Azərbaycan Turizm və Menecment Universitetində bakalavriat və magistratura (əyani) səviyyələri üzrə 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Sessiya çərçivəsində universitetdə “Açıq qapı” günü təşkil olunub və imtahanların gedişatı izlənilib.
“Açıq qapı” günündə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputatlar- Anar İsgəndərov, millət Vüqar Rəhimzadə, Elman Nəsirov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, eləcə də İmtahan qərargahının üzvləri iştirak ediblər.
İlk olaraq qonaqlara qış imtahan sessiyasının təşkili və gedişatı barədə ətraflı məlumat verilib. Daha sonra ATMU-nun rektoru İlham Mədətov tələbələrə semestr imtahanlarında və təhsildə uğurlar arzulayıb. Rektor bildirib ki, imtahan prosesinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə İmtahan qərargahı və Apellyasiya komissiyası yaradılıb, gün ərzində “Qaynar xətt” fəaliyyət göstərir. O, daxil olan bütün müraciət və şikayətlərin operativ şəkildə araşdırılacağını və aşkar edilən nöqsanların vaxtında aradan qaldırılacağını vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov imtahan prosesinin şəffaf və obyektiv şəkildə təşkil olunduğunu qeyd edərək bildirib ki, “Açıq qapı” günləri ictimai nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsinin təhsil sisteminə inamı artırdığını xüsusi vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə imtahanların mövcud normativ sənədlərin tələblərinə uyğun keçirildiyini bildirib. Deputat qeyd edib ki, ATMU-da yaradılan şərait tələbələrin rahat və stressiz mühitdə imtahan verməsinə imkan yaradır və bu, təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
ATMU-nun rektor müşaviri Fərid Cabbarlı qonaqlara qış imtahan sessiyasının təşkili, imtahanların keçirilmə mexanizmi və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib. Bildirilib ki, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin olunması əsas prioritetlərdəndir.
Qeyd edək ki, ATMU-da bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası 29 dekabr 2025-ci il tarixindən başlayaraq 5 həftə müddətində keçirilir. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunur. Üzürlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr isə fevral ayının ilk həftəsi imtahan verə biləcəklər.
İmtahan sessiyası Azərbaycan Respublikası Elm və təhsil nazirinin 11 dekabr 2024-cü il tarixli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq, universitetin dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyasına operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə ATMU-da yaradılmış İmtahan qərargahına rektor İlham Mədətov sədrlik edir. Qərargahın tərkibinə prorektorlar, Milli Məclisin deputatları, valideynlər, QHT nümayəndələri və digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti daxildir.
Z.HÜSEYNOVA
XQ



