Xəzər haqqında film çəkilir

post-img

Qazaxıstan Respublikasının “AKB Solutions” şirkəti və “İncəsənət, Kino və Elmin İnkişafı Fondu” dünyada ən böyük göl sayılan Xəzər dənizinin ekoloji problemləri haqqında böyük sənədli film layihəsi üzərində çalışır. Bu qurumların birgə çəkiliş qrupu Bakıda səfərdə olub.

Xəzərətrafı dövlətlərin dənizin ekoloji problemlərinin həl­lində əməkdaşlığı, problemlərin həlli istiqamətində atdıqları addımlar, onların gələcək birgə fəaliyyət perspektivlərinin əks olunacağı filmdə Xəzərin səviyyəsinin enməsi və bunun ət­raf ölkələrə təsiri, dənizin ekosisteminin və bioloji müxtəlifliyinin qorunması, balıq ehtiyatlarının bərpası və digər mövzulardan bəhs edilir.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çə­kiliş qrupuna Xəzərin enerji resurslarından istifadə perspek­tivləri, karbohidrogenlərin çıxarılması prosesində ekologiya­nın qorunması tədbirləri, qlobal iqlim dəyişikliklərinin Xəzərə təsiri, dənizin unikal ekosisteminin öyrənilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. Elm və Təhsil Nazirli­yinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev, hə­min institutun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, Cenevrə Universitetinin post-doktorantı, beynəlxalq CASPİS­NET şəbəkəsinin koordinatoru Elnur Səfərov isə problemin ay­rı-ayrı aspektləri ilə bağlı müsahibə verib, Xəzəryani ölkələrin mütəxəssislərindən ibarət vahid monitorinq mərkəzinin yaradıl­masının vacibliyini qeyd edib.

Film üçün Bakının Dağüstü parkdan mənzərəsi, əsrlərlə Xəzərin suları altında qalmış Səbayıl qalası, AMEA-nın bina­sı və paytaxtımızın digər maraqlı yerlərinin çəkilişləri aparılıb. Dünyada muzeyə çevrilmiş ilk tanker olan “Suraxanı” gəmi-mu­zeyində Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin in­kişafı, qədim naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik də­niz düyünləri, lövbərlər və s. eksponatlarla tanışlıq və maraqlı çəkiliş üçün geniş imkanlar qonaqlarda xoş təəssürat yaradıb.

 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət