt, hansı tədbirdə səs­ləndirdiyini xatırlamasaq da, misraların avazında duyğuların pərvazlanması yaxşı yadımızdadır. Tamaşaçılarla dolu salona dərin bir sükut çökmüşdü. “Könül quşu”nun qanadlarında sirli bir səyahət başlamışdı. 

Ağalar Bayramov isə ötürdü. Səsində ovundurucu bir təskinlik vardı. Bu təskin­lik isə başqasını yaşatmaq üçün yanan bir insan ürəyinin hökmünün səs tellərin­də ifadəsi idi... 

Əvvəlki onilliklərdə bədii qiraət us­taları ilə görüşlər çox keçirilərdi. Kazım Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov, Əli Zeynalov, Əminə Yusifqızı, Mikayıl Mirzə, Həsən Əbluc kimi sənətkarlar te­leekranlarda, səhnələrdə sözün rəngini səslə cilvələndirər, bizə ədəbiyyatı, po­eziyanı sevdirərdilər. Bu sirdən-sehirdən çıxa bilməzdik. İndi qiraət ustaları az olsa da, çıxışlarını sevə-sevə dinləyirik. Ağa­lar Bayramov bu sırada birincilərdəndir. Dilçi-alim, professor Tofiq Hacıyev Ağalar Bayramovun sənətini özünəməxsus tərz­də dəyərləndirib: “Təbii ki, xəmiri, çörəyi dada gətirən duzdur. Dilin də, danışığın da ürəyə yatması, zövqü oxşaması ifaçı­nın, söz sahibinin bəlağətindəki duzdan asılıdır. Bu gün yazıçı, şair, artist, müğən­ni bolluğunda usta qiraətçi azlığı aşkar görünür. Bu az olan sənətkarların içəri­sində əməkdar artist Ağalar Bayramov öz ifasının duzu ilə seçilir. Onun səs tembri bir ilahi vergidir. İfasının bütün dadı-duzu onun içindədir”.

Hazırda dosent kimi çalışdığı İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. Düz 40 ildir ki, ürəkləri fəth edir, gözəlliyə, yaxşılığa kökləyir. Elə bir söz sərrafıdır ki, ifaları sonsuza qədər dərinə nüfuz edir, özününküləşir, doğmalaşır. Aktyorluq da edir, rejissorluq da. Amma bədii qiraəti hamısından üstün tutur, səsinin qüdrəti ilə sözün urvatını artırır.

Ağalar Bayramovun ifaları ona görə təsirli, valehedicidir ki, hər şeiri əzbərlə­yib səhnəyə çıxmır. İlk növbədə özünün yüksək zövqünü oxşayan, duyğu və düşüncələrinə hakim kəsilən nümunələ­ri seçib təqdim edir. Söz sərrafı səslən­dirdiyi şeirlərin hər kəlməsini, misraları sanki əvvəlcə özünün canına, qanına hopdurub, söz xəzinəsi düzəldir, sonra böyük ustalıqla ipə-sapa düzür. Ecazkar səsi ilə sanki möcüzə yaradır. Sözə yeni can verir, nəfəs gətirir, həyat bəxş edir. Böyük Məmməd Arazın “Ya rəbbim, bu dünya sən quran deyil, Fəzada yerini də­yiş dünyanın...”, “Götür gözlərimi, dörd gözün olsun, Ağlama, qorxuram göz yaşlarından”, Əli Kərimin “Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, sahmana sal bu kainatı”, Cabir Novruzun isə “Bu dün­yamı dəyişirəm səni unutmaqdan ötrü, Ölümə elçi düşürəm səni unutmaqdan ötrü...” misralarındakı məna yükü uzun müddət dinləyicinin qəlbinə hakim kəsilir. 

Bədii qiraət ustasının məharətlə təq­dim etdiyi söz bəzən ürəklərdə, beyinlər­də ən güclü tufan belə qoparmağa qadir­dir. Vətən ətirli şeirlərini səsləndirərkən sanki od püskürür, alov saçır. “Ayağa dur Azərbaycan”, “Məndən ötdü”, “Azərbay­can dünyam mənim”, “Vətən” və digər şeirlərdəki Vətən, yurd sevgisini dinlə­yiciyə sirayət etdirir. Onun ifasında şair Ramiz Qusarçaylının: 

“Sənsən Azadlıq eşqim,sənsən Hürr, – deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!” 

– misraları səslənərkən bu odu, alo­vu, yanğını daha dərindən duyursan. 

...Bu da bir tale gərdişidir ki. Ağalar müəllimin oğlu 1991-ci ildə Qubadlıda faciəvi şəkildə dünyasını dəyişib və o vaxt elə orada da dəfn edilib. Qarabağı, o cümlədən də Qubadlını mənfur qonşu­lar işğal etdikdən sonra, 2020-ci ilin Zəfər Yürüşünə qədər – düz 28 il balasının mə­zarını ziyarət edə bilməyib. Ürək dağla­yan həzin görüş zamanı isə deyib: “Dur, oğlum, dur, “namərd” atan 28 ildən son­ra görüşünə gəlib. Dur, səsimə səs ver, Şəhriyar! Sənə görə 3 min şəhid balamız canından keçib...” – Bax, belə kövrək və həssas bir insandır Ağalar müəllim.

Bu yaxınlarda Ağalar Bayramov Rə­sul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin Rəsul Rza mükafatına layiq görülüb. 

Çağdaş poeziyamızın görkəmli nü­mayəndəsi, doğma Kəlbəcərin həsrə­tinə dözə bilməyərək dünyadan köçmüş Məmməd Aslan Ağalar Bayramova qulaq asanda “Bu səs yurd həsrətinə od vuran səsdir” - deyib

Şair Ayaz Arabaçı ona həsr etdiyi şe­irində deyir:

Ruhum yenə Ağaların səsində,

Ağrı dağı gəzdi desəm, inanın.

Mən bu səsə Çıraqqala, Əlincə,

Mən bu səsə Bəzzdi desəm, inanın.

Arzu olub birnəfəsə çatmışıq,

Neçə-neçə şirin vədlər dadmışıq.

Çox təamlar, çox nemətlər dadmışıq,

Bu səs ayrı həzzdi desəm, inanın. 

İnanırıq, şair, çoxdan inanırıq.

 

Leyla QURBANOVA,
N.ƏLİ,
“Xalq qəzeti”

Mədəniyyət