AMEA-da briffinq keçirilib

post-img

Mayın 22-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə brifinq keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib, ölkəmiz üçün mühüm və önəmli olan bu əlamətdar hadisəni bədnam qonşularımızın haqsız ərazi iddialarına tutarlı bir cavab olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində Azərbaycan əlyazması kimi qiymətləndirilməsi Qarabağın Azərbaycan torpağı olmasının növbəti təkzibolunmaz sübutudur. AMEA rəhbəri əlyazma nüsxəsinin UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsinin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbənin beynəlxalq aləmdə inikası və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və mədəniyyət sahəsində gördüyü işlərin mühüm nəticələrindən biri olduğunu nəzərə çatdırıb.
Həmçinin diqqətə çatdırıb ki, Qarabağ xanlarının nəslinə mənsub olan görkəmli ictimai xadim Natəvanın illüstrasiyalı şeirlər toplusunun iqamətgahı Parisdə yerləşən UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi ədalət prinsipini pozan Fransanın şovinist qüvvələrinə təsirli cavabdır.

AMEA prezidenti, o cümlədən Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun əlyazma kimi siyahıya daxil edilməsinin həm də Natəvanın UNESCO səviyyəsində dünyada tanınması üçün əhəmiyyətli hadisə olduğunu bildirib. Qeyd edib ki, bu, həm də Azərbaycan Milli Elmlər Akademiyasının və M.Füzuli adına Əlyazmalar İnstitutunun dünyamiqyaslı uğurlarından biridir.
Akademik İsa Həbibbəyli çıxışında bu günə kimi Əlyazmalar İnstitutunda qorunub saxlanılan beş əlyazmanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olduğunu, onlardan yalnız Məhəmməd Füzulinin və Xurşidbanu Natəvanın əsərlərinin ana dilində yazıldığını söyləyib.
AMEA rəhbəri şeirlər toplusunun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsində əməyi keçən hər kəsə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, komissiyanın əməkdaşlarına və Əlyazmalar İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Emil Əhmədov ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özəlləşdirmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatının böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə AMEA-nın nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradıldığını vurğulayıb.

Onun sözlərinə görə, Xan qızı Natəvanın 1886-cı ildə hazırladığı və müxtəlif qəzəllərlə yanaşı, sulu boya və karandaşla çəkilmiş müxtəlif güllərin əks olunduğu albomun Dünya Yaddaşı Reyestrinə daxil edilməsi Qarabağda, xüsusilə də Şuşada ədəbi-mədəni irsimizin təsdiqinin UNESCO səviyyəsində tanınmasının daha bir göstəricisidir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında Ulu Öndərin 100 illiyində Xurşidbanu Natəvanın albomunun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmasının əlamətdar bir hadisə olduğunu qeyd edib. Bildirib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən, birləşdirən bir ictimai xadim olub. Alimin sözlərinə görə, “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması və ümumilikdə sənət əsərlərimizin dünya səviyyəsində qəbul olunması bizim uğurumuz, zəngin mədəniyyətimizin sübutu, mənfur düşmənlərin yersiz iddialarına bir cavabdır.

İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən, tarix ü.f.d., dosent Nigar Babaxanova çıxışında bu işə 2019-cu ilin sonlarından Əlyazmalar İnstitutunda yaradılmış işçi qrupun tərkibində başladığını qeyd edib. Bildirib ki, Əlyazmalar İnstitutunun baş direktorunun rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və müvafiq sənədləşmələrdən sonra UNESCO-ya nominasiya üçün müraciət edilmişdir. 2019-cu ildən 2023-cü ilə qədər davam edən prosesdə onlarla onlayn təlimlərə qoşulduqlarını, bir sıra çətinliklərlə qarşılaşdıqlarını qeyd edən alim sonunda bu əlamətdar hadisənin həyata keçirilməsinə nail olunduğunu söyləyib, toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmasının həm də Azərbaycan qadınının qələbəsi olduğunu vurğulayıb.

İnstitutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov çıxışında qeyd edib ki, bu hadisə təkcə Əlyazmalar İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının deyil, həm də bütün Azərbaycanın uğuru və nailiyyətidir, çünki Xurşidbanu Natəvanın bu əsəri vahid Azərbaycan incəsənətini və bütöv bir epoxanı özündə əks etdirir.

Daha sonra tədbir iştirakçıları, media nümayəndələri, qonaqlar, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyətinin bir qrup nümayəndəsi Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan Xurşidbanu Natəvanın rəsm əsərlərindən və 2005-2023-cü illər ərzində UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş əlyazma nüsxələrindən ibarət sərgi ilə tanış olublar.

Sonda xatirə şəkli çəkilib. 

Anar ƏLİ,
“Xalq qəzeti”



Mədəniyyət