FAO aqrar kooperativlərə dəstək verəcək

post-img

Son illər ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatında istehsal və emal sahələrinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə aqrar sahədə bir sıra zəruri islahatlar həyata keçirilib. Bunun nəticəsidir ki, ölkədə mühüm növ kənd təsərrüfatı məhsullarının istehsalında artım tendensiyası müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 10 milyard 984,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Kənd təsərrüfatının ümumi istehsalı əvvəlki ilə nisbətən 3,4 faiz artıb. Aqrar sahənin inkişafında beynəlxalq təcrübədən geniş istifadə, eləcə də əməkdaşlıq çərçivəsində reallaşdırılan bir sıra müştərək layihələr iqtisadiyyatın şaxələndirilməsinə, kənd təsərrüfatı sektorunun davamlı inkişafına mühüm töhfələr verir. Bu baxımdan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq diqqəti xüsusilə cəlb edir. 

Ötən müddətdə BMT-nin ixtisaslaş­dırılmış qurumu ilə əməkdaşlıq çərçivə­sində Azərbaycanda bir sıra dəstək la­yihələri icra olunub. Hazırda bu sahədə fəaliyyətini uğurla davam etdirən FAO Azərbaycanda kooperativlərin dəstəklən­məsi layihəsini həyata keçirməyi planlaş­dırır. 

Qurumun Azərbaycandakı nümayən­dəsinin köməkçisi Bariz Mehdiyevin dedi­yinə görə, layihə təşkilatın texniki yardım proqramı çərçivəsində icra olunacaq. Ölkəmizdə aqrar sahədə kooperativləş­mənin hökumət tərəfindən dəstəkləndi­yini vurğulayan B. Mehdiyev qeyd edib ki, layihə çərçivəsində kooperativlərin investisiyalara, bazara və istehsal va­sitələrinin alınması kimi məsələlərə çıxış imkanlarını artacaq. 

“Dövlət tərəfindən kooperativlərlə bağlı yeni dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Fermerlərin və aqrar sek­torda fəaliyyət göstərən digər sahibkar­ların bir araya gələrək formalaşdırdıqları kooperativlər bu mexanizmlərdən istifadə edərək subsidiyalar ala bilərlər, maliyyə institutlarına daha rahat çıxış əldə edə bilərlər, – deyə o, əlavə edib. Onun fik­rincə, kooperativləşmə, həmçinin kənd təsərrüfatı sahələrində pivot suvarma sistemlərinin qurulması ilə su itkisinin qarşısını ala bilər.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 1945-ci ildə yaradı­lıb. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşən FAO-nun əsas məqsədi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kol­lektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işləri­ni əlaqələndirməkdən ibarətdir. BMT-nin adıçəkilən qurumu hazırda dünyanın 191 ölkəsində fəaliyyət göstərir. Həmçinin təşkilatın 130-dan çox ölkədə nümayən­dəliyi yaradılıb. 

Azərbaycan isə 1995-ci il oktyabrın 20-dən BMT-nin Ərzaq və Kənd Təsər­rüfatı Təşkilatının üzvüdür. 2007-ci ildə ölkəmizdə FAO-nun layihə əlaqələndirmə ofisi fəaliyyətə başlayıb. 2015-ci ilin payı­zından etibarən isə qurum Azərbaycan­dakı fəaliyyətini tərəfdaşlıq və əlaqələn­dirmə ofisi vasitəsilə həyata keçirir. Ötən müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, ha­belə kənd təsərrüfatında islahatların apa­rılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək alıb. 

2019-cu ildə Bakıda FAO ilə Azərbay­can arasında Tərəfdaşlıq Proqramının həyata keçirilməsinə başlanılıb. Bu da ölkəmizlə adıçəkilən beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan yaradıb. Hazırda FAO Azərbaycan Res­publikası ilə doqquz prioritet istiqamət üzrə əməkdaşlıq edir. Qurumun ölkəmiz­də əsas fəaliyyəti qida məhsullarının və tullantıların idarə olunması sahəsində həyata keçirilən layihələrə dəstəyə yönə­lib. Ötən müddətdə FAO-nun dəstəyi ilə Azərbaycanda 60-dan yuxarı layihə re­allaşdırılıb. Həmin layihələr toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırıl­ması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmil­ləşdirilməsi və digər sahələrin inkişafına yardım məqsədi daşıyıb. Bu da bölgələr­də kənd təsərrüfatı mühitinin, eləcə də qida təhlükəsizliyinin yaxşılaşdırılmasına imkan yaradıb. 

Qurumun Azərbaycanda həyata ke­çirdiyi layihələr aqrar bölmənin heyvan­darlıq sahəsinin inkişafına da mühüm töhfələr verib. Bu baxımdan “Qoyunçu­luğun davamlı inkişafı və ərzaq məh­sullarının istehsalı üzrə dəyər zənciri­nin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırıl­ması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə heyvandarlığın inkişaf etdirilməsi” layihələrini misal çək­mək olar. Dəyəri 1,3 milyon dollar təşkil edən həmin layihələr kənd təsərrüfatının heyvandarlıq sahəsində məhsul istehsa­lının artırılmasında əhəmiyyətli rol oyna­yıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə ölkəmizdə 5 milyard 446,2 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub. Bu da əvvəlki illə müqqa­yisədə 3,4 faizlik artım deməkdir. 

Bununla yanaşı, qurum Azərbaycan­da arıçılığın inkişaf etdirilməsi sahəsin­də də müəyyən dəstək tədbirləri həyata keçirib. Bu baxımdan Ağdaş və Qax ra­yonlarından olan 7 arıçıya təsərrüftalarda istifadə üçün müxtəlif vasitələrin verilmə­sini qeyd etmək olar. Arıçılıq sahəsində həyata keçirilən bu kimi stimullaşdırıcı tədbirlər isə, heç şübhəsiz, təsərrüfat sa­hiblərinin işini xeyli asanlaşdırır. 

Yeri gəlmişkən, Azərbaycanın işğal­dan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun aqrar sahədə potensialı ol­duqca yüksəkdir. Ötən müddətdə həmin ərazilərdə həyata keçirilmiş minatəmiz­ləmə əməliyyatları on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə səbəb olub. Eyni zamanda, hazırda işğaldan azad olunmuş əra­zilərə qayıdacaq fermerlər üçün müvafiq tövsiyələr hazırlanır. Dövlətin ayırdığı güzəştli subsidiyalardan yararlanan fer­merlər bu ərazilərdə uyğun bitkiçilik məh­sullarının əkib-becərilməsi, eləcə də hey­vandarlıq sahələrində fəaliyyət göstərə biləcəklər. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfa­tı Təşkilatı da işğaldan azad olunmuş ərazilərimizdə aqrar sahənin inkişafına dəstək verməyə hazır olduğunu bəyan edib. Qurum Zəngilan rayonunun Ağalı kəndinə köçən fermerlərin bilik və ba­carıqlarının artırılması üçün layihə icra edəcək. Artıq layihə təsdiq edilib və hö­kumətə təqdim olunub. İki il üçün nəzərdə tutulmuş layihə FAO-nun Texniki Yardım Proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi ilə bir­gə icra ediləcək. Layihədən 300-ə yaxın fermer bəhrələnəcək. Layihə çərçivəsin­də, həmçinin pilot suvarma sistemlərinin nümayişi və tətbiqi nəzərdə tutulur.

Göründüyü kimi, BMT-nin ixtisas­laşdırılmış qurumu ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr ölkə­mizdə prioritet hesab olunan kənd təsər­rüfatı, kənd yerlərinin inkişafına və ərzaq təhlükəsizliyi sahələrinə mühüm töhfələr verir. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat