Bu gün rəssam Əzim Əzimzadənin doğum günüdür

post-img

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.

Əzim Aslan oğlu Əzimzadə 7 may 1880-ci ildə Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycanın ilk peşəkar rəssamıdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

1920-ci ildən Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə texnikumun direktoru olmuşdur. Əzim Əzimzadə 1940-cı ildə yaradılmış Rəssamlar İttifaqının ilk sədri idi.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir.

Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb.

"Xalq qəzeti"

Mədəniyyət