Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetində olub.
Təhsil ocağının rektoru İlham Mədətovla səfirin görüşündə iki ölkə arasında təhsil və turizm sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, elmi məsələlər üzrə prorektor İranə Əliyeva və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova görüşdə iştirak edərək universitetin beynəlxalq əlaqələri və mövcud əməkdaşlıqları barədə məlumat veriblər. Həmçinin, Venesuela ilə Azərbaycan arasında akademik və mədəni sahədə əlaqələrin inkişafı istiqamətində atılacaq addımların əhəmiyyəti vurğulanıb.
Tərəflər arasında keçirilən müzakirələrdə tələbə və müəllim mübadiləsi, ikitərəfli akademik təşəbbüslər, birgə seminar və konfransların təşkili, eləcə də davamlı turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfir Kristofer Martinez Berroteran ATMU-nun fəaliyyətinə və beynəlxalq təcrübəsinə yüksək qiymət verərək, Venesuela ilə Azərbaycan arasında təhsil və mədəni sahədə əlaqələrin genişləndirilməsi üçün yeni imkanların yaranacağına inandığını bildirib. Venesuela ilə Azərbaycan arasında dostluq münasibətlərinin təhsil və turizm sahəsində yeni müstəviyə keçməsi baxımından mühüm bir addım kimi qiymətləndirilib.
Z.HÜSEYNOVA
XQ