Qənirə Paşayeva rəssamlarla görüşüb

post-img

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Kirman Abdin, istedadlı rəssamlar Ümid Həsənli və Elnur Həsənovla görüşüb, onların yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb.

Rəssamların yeni əsərləri, sənət uğurları ilə tanış olan Q.Paşayeva onların 2023-cü ilin əlamətdar hadisələrinə - “Heydər Əliyev İli”nə, Şuşa şəhərinin 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtı olmasına əsərlər həsr etməsini alqışlayıb.    

Rəssamlara yeni sənət uğurları diləyən komitə sədri hər iki əlamətdar hadisəni, yaradıcı insanlar üçün yeni sənət üfüqlərinə çağırış olaraq xarakterizə edib.

Sənətçilərin ölkəmizin əlamətdar hadisələrini, düşmən üzərində tarixi Zəfərimizi, azad edilmiş torpaqlarımizda aparılan abadlıq-quruculuq işlərini öz duyğu-düşüncələri ilə ifadə etməsini təqdirlə qarşılayan Q.Paşayeva özünəməxsus ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin gələcəyinin indiki yaradıcı gənc nəsildən, onların ustadlardan nələri əxz etməsindən önəmli dərəcədə asılı olduğunu vurğulayıb, rəssamlara ən xoş arzularını yetirib.

Rəssamlar öz rəsm əsərlərini komitə sədrinə bağışlayıblar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Mədəniyyət