Milli İncəsənət Muzeyində Çin incəsənəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günləri keçiriləcək

post-img

Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə mayın 13-dən 21-dək “Açıq qapı” günləri keçiriləcək.

Sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.

Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı multikultural layihəsinə daxil olan bu sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır.

“Huawei” qonaqlara Çin sivilizasiyasının genişliyini və dərinliyini, qədim İpək yolunun canlılığını yaşamağa, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluğu dərinləşdirməyə dəstək göstərməkdən məmnundur.

“Huawei” intellektual dünya ilə əlaqə yaratmaq üçün hər bir insana, evə və təşkilata rəqəmsal texnologiya çatdırmağa səy göstərir.

Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən müxtəlif mövzularda ustad dərsləri də həyata keçirilməkdədir.

Mədəniyyət