Q.Paşayeva Fəxri mədəniyyət işçisi Fəridə Hacıyevanı təbrik edib

post-img

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, Fəxri mədəniyyət işçisi Fəridə Hacıyeva ilə görüşüb, onu 70 illik yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb. Milli Məclisdə baş tutan görüşdə ədibin yaradıcılıq uğurları, o cümlədən bu il gün üzü görmüş kitabı və planları ilə tanış olan, onunla fikir mübadiləsi aparan komitə sədri ona Mədəniyyət komitəsi adından xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli Fəridə xanım, Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz tanınmış mədəni-maarif mütəxəssissiniz. 1972-ci ildən ölkəmizin əsas kitab məbədi – M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işləmiş, 1992-ci ildən isə “Dövri mətbuat” bölməsinə rəhbərlik etmisiniz. 1982-ci ildən televiziya, radio verilişlərində və dövri mətbuatda ardıcıl çıxış edirsiz. 1983-1992-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin metodisti və daha sonra Folklor şöbəsinin müdiri vəzifəsində çalışmısız. Siz 1984-cü ildən “Aşıq Pəri Məclisi”nin, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1999-cu ildən “Məhsəti” Qadın şairlər məclisi İdarə heyətinin üzvü, 2000-ci ildən isə Azərbaycan–Rumıniya Mədəni Əlaqələr Birliyinin üzvü və sədr müavini olmusunuz.

Azərbaycanda və qardaş ölkə Türkiyədə “Məni məndən alan dünya”, “Dünyama qovuşacağam”, “Ulduzlardan pay istərəm” (tərcümə), “Göylər pənahım mənim”, “Bağışla, Vətən, bağışla”, “Qaytaram Tanrı sevgisin”, “Hu, Mevlam, hu”, “Bir menekşe masalı”, “Yolum uzun”, “Könül dərgahım” adlı kitablarınız gün üzü görüb. 2009-cu ildə Mədəniyyət Nazirliyinin “Fəxri diplom”u, 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmusuz. 2010-2011-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olmusunuz.

Sizi bütün yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm!”

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mədəniyyət