ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə bəyanat yayıb

post-img

İslam dünyası ölkələrində 3 minə yaxın muzey var...

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda ICESCO-nun üzv dövlətlərdə muzeylərin fəaliyyətini dəstəkləməkdə davam edəcəyi vurğulanıb. Bildirilir ki, 1977-ci ildən Beynəlxalq Muzeylər Şurasının (ICOM) tövsiyəsi ilə hər il mayın 18-də qeyd edilən bu əlamətdar gün ICESCO-nun İslam dünyasında muzey institutlarına dəstək vermək öhdəliyini təkrarlamaq üçün bir fürsətdir.

Təşkilat bu ilin mövzusu olan “Muzeylər, davamlılıq və rifah” kontekstində muzey kolleksiyalarının mühafizəsi və qiymətləndirilməsi siyasətini gücləndirmək səylərinə dəstəyini bir daha təsdiqləyir və səlahiyyətli orqanları nümayiş üsullarını inkişaf etdirməyə və bu sahəyə diqqəti artırmağa çağırır. Muzey müəssisələrinin ictimai birliyin gücləndirilməsində, həmrəylik dəyərlərinin möhkəmlənməsində və cəmiyyətlərin rifahına töhfə verən mədəni müxtəlifliyin işıqlandırılmasında rolu dünyanın şahidi olduğu sürətlənən çağırışlar fonunda aktual tələbata çevrilib.

Diqqətə çatdırılır ki, ICESCO bu kontekstdə özünün mənzil-qərargahında (Mərakeşin Rabat şəhəri – red.) Müsəlman Dünyası Liqası ilə birgə İslam dini və sivilizasiyasına həsr olunmuş muzey və sərgiyə ev sahibliyi edir. Ötən il açılan və indiyədək yarım milyondan çox ziyarətçisi olmuş sərgidə müasir nümayiş texnologiyalarından istifadə etməklə İslam dininin mənşəyi, mərhəmət, ədalət, birgəyaşayış və sülhə əsaslanan İslam dəyərləri barədə eksponatlar təqdim olunur.

Bəyanatda qeyd olunur ki, ümumilikdə 3 minə yaxın muzeyin olduğu İslam dünyası ölkələrində muzeylərin ictimai yaddaşın qorunmasına və davamlı inkişafa nail olunmasına töhfə vermək kimi əhəmiyyətinə uyğun olaraq, ICESCO irs mütəxəssisləri üçün potensialın artırılması və muzeylər şəbəkəsinin genişləndirilməsi proqramlarının həyata keçirilməsi sahəsində əlavə tədbirlər görür.

Hazırladı:
Anar ƏLİ,
“Xalq qəzeti”

Mədəniyyət