Ukraynada hərbi əməliyyatların yeni mərhələsi başlayıb

post-img

“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb. Bu, Baxmut istiqamətində Rusiyanın hücum əməliyyatlarının zəifləməsi və Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma keçməsi ilə bir vaxta təsadüf edir. Ola bilsin ki, Müdafiə Qüvvələrinin əks-hücum əməliyyatlarına başlaması ilə “Vaqner” mövqelərinin Baxmutdakı rus bölmələrinə planlı şəkildə ötürülməsi çətinləşsin. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir. 

Hesabatda, həmçinin qeyd olunur ki, Ukrayna qüvvələri Orexovo-Vasilyev­ka (Baxmutdan 11 kilometr şimal-qərb) və Kleşievka (Baxmutdan 7 kilometr cənub-qərb) ərazilərində uğurlu əks-hü­cumlar həyata keçiriblər. Məlumatı döyüş bölgəsində olan rusiyalı hərbi müxbirlər də təsdiqləyirlər. Məsələn, Rusiya Fede­rasiyasının hərbi müxbirlərindən biri iddia edir ki, Ukraynanın Orexovo-Vasilyevka bölgəsindəki əks-hücumları rus bölmələ­rini ərazidəki mövqelərindən bir kilometr geri çəkilməyə məcbur edib.

Bundan başqa, Rusiyanın digər hər­bi müxbirləri iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Orexovo-Vasilyevka yaxınlığındakı E40 (Baxmut - Slavyansk) magistral yolu boyunca yüksəklikləri ələ keçiriblər. 

Ukrayna hərbçilərinin Kleşiev­ka istiqamətində irəliləyərək Severski Donetsk kanalını keçdiyinə dair sübutlar var. Analitiklər bildirirlər ki, Ukrayna Si­lahlı Qüvvələri bu qəsəbəni mühasirəyə almaqla rus qoşunlarını geri çəkilməyə məcbur etmək niyyətindədirlər. Bununla belə, mayın 24-ü və 25-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Rusi­ya qüvvələri çox güman ki, Kleşievkanın qərbindəki mövqelərini bərpa edib.

İstənilən halda, Ukraynanın uğurlu məhdud və lokal əks-hücumları Rusiya qüvvələrinin Baxmutda “Vaqneri” əvəz etməsini çətinləşdirəcək.

Beləliklə, Rusiyanın Baxmut böl­gəsindəki hücum əməliyyatlarının lən­giməsi və Ukrayna bölmələrinə qurudan yardım əməliyyatının həyata keşirilməsi çox güman ki, bölgədəki Ukrayna qüv­vələrinə Baxmut ətrafında əməliyyatların yeni mərhələsinə başlamaq şansını da artıracaq. Bunun üçün də Ukrayna böl­mələrinə havadan dəstək göstərilməlidir. Artıq Ukrayna Müdafiə Nazirliyi açıq şə­kildə Qərb müttəfiqlərindən 48 ədəd dör­düncü nəsil F-16 qırıcılarını ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verməsini tələb edib. Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, dörd “Döyüşən şahinlər”in eskad­rilyası hava hüçumlarını yerinə yetirmək üçün kifayət edəcək. 

Qərb iddia edir ki, Amerika qırıcıları­nın Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul edilib, yalnız vaxtı dəqiqləş­dirmək qalır. Almaniya Kansleri Olaf Şolt­sun fikrincə, bu, kifayət qədər tez baş verəcək – bəlkə də payızda. Bununla belə, ABŞ rəsmiləri avadanlığın daha əv­vəl çatdırılmasının mümkün olacağını bil­dirirlər. Amma problem də var. Birincisi, F-16 təyyarələrini idarə edəcək peşəkar pilotlar çatışmır, onların təlim keçməsi üçün vaxt lazımdır. İkincisi, xüsusi əmə­liyyatın bütün dövrü ərzində Rusiya hərbçiləri Ukrayna aerodromlarını tamamilə məhv ediblər. Yaxşı vəziyyətdə praktiki olaraq heç bir uçuş-enmə zolağı qalma­yıb. Bundan əlavə, uyğun infrastruktur və Qərb texnologiyasının saxlanması tələb olunur. Deməli, yaxın vaxtlarda Ukray­nanın F-16 qırıcılarından istifadə edəcəyi real görünmür. Yəni, əks-hücum əməliy­yatının ilkin mərhələsi F-16 qırıcıları ol­madan həyata keçiriləcək.

Ukrayna tərəfinin əks-hücumunun uğurlu olması üçün tələb etdiyi silahlar­dan biri də uzaqmənzilli "Taurus" raket­ləridir. Bu barədə Almaniyanın "Spiegel" qəzeti yazıb. Nəşr yazır ki, raketlər 500 kilometrdən çox uçmağa qadirdir, yəni, onlar “Moskvaya çata” bilirlər. “Taurus” raketi təyyarə düşmənin hava hücumun­dan müdafiə sisteminin (havadan müda­fiə) əhatə dairəsinə daxil olmadan böyük məsafədə yer hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Bu cür raketləri F-16 qırıcıları daşıya bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Vo­lodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı Almaniyadan bu raketləri ölkəsinə ötürməsini istəyib. Kanslerin nümayəndəsi məlumatı şərh etməyib, la­kin Müdafiə Nazirliyi sorğunun alındığını təsdiqləyib. Hələlik, real nəticə yoxdur. Bunlar əks-hücumun effektli olması üçün çox vacibdir. Təhlilçilər bildirir ki, uğurlu əks-hücum əməliyyatı üçün bu iki silahın Ukraynaya verilməsi çox önəmlidir.

Bu arada Rusiyanın itkiləri açıqla­nıb. Son üç gündə Rusiya Ukraynada 480 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feys­bukda məlumat yayıb. Beləliklə, Rusiya­nın müharibə başlayandan bəri itkilərinin sayı 206 minə çatıb.

Bundan başqa, rusların indiyədək 3 799 ədəd tankı, 7 442 ədəd zirehli döyüş maşını, 3 406 ədəd artilleriya sistemi, 572 ədəd raket sistemi, 329 hava hücu­mundan müdafiə sistemi, 310 ədəd hər­bi təyyarəsi, 296 ədəd helikopteri, 6 172 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi-kateri, 2 941 ədəd opera­tiv-taktiki PUA və 449 ədəd xüsusi texni­kası məhv edilib.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya