Rusiya–Ukrayna müharibəsi: mövqe döyüşləri gedir

post-img

Rusiya-Ukrayna müharibəsində döyüşlər davam edərkən ABŞ dövlət katibi Antoni Blinkendən yeni açıqlamalar gəlib. “Putinin Ukraynaya qarşı müharibəsi strateji uğursuzluqdur və gələcək illərdə Rusiyanın gücünü, maraqlarını və təsirini xeyli azaldacaq”, - deyə ABŞ rəsmisi bildirib. 

Onun sözlərinə görə, Rusiya-Ukray­na müharibəsində ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə Kiyev administrasiyasını dəstəkləyib: “Bu gün Rusiya hərbi, iqti­sadi və geosiyasi baxımdan Ukraynanı işğal etməzdən əvvəl olduğundan daha pis vəziyyətdədir. Bu, bizim və tərəfdaş­larımızın şüurlu və qətiyyətlə qəbul etdiyi qərarların və Ukrayna xalqının cəsarəti və həmrəyliyinin nəticəsidir. Kreml tez-tez iddia edirdi ki, Rusiya ordusu dünya­da ikincidir. Çoxları buna inanırdı. Bu gün tamamilə fərqli vəziyyət yaranıb. Texni­kası, texnologiyası, rəhbərliyi, strategiya­sı, taktikası və əsgərlərinin mənəviyyatı­na görə indi biz görürük ki, o, Ukraynada belə ikincidir”. 

Dövlət katibi qeyd edib ki, ukraynalı­lar öz gələcəklərini yazacaq və Rusiya­nın təcavüzü onların əzmini artıracaq. Ukrayna suveren, müstəqil bir ölkədir! 

O, bəzi ölkələrin yaxın aylarda atəş­kəslə bağlı çağırışlar edəcəyini deyib: "Aydındır ki, bu, məntiqli, hətta cəlbedi­ci səslənir. Axı, döyüşən tərəflərin silahı yerə qoymasını kim istəməz ki?” 

Diplomat Rusiyanın təcavüzünə haqq qazandıran istənilən dinc təşəbbüs­ləri də kəsgin tənqid edib: “İstənilən gələ­cək təcavüzün qarşısını almaq və ondan müdafiə olunmaq iqdidarında olan güclü Ukraynanın olması vacibdir. Bu, diploma­tiya və real sülh üçün ilkin şərtdir”.

Dövlət katibi Rusiyanın Ukraynaya qarşı müharibəsini “strateji uğursuzluq” adlandırıb. Onun sözlərinə görə, müha­ribə Rusiyanın illər sonrası üçün hərbi, iqtisadi və diplomatik gücünü və təsirini azaldıb.

Yeri gəlmişkən, hazırda Ukraynanın Baxmut şəhəri ətrafında döyüşlər davam edir. İki həftə əvvəl “Vaqner” özəl hərbi şirkətinin muzdluları bu şəhəri tamamilə tutduğunu elan etmişdi. İndi vaqnerçilər şəhəri tərk edir, onları Rusiya ordusunun bölmələri əvəz edir. Amma Ukrayna Si­lahlı Qüvvələri düşmənə sakit şəkildə rotasiya həyata keçirməyə imkan vermir. 

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun spikeri Sergey Çe­revatı xatırladıb ki, Baxmutun işğalı za­manı “Vaqner”in itkiləri böyük olub: “Düş­mən tərəf 20 min döyüşçüsünü itirib”. 

Rusiyaya endirilən dron və artilleriya zərbələri fonunda bu ölkənin Ukrayna ilə sərhədə yaxın kəndlərinin 5 minə yaxın sakini evlərini tərk edib. Ən çox zərər çəkmiş Şebekinodan olan insanlar mü­vəqqəti yerlərə, o cümlədən Belqorod vilayətinin Starooskolski və Qubkinski rayonlarına yerləşdirilib. 

Ukrayna tərəfi Rusiya ərazisinin atəşə tutulması ilə bağlı ittihamları rədd edir və bildirir ki, reydləri Rusiya Könül­lülər Korpusu və Rusiya Federasiya­sı vətəndaşlarının döyüşdüyü “Rusiya Azadlığı” legionu həyata keçirir.

Bu arada rusiyalı hərbçilər Ukrayna ordusunun, xüsusən, işğal altındakı Za­porojye vilayətinin cənubundan hücuma keçəcəyindən ehtiyat edirlər. Bunun qar­şısını almaq üçün həmin ərazidə əkin sahələrini su altında qoyurlar, suvarma kanallarının qapaqlarını açıb buraxırlar. Bu barədə Zaporojye Vilayət Hərbi Ad­ministrasiyasının rəhbəri Yuri Malaşko bildirib. 

“Məsələn, onlar suvarma kanalla­rında su qapaqlarını açır və beləliklə də əkin sahələrini su altında qoyurlar. Yəni bizim bu və ya digər istiqamətdə hərəkət edə bilməməyimiz üçün hər şeyi edirlər”, – deyə o qeyd edib.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya