Meridianlarda izimiz
Oradan isə süni intellekt layihəsi ilə “Akademik mükəmməllik” mükafatına gedən yol
... Oğuzlu Xanlar Atakişiyev ötən əsrin səksəninci illərində Tibb İnstitutunun təyinatı ilə Qəbələnin Mirzəbəyli kəndinə göndərilmişdi. Bu sadə, səmimi, ən başlıcası peşəsini ürəkdən sevən gənc təyinat müddəti başa çatanda Oğuza qayıtmağı planlaşdırırdı. Kənd camaatının xahişi ilə atam Məmmədcan Qaçayevin müxtəlif ünvanlara israrlı müraciətlər etməsi doktor Atakişiyevin nəinki Oğuza gedən yolunun “bağlanmasına” səbəb olmuşdu, hətta onun dəvət olunduğu rayon xəstəxanasına getməsi də ləngidilmişdi. Yəni bu gənc həkimi kənd sakinləri çox sevirdilər. Beləliklə, indi rayon xəstəxanasında çalışan Xanlar həkim birdəfəlik Mirzəbəyli sakini olmuşdu.
Ancaq bu sətirlər həkimin özü haqqında yox, onun Mirzəbəyli kənd məktəbinə, Qəbələyə və ümumiyyətlə, ölkəmizə üz ağlığı gətirən oğlu Şahin Atakişiyev haqqındadır. Bu yaxınlarda “Oxu.az” saytında Şahin Atakişiyevin okeanın o tayında qazandığı uğurlar haqqında bir yazı gördüm. Dərhal onun qardaşı Fazilə zəng etdim. Fazilin öz qardaşı haqqında qürurla danışdıqlarını eşitdikcə, mən də qürurlandım, fəxr elədim.
– Qardaşım orta təhsilini İlham Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbində alıb. 2010-cu ildə 645 balla o zamankı Qafqaz Universitetinin Kompüter mühəndisliyi (ingiliscə) ixtisasına qəbul olub və 2015-ci ildə bakalavr dərəcəsi ilə məzun olub. 2019-cu ilin sentyabrında Alberta Universitetində doktorantura təhsilinə başlayıb və artıq doqquz ildir ki, Kanadadadır. O, bu il Kanadadan bizə zəng edərək Alberta Universitetinin Kompüter Elmləri Departamentində tədqiqat layihəsinin 2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görüldüyünü deyəndə nə qədər sevindiksə, bir Allah bilir.
Şahinin doktorluq dissertasiyasının mövzusu “Sürücüsüz avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının hazırlanması” adlanır. Bu mövzunu o özü seçməmiş, elmi rəhbəri məsləhət görmüşdü. Qardaşım kanadalı elmi rəhbərinin etimadını yüksək səviyyədə doğrultmuşdur. Şahin bizə danışır ki, son vaxtlar dünyanın bir sıra inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Yaponiya, İngiltərə, Almaniya, Çin və s.) bu avtomobillərin istehsal olunmasına çox böyük maraq yaranıb. Bunun səbəbi isə avtonom və ya yarıavtonom maşınların süni intellekt vasitəsilə daha təhlükəsiz qərarlar verməsi, insan xətası səbəbindən yaranan qəzaların sayını minimuma endirmə perspektivinin olması və yollarda tıxacları əhəmiyyətli dərəcədə azaltması potensialıdır.
Təəssüf ki, bir neçə il əvvələdək insanlar süni intellekt əsaslı sürücüsüz avtomobillərin real zamanda qərarlar verə biləcəyinə inanmırdılar. Ona görə də belə avtomobillərin iştirakı ilə qəzalar baş verəndə hadisədə günahın sürücüsüz avtomobildə, yoxsa qarşı tərəfdə olduğu həmişə mübahisə yaradırdı. Qardaşım bu problemin ciddiliyini və insanlar üçün faydasını nəzərə alaraq, beş il bu mövzu üzərində işləyərək, avtonom avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının nəzəri konseptlərini, bu konseptlərin eksperimental yolla həllini yolunu tapıb. Nəhayət, 2024-cü ilin sentyabrında bu mövzu üzrə dissertasiyanı müdafiə edərək doktorluq dərəcəsi alıb.
Daha maraqlı məqam isə odur ki, qardaşımın dissertasiyası Kanada, Yaponiya və İspaniyadan olan altı professordan ibarət dissertasiya komissiyasının yekdil qərarı ilə 2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görülüb. Üstəlik, qardaşımın elektron poçtuna universitetin müvafiq departamentindən göndərilən məktubda yazılıəb ki, sizin elmi işiniz orijinallığı və avtonom maşınların daha da şəffaf və təhlükəsiz qərarlar verməsinə dair qatqılarına görə komitə tərəfindən “Ən yaxşı doktor dissertasiyası” mükafatına layiq görülür.
Xatırladaq ki, 40 mindən çox tələbəsi olan Alberta Universitetində bütün ixtisaslar üzrə hər il təxminən 400-450 doktorant məzun olur və bunlardan ən yüksək qatqılarına görə fərqlənən dörd-beş doktorantın dissertasiyası qeyd edilən mükafata layiq görülür. Qardaşımımn bu uğurları ilə fəxr edirik.
Ötən ilin noyabrında isə qardaşım uğurlu tədqiqatlarına görə “Akademik mükəmməllik” mükafatına layiq görülmüşdü. Dəyəri 12 min dollar vəsait olan həmin mükafat magistr və doktorantura səviyyəsində tədqiqat işi zamanı yüksək nəticələr əldə edən tələbələrə verilir.
Şahin Atakişiyev hazırda Kanadada texnologiya şirkətində və Alberta Universitetində işləyir. Qardaşı Fazilin dediklərinə görə bu qeyri-adi istedada malik soydaşımız uzaq Kanada ölkəısində çoxsaylı uğurlara imza atmasına baxmayaraq, nə zamansa Azərbaycana qayıtmaq, öz bilik və bacarığını, ölkəmizə, xalqımıza və dövlətimizə xidmətdə reallaşdırmaq arzusu ilə yaşayır.
P.S. Biz, “Xalq qəzeti” olaraq, bu istedadlı soydaşımızı təbrik edirik! Eləcə də, qəzetimizin oxucularına və “Xalq TV”nin tamaşaçılarına söz veririk ki, Lütvi Zadə davamçısı olan bu gənc alim Bakıya gələn kimi onu redaksiyamıza və studiyamıza dəvət edəcəyik.
İttifaq MİRZƏBƏYLİ